Ailələri dağıdan görünməz təhlükə - Psixoloq sirrləri açıqladı

saytların hazırlanması

Evə çatdırılma

Ailələri dağıdan görünməz təhlükə - Psixoloq sirrləri açıqladı

Sosial

20 Oktyabr 2026 13:11 120


“Məncə, ailədə insanı ən çox incidən şeylərdən biri odur ki, bir vaxtlar hər şeyini danışdığı insanla bir müddət sonra danışmağa sözü qalmır. Əvvəllər gün ərzində başına gələn ən kiçik hadisəni belə bölüşmək istəyirdi, indi isə evə gələndə heç nə danışmadan öz otağına çəkilir. Və bu dəyişiklik, adətən, bir gündə baş vermir...”

Bu sözləri “Yeni Sabah”a ailə və yeniyetmə psixoloqu Fəridə Şərifova deyib. 

Psixoloqun fikrincə, ər-arvad münasibətində yalnız eyni evdə yaşamaq deyil, bir-birinin həyatında iştirak etmək də vacibdir: Dördpendirli pizza

“Ailə həyatında elə bir dövr başlayır ki, insanlar sevgidən çox məsuliyyətləri haqqında düşünməyə başlayırlar. Uşaqlar, iş, ev, borclar, gündəlik qayğılar… Hər kəs nəyəsə çatmağa çalışır. Bəzən günün sonunda o qədər yorulurlar ki, bir-birlərinə ayırmağa nə enerjiləri, nə də səbrləri qalır. Əvvəlcə bunu müvəqqəti hesab edirlər. Düşünürlər ki, çətinliklər keçsin, yenə əvvəlki kimi olacağıq. Amma həmin müddətdə münasibət səssiz-səssiz arxa plana keçir.

Məsələn, qadın gün ərzində uşaqlarla bağlı çox yorucu bir hadisə yaşayıb. Axşam həyat yoldaşına danışmaq istəyir. Kişi isə işdəki problemlərdən yorulub və deyir: “İndi başımı ağrıtma, onsuz da yorğunam”. Bəlkə də o, həqiqətən yorğundur və həyat yoldaşını incitmək niyyətində deyil. Amma qadın həmin anda başqa bir şey hiss edir: “Mənim yaşadıqlarım onun üçün maraqlı deyil”. Bu hadisə bir dəfə baş verəndə bəlkə də əhəmiyyətsiz görünür. Amma dəfələrlə təkrarlananda insan danışmaqdan vaz keçir. Əslində, insanın daxilində belə bir ehtiyac var: mənim hisslərim bu insan üçün əhəmiyyətlidir, mən onun yanında özümü rahat ifadə edə bilərəm. Bu hiss zəifləyəndə insan tədricən öz dünyasına çəkilir”.

Psixoloq vurğulayıb ki, zaman keçdikcə susmaq münasibətin ayrılmaz hissəsinə çevrilir:

“Bizim cəmiyyətdə ailəni qorumaq, dözmək, çətinliklərə səbir etmək çox vaxt müsbət xüsusiyyətlər kimi qiymətləndirilir. Bu, əlbəttə, vacibdir. Amma bəzən dözməklə yanaşı, insan öz hisslərini ifadə etməyi də unudur. İncikliyini demir, ehtiyacını bildirmir, mübahisə yaranmasın deyə susur. Sonra həmin susqunluq münasibətin bir hissəsinə çevrilir. Mən düşünürəm ki, ər-arvad münasibətində təkcə eyni evdə yaşamaq yox, bir-birinin həyatında iştirak etmək də vacibdir. Həyat yoldaşının nə düşündüyünü, nədən qorxduğunu, nəyə sevindiyini bilmək lazımdır. Bəzən bir insanın ehtiyacı sadəcə danışmaq, digərinin ehtiyacı isə dinlənildiyini hiss etməkdir. Bəzən ər-arvad bir-birindən ona görə uzaqlaşmır ki, artıq sevgiləri yoxdur. Sadəcə, gündəlik həyatın içində bir-birlərinə ayırdıqları yeri itirirlər. Və bu məsafəni azaltmaq üçün bəzən böyük dəyişikliklərdən əvvəl kiçik bir diqqəti geri qaytarmaq lazımdır.

Fəridə Şərifovanın sözlərinə görə, pul problemi də ailədə narahatlıq yaradır, insanı həm yorur, həm də özünü yetərsiz hiss etdirir:

“Mən bu məsələyə baxanda düşünürəm ki, maddi çətinliklərin ailəyə təsirini yalnız xərclərin artması ilə izah etmək düzgün olmaz. Çünki pul problemi insanın daxilində də müəyyən hisslər yaradır: narahatlıq, qorxu, özünü yetərsiz hiss etmək, gələcək haqqında düşünərkən rahatlığını itirmək. Xüsusilə ailəsini maddi cəhətdən təmin etməyi özünün əsas vəzifəsi hesab edən kişi üçün bu vəziyyət ağır ola bilər. Gəliri ailənin ehtiyaclarına çatmayanda, övladının istədiyini ala bilməyəndə və ya borcları ödəməkdə çətinlik çəkəndə bunu bəzən öz uğursuzluğu kimi yaşayır. Amma həmin hissləri həyat yoldaşı ilə bölüşmək əvəzinə susur, əsəbiləşir, bəzən də ən yaxın insanına qarşı sərt davranır. Digər tərəfdən, qadın da evin, uşaqların, gündəlik məsuliyyətlərin içində özünü tükənmiş hiss edə bilər. O da həyat yoldaşından dəstək və anlayış gözləyir. Beləcə, iki yorğun insan bir-birinə sığınmaq əvəzinə, bəzən bir-birinin yarasını daha da dərinləşdirir. Məsələn, ailədə maddi sıxıntı var və qadın uşağın məktəb xərcləri haqqında danışmaq istəyir. Kişi bunu eşidəndə əsəbiləşir: “Elə bilirsən, mən bunları düşünmürəm? Mən də əlimdən gələni edirəm!” Qadın isə özünü günahkar hiss edir, sanki ailəsinin ehtiyaclarını dilə gətirməklə həyat yoldaşına təzyiq göstərir. Halbuki onun məqsədi həyat yoldaşını incitmək deyil, sadəcə, narahatlığını bölüşməkdir.

Burada bir-birini anlamaq üçün vacib bir məqam var: bəzən qarşımızdakı insanın sərt davranışının arxasında onun ifadə edə bilmədiyi qorxu və narahatlıq dayanır. Bu, sərt davranışa haqq qazandırmır, amma problemin kökünü anlamağa kömək edir”.

Psixoloq bildirib ki, insan bəzən qorxu və narahatlığını əsəbi davranışla göstərir, amma bu, qarşı tərəfi incitməyə haqq qazandırmır:

“Maddi çətinliklər də realdır və onları yalnız sevgi, səbir və xoş sözlərlə həll etmək mümkün deyil. Ailənin gəlir və xərclərini planlaşdırmaq, məsuliyyətləri bölüşmək, lazım gəldikdə əlavə dəstək yolları axtarmaq vacibdir. Amma bütün bunlarla yanaşı, tərəflər bir-birinə hiss etdirməlidirlər ki, bu çətinliyin içində heç kim tək deyil. Məncə, ailədə çox vacib bir fərq var: bir insanın ailəsi üçün çalışması onun sevgisini göstərməsinin bir yoludur, amma qarşı tərəfin emosional ehtiyaclarını da görmək lazımdır. Eyni şəkildə, evdə uşaqlara və gündəlik qayğılara sərf edilən zəhmət də görünməli və qiymətləndirilməlidir.

Bəzən insana “Mən də sənin nə qədər çətinlik çəkdiyini görürəm” demək çox şeyi dəyişə bilər. Çünki insan bütün problemlərinin dərhal həllini gözləməyə bilər, amma heç olmasa, həmin problemlərin içində tək qalmadığını hiss etmək istəyər. Ailə çətinliksiz həyat demək deyil. Ailə çətinliklərin içində bir-birinə qarşı yox, bir-birinin yanında qala bilməkdir”.

Bəs belə vəziyyətdə münasibəti düzəltmək mümkündür, yoxsa artıq gecdir?

Onun sözlərinə görə, münasibətlərin bərpası hər ailədə fərqli yanaşma tələb edir:

“Mən düşünürəm ki, bu suala hər ailə üçün eyni cavabı vermək olmaz. Çünki bəzən münasibət sadəcə yorğunluqdan, ünsiyyətin azalmasından və gündəlik qayğıların çoxalmasından zədələnir. Bəzən isə illərlə yığılan incikliklər, etibarın itməsi və təkrarlanan problemlər insanları çox uzaqlaşdırır. Amma bir şeyi bilirəm: münasibətin soyuması ilə münasibətin tamamilə bitməsi eyni şey deyil. Əsas məsələ tərəflərin bu vəziyyəti görüb-görməməsi və nəyisə dəyişmək istəyib-istəməməsidir.

Məsələn, bir qadın illərdir həyat yoldaşına onunla daha çox vaxt keçirmək istədiyini deyir. Kişi isə hər dəfə “Mən bütün günü sizin üçün işləyirəm, daha nə istəyirsən?” cavabını verir. Kişi öz sevgisini ailəni təmin etməklə göstərdiyini düşünür. Qadın isə onun yanında oturmasını, söhbət etməsini, bəzən sadəcə əlindən tutmasını istəyir. Burada hər ikisi özünü haqlı hesab edə bilər. Amma bir-birlərinin nə demək istədiyini anlamağa çalışsalar, görəcəklər ki, əslində hər ikisi münasibətdə dəyərli olmaq istəyir, sadəcə, bunu fərqli şəkildə ifadə edir. Belə vəziyyətdə dəyişiklik bir söhbətlə başlaya bilər. Məsələn, tərəflərdən biri belə deyə bilər: “Mən sənin mənim üçün etdiklərini görürəm. Amma son vaxtlar səninlə əvvəlki kimi yaxın olmadığımız üçün darıxıram. İstəyirəm, bir-birimizə yenidən vaxt ayıraq”.

Bu cümlə qarşı tərəfi günahlandırmır, onun zəhmətini də inkar etmir. Eyni zamanda, insan öz ehtiyacını gizlətmir. Bəzən münasibətdə ən çətin addım elə budur: incikliyi hücuma çevirmədən ifadə etmək. Sonra kiçik, amma davamlı addımlar atmaq olar. Məsələn, axşamlar 15 dəqiqə yalnız bir-biri ilə söhbət etmək, həftədə bir dəfə birlikdə gəzmək, ev işlərini yenidən bölüşdürmək, inciklik yarananda günlərlə susmaq əvəzinə sakitləşdikdən sonra danışmaq. Bunlar sadə görünə bilər, amma münasibətdə yaxınlıq məhz belə gündəlik davranışlarla qorunur.

Əlbəttə, münasibəti bərpa etmək yalnız bir nəfərin üzərinə düşməməlidir. Bir insan davamlı çalışır, digər tərəf isə onu eşitmək və dəyişmək istəmirsə, bu, daha mürəkkəb vəziyyətdir. Belə hallarda ailə psixoloqunun dəstəyi tərəflərin münasibətdə baş verənləri daha aydın görməsinə kömək edə bilər. Zorakılıq və qorxu olan münasibətlərdə isə ilk növbədə təhlükəsizlik düşünülməlidir.

Bəzəm insanlar ailələrinin dağılmaması üçün hər şeyi edirlər, amma münasibətlərinin içəridən necə dəyişdiyini görmürlər. Evin ehtiyacları qarşılanır, uşaqların qayğısına qalınır, gündəlik həyat davam edir. Amma ər-arvadın bir-birinə yaxınlığı yavaş-yavaş azalır. Halbuki ailə yalnız bir damın altında yaşamaq deyil. Həmin damın altında özünü rahat, dəyərli və sevilən hiss edə bilməkdir. Münasibətin düzəlməsi həmişə əvvəlki günlərə qayıtmaq demək deyil. Bəzən bu, bir-birini daha yaxşı tanıyaraq, səhvləri qəbul edərək və yeni davranışlar quraraq daha sağlam münasibət yaratmaq deməkdir. Bəzən ailəni dəyişən böyük vədlər deyil, insanın hər gün öz həyat yoldaşına verdiyi kiçik bir hissdir: “Sən mənim üçün hələ də vacibsən və mən bu münasibətin içində səninlə birlikdə olmaq istəyirəm”.

Əsmətxanım Rzazadə


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!