Maliyyə Nazirliyi dövlət maliyyəsinin idarə edilməsində süni intellekt texnologiyalarının tətbiqini genişləndirib.
“Yeni Sabah” xəbər verir ki, “Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin (RDMİS) “e-müqavilə” altsistemində “RDMİS AI” adlı virtual dəstək köməkçisi istifadəyə verilib.
Yeni sistem dövlət qurumlarına, satınalan təşkilatlara, təchizatçılara və digər istifadəçilərə elektron müqavilələrlə bağlı suallarına operativ cavab almaq imkanı yaradacaq. pizza mizza
“RDMİS AI” vasitəsilə istifadəçilər “e-müqavilə” altsisteminin funksional imkanları, elektron müqavilələrin rəsmiləşdirilməsi və idarə olunması, sistemdən istifadə qaydaları, eləcə də bu sahəni tənzimləyən qanunvericiliyin müddəaları barədə məlumat əldə edə biləcəklər.
Süni intellekt əsaslı köməkçinin tətbiqinin təkrarlanan müraciətlərin azaldılmasına, texniki və metodoloji dəstək proseslərinin optimallaşdırılmasına, elektron müqavilə əməliyyatlarının daha sürətli və səmərəli həyata keçirilməsinə xidmət edəcəyi bildirilir.
Qeyd olunub ki, “RDMİS AI” istifadəçi sorğuları, sistemdən istifadə nəticələri və rəylər əsasında davamlı təkmilləşdiriləcək. Gələcəkdə köməkçinin funksional imkanlarının mərhələli şəkildə genişləndirilməsi nəzərdə tutulur.
Cəlalə Cəlalqızı
Telegram kanalımız