Bəzən aldığımız məhsulun üzərində yazılan çəki ilə real çəkisi fərqli olur. Məsələn, qablaşdırmada 180 qram göstərilən məhsul tərəzidə 164 qram gələ bilər. Bu hal xüsusilə hazır çörək, sendviç və salat kimi məhsullarda daha çox özünü göstərir. Bu isə alıcının pulunu tam ödəyib əvəzində daha az məhsul alması deməkdir.
Bəs belə halların qarşısını kim almalıdır və istehlakçı aldadıldıqda nə edə bilər?
Mövzu ilə bağlı “Yeni Sabah”a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, marketlərdən alınan bəzi məhsulların çəkisində cüzi fərqlər yarana bilər: pizza sifarişi
“Bu, quruma, temperatur və digər amillərlə bağlı ola bilər. Mən bu sahədəki dəqiq standartları bilmirəm, amma bildiyimə görə, 10 faiz fərq kifayət qədər böyükdür. Adətən bu göstərici 1-5 faiz arasında olur. Bütün hallarda bu məsələyə görə satıcı məsuliyyət daşıyır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna əsasən, istehlakçı hüquqlarının pozulmasına görə satıcı cavabdehdir”.
Ekspert bildirib ki, vətəndaş aldığı məhsuldan istifadə etməyibsə, onu satış yerinə qaytararaq pulunu tam şəkildə geri ala və iradını bildirə bilər:

“Əgər satıcı istehlakçının tələbinə əməl etməzsə, o, 012 599 76 00 nömrəsi ilə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət edə bilər. Bu halda qurum baş vermiş məsələni araşdırmalıdır”.
Vəkil Sadiq Əfəndiyev isə bildirib ki, bu fərq bir neçə səbəbdən yarana bilər: məhsulun hazırlanması və saxlanması zamanı texnoloji itki, qablaşdırma zamanı səhvə yol verilməsi (məsələn, qabın çəkisinin nəzərə alınmaması), eləcə də qaba qəsdən az məhsulun qoyulması və s.:

“Fərqin səbəbindən asılı olaraq, hadisə texniki səhv, istehsal və qablaşdırma tələblərinin pozulması və ya istehlakçının aldadılması kimi qiymətləndirilə bilər. Əgər məhsulun faktiki çəkisi ilə qablaşdırmada göstərilən çəki arasındakı fərq istehlakçının qəsdən aldadılması nəticəsində yaranmışdırsa, qanunvericilikdə bu əmələ görə inzibati və cinayət məsuliyyəti nəzərdə tutulmuşdur.
İstehlakçı belə halla qarşılaşdıqda, ilk növbədə, fotoşəkil və ya videoçəkiliş vasitəsilə faktı qeydə almalı, kassa çekini saxlamalı və mağazanın satıcısına, yaxud varsa, inzibatçısına müraciət etməlidir. Problem aradan qaldırılmadıqda, o, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə şikayət edə bilər. Bununla belə, istehlakçının satıcıya və ya mağaza inzibatçısına əvvəlcədən müraciət etməsi onun eyni zamanda Agentliyə şikayət etmək hüququnu məhdudlaşdırmır.
Məhsulun çəkisində istehlakçının aldadılmasına görə həm inzibati, həm də cinayət məsuliyyəti nəzərdə tutulmuşdur”.
Vəkil qeyd edib ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsinə əsasən, mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların az miqdarda aldadılmasına görə fiziki şəxslər 350 manatdan 500 manatadək, vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək, hüquqi şəxslər isə 4000 manatdan 6000 manatadək cərimə edilir:
“Həmin maddənin qeyd hissəsinə görə, “az miqdarda” dedikdə, 5000 manatdan yuxarı olmayan məbləğ başa düşülür. Məbləğ 5000 manatdan yuxarı olduqda isə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 200-cü maddəsi ilə cəzalandırılır. Cinayət Məcəlləsinin 200.1-ci maddəsinə əsasən, istehlakçıları aldatma, yəni mal satan və ya əhaliyə xidmət göstərən təşkilatlarda, həmçinin ticarət (xidmət) sahəsində fərdi sahibkar qismində qeydə alınmış fiziki şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların xeyli miqdarda aldadılması 3000 manatdan 5000 manatadək cərimə və ya 360 saatdan 480 saatadək ictimai işlərlə cəzalandırılır. Maddənin qeyd hissəsinə əsasən, “xeyli miqdar” dedikdə, 5000 manatdan yuxarı, lakin 30 000 manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə isə 30 000 manatdan yuxarı olan məbləğ başa düşülür”.
S. Əfəndiyev istehlakçının şübhələndiyi halda aldığı məhsulun çəkisini satış yerində yoxlamaq hüququna malik olduğunu bildirib:
“Külli miqdarda aldatma Cinayət Məcəlləsinin 200.2.3-cü maddəsinə əsasən, 5000 manatdan 7000 manatadək cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutmaq və ya müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, malların (işlərin, xidmətlərin) miqdarı, çeşidi və keyfiyyəti haqqında dolğun və düzgün məlumat əldə etmək istehlakçının hüquqlarından biridir.
Ona görə də istehlakçı şübhələndiyi halda aldığı məhsulun çəkisini satış yerində yoxlamaq hüququna malikdir. Bunun üçün satıcıdan nəzarət-ölçü cihazı tələb edə və məhsulun faktiki çəkisini yoxlaya bilər. Beləliklə, qablaşdırmanın üzərində göstərilən məlumatların düzgün olub-olmadığını müəyyənləşdirərək çəkidə aldadılmasının qarşısını ala bilər”.
Aydan Hacı
Telegram kanalımız