Bəzi ailələrdə valideynlər dünyasını dəyişdikdən sonra miras bölgüsü ciddi mübahisələrə səbəb olur. Xüsusilə qız övladlarının miras hüququ ilə bağlı mübahisələrə rast gəlinir. Bəzi valideynlər əmlakın yalnız oğlan övladlarına qalmasını istəyir, qızların isə ailə qurduqdan sonra başqa evə köçməsini əsas gətirirlər. Hətta bəzi hallarda qızlardan könüllü şəkildə miras payından imtina etmələri tələb olunur.
“Yeni Sabah” vəkil Turan Abdullazadə ilə müsahibəni təqdim edir:
- Azərbaycan qanunvericiliyinə əsasən qız və oğlan övladlarının miras hüquqları arasında fərq varmı? Məişət texnikası
- Xeyr, heç bir fərq yoxdur və bunu açıq demək lazımdır. Konstitusiyamız kişi ilə qadının bərabərliyini təsbit edir, Mülki Məcəllə də vərəsəliyi cinsə görə ayırmır. Qanun üzrə vərəsəlikdə övladlar, sağ qalan həyat yoldaşı və valideynlər birinci növbəyə aiddir. Eyni növbədə olan vərəsələr mirası bərabər paylarla alırlar. Yəni qızın ailə qurub başqa evə köçməsi, soyadını dəyişməsi və ya ayrıca yaşaması onun payına heç bir təsir göstərmir. “Qız köçəri qonaqdır” kimi yanaşma adət ola bilər, amma hüquqi əsası yoxdur. Notarius da, məhkəmə də mirası bölərkən yalnız qanunu əsas götürür. Əslində insanların beynində bu yanlış streotipin formalaşmasına səbəb dini mətnlərdə qadınla kişiyə çatası payın fərqli olmasıdır. Lakin qanunvericilik məsələyə tamamilə başqa prizmadan yanaşır.
- Valideyn vəfat etdikdən sonra qız övladı mirasdan hansı hallarda pay ala bilər?
- Əgər valideyn vəsiyyət etməyibsə, miras qanun üzrə bölünür və qız övladı oğlan qardaşı ilə tam bərabər pay alır. Burada xüsusi şərt yoxdur. Vəsiyyət varsa, əmlak vəsiyyətdə göstərildiyi kimi bölünür. Amma bu halda da qanun müəyyən şəxsləri qoruyur. Valideyn vəsiyyətdə qızı mirasdan kənarlaşdırsa belə, qızın məcburi paya hüququ var. Bu pay qanun üzrə vərəsəlikdə ona düşəcək payın ən azı yarısı qədərdir və vəsiyyətlə ləğv edilə bilməz.
- Ailə üzvləri qız övladını mirasdan imtina etməyə məcbur edə bilərlərmi?
- Qətiyyən yox. Mirasdan imtina şəxsin yalnız öz azad iradəsi ilə edə biləcəyi hərəkətdir. Heç kim, nə ana, nə qardaş, nə də digər qohumlar qızı buna məcbur edə bilməz. Təəssüf ki, praktikada bu, açıq məcburiyyət kimi yox, “ayıbdır”, “qardaşınla ədavət salma”, “ata evini parçalama” kimi mənəvi təzyiqlə edilir. Qadın bəzən ailəsini itirməmək üçün imza atır. Hüquqi baxımdan isə hədə, zorakılıq və ya aldatma yolu ilə edilmiş imtina etibarsız sayıla bilər.
- Qız övladı öz hüququndan xəbərsiz olduğu və ya ailə təzyiqi ilə imtina etdiyi halda sonradan payını tələb edə bilərmi?
- Burada iki fərqli vəziyyət var. Əgər qadın heç bir imtina sənədi imzalamayıbsa, sadəcə hüququndan xəbərsiz olub və qardaşları əmlakı öz adlarına rəsmiləşdiriblərsə, o, öz payını tələb etmək üçün notariusa və ya məhkəməyə müraciət edə bilər. Yeni qaydaya görə imtina etməyən vərəsə mirası əldə etmiş sayılır, bu da onun mövqeyini xeyli gücləndirir.
Əgər imtina sənədi imzalanıbsa, ümumi qayda budur ki, mirasdan imtina sonradan geri götürülə bilməz. Ancaq imtinanın hədə, zorakılıq, aldatma və ya ciddi yanılma altında edildiyini sübut etmək mümkündürsə, məhkəmə qaydasında bu imtinanın etibarsız sayılmasını tələb etmək olar. Bunun üçün sübutlar vacibdir: şahid ifadələri, yazışmalar, səs yazıları, təzyiqi göstərən digər faktlar. Bir də müddətləri nəzərə almaq lazımdır. Belə iddialar üçün qanunda iddia müddətləri var, ona görə də hüququnun pozulduğunu bilən qadın gecikmədən müraciət etməlidir.
- Valideyn sağlığında əmlakını yalnız oğlan övladına bağışlaya və ya vəsiyyət edə bilərmi? Bu zaman digər övladların razılığı vacibdirmi?
- Bəli, bağışlaya bilər. Əmlakın mülkiyyətçisi sağlığında onu istədiyi şəxsə bağışlaya bilər və bunun üçün digər övladların razılığı tələb olunmur. Bağışlanmış əmlak valideyn vəfat edənə qədər 2 il müddət keçərsə, artıq əmlak onun mülkiyyətində olmadığı üçün miras tərkibinə daxil olmur.
Lakin iki mühüm məhdudiyyət var. Birincisi, vəsiyyət məcburi pay hüququ olan şəxslərin hüququnu ləğv edə bilməz. Yetkinlik yaşına çatmamış və ya əmək qabiliyyətsiz övladlar, əmək qabiliyyətsiz həyat yoldaşı və valideynlər vəsiyyətdən asılı olmayaraq qanuni paylarının ən azı yarısını alırlar. İkincisi, bağışlama və ya vəsiyyət valideynin həqiqi iradəsini əks etdirməlidir. Əgər yaşlı və ya xəstə valideynin aldadılaraq, təzyiq altında və ya hərəkətlərinin mənasını dərk etmədiyi vəziyyətdə sənəd imzaladığı sübut olunarsa, həmin əqd məhkəmədə mübahisələndirilə bilər.
Sonda əlavə etmək istərdim ki, qanun qadınların miras hüququnu tam şəkildə qoruyur. Problem qanunda deyil, hüququnu bilməməkdə və ailə daxilindəki təzyiqdədir. Ona görə də qadınların öz hüquqlarını bilməsi və lazım gələrsə hüquqi yardım alması çox vacibdir.
Aydan Hacı
Telegram kanalımız