Azərbaycana milyonlarla dollar axa bilər - Nə mane olur?

Azərbaycana milyonlarla dollar axa bilər - Nə mane olur?

İqtisadiyyat Veb saytların hazırlanması

16 Avqust 2019 10:54 1112


Miqrasiya Məcəlləsinə yeni dəyişiklik edilib. Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti ilə məşğul olma əsasında yaşama icazəsi alan şəxslər bir il müddətində ölkəmizdən kənarda olsalar belə onların yaşama icazəsi qüvvədə qalır. Həmçinin bundan sonra ölkə iqtisadiyyatına 500 min manat məbləğində investisiya yatıran şəxslər də bir il müddətində ölkəmizdən kənarda olsalar belə, onların yaşama icazəsi qüvvədə qalacaq. Növbəti illərdə onlar Azərbaycan iqtisadiyyatına yatırdıqları 500 min manat sərmayəni geri götürməsələr, bu hüquqlarından istifadə edə biləcəklər.

İqtisadçı ekspert Akif  Nəsirli “Yeni Sabah”a açıqlamasında bu dəyişikliyin Azərbaycana investisiya yatırılmasına ciddi təsir edəcəyinə inanmadığını deyib:

“Ümumiyyətlə, bu sadəcə Azərbaycana investisiya cəlb etməyin bir elementidir. Qanuna bu cür dəyişiklik alqışlanasıdır. Yəni ölkəyə investisiya cəlb etmək yolunda kiçik də olsa müsbət çalarlı bir dəyişilikdir. Amma Azərbaycanda investisiya yatırılmasının qarşısını alan ciddi səbəblər var. Mən hesab edirəm ki, hökumət və cəmiyyət olaraq, bu problemlərin üstünə getməliyik. Azərbaycanda rəqabət mühiti formalaşmalıdır, azad məhkəmələr fəaliyyət göstərməlidir. Azad məhkəmə ona görə lazımdır ki, istənilən hüquqları pozulmuş sahibkarın hüququnu bərpa etsin.

Hüquq pozuntusu dünyanın istənilən ölkəsində mövcuddur, Azərbaycanda da həmçinin. Bundan heç kim sığortalanmayıb. İstənilən Azərbaycana investisya yatırmış və yaxud yatıracaq sahibkar əmin olmalıdır ki, mənim hüququm pozularsa, ədalət öz yerini tapacaq. 

İnkişaf etmiş ölkələrin heç birində hüququ pozulmuş şəxs bizimki kimi hiddətlənib, əsəb keçirmir. Çünki onlar arxayındılar ki, ədalətli məhkəmələri var və hüquqları tapdalanmayacaq".

Ekspert bu sahədəki digər problemlərə də toxunub və öz təkliflərini irəli sürüb:

"Bundan əlavə, daşınan və daşınmaz əmlakın qarantiçisi olmalıyıq. İnvestorları inandırmalıyıq ki, onların yatırdıqları investisiya heç vaxt onların əlindən alına bilməz. Əsas şərtlər bunlardır. Əgər biz bunları eləsək, ölkəmizə investor cəlb edə bilərik. Bilirsiniz ki, Azərbaycanın geniş potensialı var. Bu problemlərin önündə bu qanunun qəbulu çox kiçik məsələdir. Manelər aradan qalxarsa, o zaman bu qanunun da təsiri nəzərə çarpacaq dərəcədə ola bilər". 

Sabrina

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!