“Azərbaycan Yerüstü Nəqliyat Agentliyi (AYNA) rəhbərliyinin 2030-cu ilə qədər Bakıda nəqliyyat sıxlığının azalacağı ilə bağlı açıqlaması nəzəri baxımdan mümkündür, amma bunun reallığa çevrilməsi bir neçə vacib şərtdən asılı olacaq”.
Bu sözləri “Yeni Sabah”a açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Adil Nəbiyev bildirib.
Onun fikrincə, paytaxtda avtomobil sayı hər il artdığı halda, sadəcə yeni yol çəkməklə problemi tam həll etmək mümkün deyil: pizza sifarişi
“Dünyanın bir çox şəhərindəki təcrübə göstərir ki, yol genişləndikdən bir müddət sonra yenidən dolur. Ona görə 2030 proqnozunun real olması üçün əsas dəyişiklik insanların şəxsi avtomobildən ictimai nəqliyyata keçməsində olmalıdır. Əgər bu keçid baş verməsə, sıxlığın ciddi azalması çətindir”.
Ekspert əlavə edib ki, Bakı-Sumqayıt istiqamətində sürətli şəhərətrafı nəqliyyat sistemi bu məsələdə çox böyük rol oynaya bilər:
“Sıxlığın azalması ilk növbədə metro və avtobus sisteminin sürətli, rahat və etibarlı işləməsi hesabına mümkün ola bilər. Hazırda insanların böyük hissəsi avtomobildən imtina etmək istəmir, çünki ictimai nəqliyyatda vaxt itkisi, interval problemləri və sıxlıq var. Əgər avtobuslar xüsusi ayrılmış və fasiləsiz zolaqlarla hərəkət etsə, metro xətləri genişlənsə, dayanacaqlarda real vaxt məlumat sistemi tam işləsə və ödəniş inteqrasiyası rahatlaşsa, bu minlərlə insanın seçimini dəyişə bilər. Xüsusilə Bakı-Sumqayıt istiqamətində sürətli şəhərətrafı nəqliyyat sistemi bu məsələdə çox böyük rol oynaya bilər. Bundan əlavə, “Park et və davam et” modeli tətbiq olunarsa, insanlar maşını şəhər kənarında saxlayıb metro və ya ekspress avtobusla mərkəzə keçə bilər”.
A.Nəbiyev vurğulayıb ki, paytaxtın bir sıra küçə və prospektlərində sıxlığı aradan qaldırmaq mümkündür:
“İctimai nəqliyyatda gözlənilən əsas dəyişikliklərə yeni avtobus zolaqları, elektrik avtobuslarının artırılması, bəzi marşrutların optimallaşdırılması və metro infrastrukturunun genişləndirilməsi daxildir. Eyni zamanda rəqəmsal idarəetmə sistemlərinin tətbiqi də vacibdir. Dünyada artıq bir çox şəhərdə süni intellektlə işləyən svetofor sistemləri yol yükünü real vaxt rejimində analiz edib axını yönləndirir. Bakı da buna keçsə, xüsusilə “20 Yanvar” dairəsi, Tbilisi, Ziya Bünyadov prospekti və şəhər mərkəzi kimi yüklü nöqtələrdə müəyyən azalma ola bilər. Taksi və parklanma siyasətində dəyişikliklər də gözlənilir. Çünki bəzi küçələrdə ikinci sıra dayanma və nəzarətsiz parklanma yolun ötürücülüyünü ciddi azaldır”.

A.Nəbiyev son olaraq bildirib ki, ümumiyyətlə tıxacı azaltmağın yollları regionlarda iş yerlərinin açılmasıdır:
“Əgər gözlənilən nəticə əldə olunmasa, alternativ həll yolları da mümkündür. Məsələn, bəzi ölkələrdə şəhər mərkəzinə giriş ödənişli edilir və bu, şəxsi avtomobil istifadəsini azaldır. Digər variant pik saatlarda müəyyən küçələrin yalnız ictimai nəqliyyat üçün ayrılmasıdır. Uzaq perspektivdə isə şəhərin inkişaf modelinin dəyişməsi vacib ola bilər. Yəni bütün iş yerlərinin və dövlət qurumlarının mərkəzdə cəmlənməsi əvəzinə, şəhərin müxtəlif hissələrində yeni biznes və inzibati mərkəzlər yaradılmalıdır. Əks halda hər səhər yüz minlərlə insanın eyni istiqamətə hərəkət etməsi davam edəcək. Əslində Bakı üçün əsas məsələ sadəcə “tıxac açmaq” deyil - şəhərin nəqliyyat fəlsəfəsini dəyişməkdir. İnsan avtomobilsiz də rahat, sürətli və təhlükəsiz hərəkət edə bildiyini hiss etməlidir. Yalnız bu halda 2030-cu il hədəfi real nəticəyə çevrilə bilər. Ümumiyyətlə tıxacı azaltmağın yollları regionlarda iş yerlərinin açılmağıdır”.
Qeyd edək ki, AYNA sədri Anar Rzayev bildirib ki, Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində geniş layihələr həyata keçirilir. Bu layihələr tamamlandıqdan sonra paytaxtda nəqliyyat yükünün azalacağı gözlənilir.
Cəlalə Cəlalqızı
Telegram kanalımız