AQTA-nın heyvanların daşınması ilə bağlı rəsmi açıqlaması ictimai reaksiyalara səbəb olub.
“Yeni Sabah” xəbər verir ki, Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bundan sonra ölkəyə idxal olunan heyvanların yalnız ixtisaslaşdırılmış nəqliyyat vasitələri ilə daşınmalı olduğu barədə qərar verib.
“İstifadə olunan avtomobillər mütləq şəkildə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının "Quruda yaşayan heyvanların sağlamlıq məcəlləsi"nin tələblərinə cavab verməlidir. Yeni qaydaların 2027-ci ildən tam tətbiqi nəzərdə tutulub. Bu müddətədək isə heyvanların uyğunlaşdırılmış avtomobillərdə yalnız bir mərtəbədə daşınmasına icazə verilir. Maksimum yüklənmə norması iribuynuzlu heyvanlar üçün 60, xırdabuynuzlu heyvanlar üçün isə 150 baş müəyyən edilib. Başqa sözlə, ölkəyə diri heyvan gətirilərkən avtomobillərə əvvəlki sayda heyvan yüklənməsinə icazə verilməyəcək”, - məlumatda bildirilir. Sezar pizza
Axar.az bildirir ki, iqtisadçı ekspert Natiq Cəfərli isə bunu aşırı tənzimləmə, AB-nin səhvlərinin təkrarlanması, sahibkarlara yaradılan maneə kimi qiymətləndirib. Vurğulanıb ki, bu qərar ətin bahalaşmasını sürətləndirəcək.
AQTA isə belə bir cavab göndərib: “Qəbul edilmiş qərarın məqsədi sahibkarlıq fəaliyyətinə əlavə məhdudiyyətlər yaratmaq deyil, ölkənin epizootik təhlükəsizliyinin gücləndirilməsi, xüsusi təhlükəli yoluxucu heyvan xəstəliklərinin ölkə ərazisinə keçməsi riskinin azaldılması və heyvan rifahı üzrə beynəlxalq standartların tətbiqinin təmin edilməsidir".
N.Cəfərli AQTA-nın bu cavabını məntiqsiz adlandırıb.
“1. Qərar məhz sahibkarlığa əlavə məhdudiyyətlər yaradır!
2. Heyvan xəstəliklərinə nəzarət onun hansı maşında daşınmasından asılı deyil, xəstə heyvanı "Maserati"də daşıyanda sağalmır. Xəstə heyvanlar manual və vizual olaraq sərhəddə müəyyən edilir, xüsusi maşına xəstə heyvan minəndə o maşın siqnal çalıb, fəryad etmir! Xəstəlik heyvandan-heyvana keçir, hansı maşında daşınmasından asılı olmayaraq belədir, yəni xüsusi maşında daşınan xəstə heyvan, "ayıbdır, gül kimi maşındır, öz xəstəliyimi başqasına keçirməyəcəm” kimi dərin, fəlsəfi düşüncələrə qərq olmur!
3. Açıqlamada bu "rifah" məsələsini çox bəyəndim! AQTA, yəqin ki, bu sözün mənasını bilmir, yoxsa belə absurd ifadə işlətməzdi. Bəlkə AQTA elə bilir ki, heyvancığazı maşına mindirib unversitetə imtahan verməyə aparırlar?! Heyvanı kəsməyə aparırlar, nə rifah, nə beynəlxalq standart?!” – ekspert qeyd edib.
Telegram kanalımız