Ali Məhkəmənin Plenumu podrat müqavilələrindən irəli gələn mübahisələr üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi məqsədilə yeni qərar qəbul edib.
"Yeni Sabah" xəbər verir ki, qərarda podrat müqaviləsinin hüquqi mahiyyəti, kommersiya subyektləri arasında belə müqavilələrin forma tələbləri, eləcə də “Dövlət satınalmaları haqqında” Qanunun tələblərinə əməl edilməməsinin mülki-hüquqi nəticələri ilə bağlı mühüm hüquqi mövqelər əksini tapıb.
Qərarda podrat müqaviləsinin podratçının müəyyən işi yerinə yetirməsi, sifarişçinin isə bunun müqabilində razılaşdırılmış haqqı ödəməsi öhdəliyini nəzərdə tutduğu bildirilib. Müqavilənin əsas xüsusiyyəti görülən işin konkret nəticəsinin sifarişçiyə təhvil verilməsidir. Toyuqlu pizza
Plenum podrat müqaviləsi ilə xidmət müqaviləsi arasındakı fərqlərə də aydınlıq gətirib. Qeyd olunub ki, podrat münasibətlərində əsas məqsəd gözlə görünən və ya maddiləşə bilən, o cümlədən elektron formada təqdim olunan konkret nəticənin əldə edilməsidir. Tikinti, təmir, yol çəkilişi, avadanlığın quraşdırılması və kompüter proqramının hazırlanması buna nümunədir.
Xidmət müqaviləsində isə əsas məqsəd konkret maddiləşən nəticənin yaradılması deyil, sifarişçiyə müəyyən fayda və ya kömək göstərən fəaliyyətin həyata keçirilməsidir. Mühafizə, təmizlik, hüquqi, mühasibatlıq və tədris xidmətləri bu qəbildəndir.
Ali Məhkəmə vurğulayıb ki, müqavilənin hüquqi mahiyyəti yalnız onun adına əsasən müəyyən edilməməlidir. Tərəflərin real öhdəlikləri, müqavilənin faktiki məzmunu və əldə olunması nəzərdə tutulan nəticə nəzərə alınmalıdır.
Plenum kommersiya subyektləri arasındakı podrat münasibətlərinin yazılı formada rəsmiləşdirilməsinin zəruriliyini də qeyd edib. Bildirilib ki, kommersiya münasibətlərinin mürəkkəb və riskli xarakteri tərəflərin hüquq və öhdəliklərinin dəqiq müəyyənləşdirilməsini və daha yüksək sübutetmə standartının tətbiqini tələb edir.
Qərarda “Dövlət satınalmaları haqqında” Qanunun tətbiq olunduğu podrat işləri üzrə şifahi müqavilələrin bağlanmasına yol verilmədiyi xüsusi vurğulanıb.
Qanunun tələblərinə əməl edilmədən bağlanan, o cümlədən şifahi formada bağlanan müqavilələrin etibarsız olduğu bildirilib. Belə hallarda əqdin etibarsızlığının nəticələrinin və əsassız varlanma qaydalarının tətbiqi, bir qayda olaraq, istisna edilir.
Ali Məhkəmə bununla bağlı qeyd edib ki, qanunvericiliyin tələblərini bilərəkdən pozaraq hüquq münasibətlərinə daxil olan şəxslər üçün qanundan irəli gələn hüquq və mənafelər yaranmır. Əks halda, müqavilənin hüquqi əsası dəyişdirilməklə həmin müqavilə üzrə pul vəsaitlərinin faktiki ödənilməsi təmin edilmiş olar ki, bu da dövlət satınalmaları haqqında qanunvericiliyin pozulmasına şərait yarada bilər.
Bununla yanaşı, Plenum bəzi hallarda istisnaların mümkün olduğunu bildirib. Belə ki, podratçının fəaliyyət sahəsi və müddəti, əvvəllər dövlət qurumları ilə müqavilə münasibətlərinin olub-olmaması, habelə satınalma qanunvericiliyindən məlumatlı olub-olmaması nəzərə alınmalıdır.
Şəxsin müqavilənin qanunsuz olduğunu bilmədiyi, bunu bilməyə imkanının olmadığı və vicdanlı davrandığı müəyyən edilərsə, çəkdiyi xərclərin dəyəri orta bazar qiymətləri əsasında hesablanaraq əsassız varlanma qaydalarına uyğun dövlət orqanından tutula bilər.
Qərarda həmçinin bu qəbildən olan işlərə baxılarkən dövlət orqanının vəzifəli şəxslərinin hərəkətlərində cinayət əlamətləri aşkar edilərsə, Mülki Prosessual Məcəllənin 265.4-cü maddəsinə əsasən xüsusi qərardad qəbul edilməsinin zəruriliyi qeyd olunub.
Ali Məhkəmə podrat münasibətlərində hüquqi risklərin qarşısının alınması üçün müqavilələrin qanunvericiliyin tələblərinə uyğun hazırlanmasını tövsiyə edib. Qeyd olunub ki, müqavilə bağlanarkən peşəkar hüquqi yardımdan istifadə edilməsi sonradan yarana biləcək məhkəmə mübahisələrinin və əlavə xərclərin qarşısını almağa kömək edə bilər.
Aytac Əliyeva
Telegram kanalımız