Azərbaycanda 3 mindən çox talassemiya xəstəsi qeydiyyatdadır, 300-ə yaxın pasiyent isə sümük iliyi transplantasiyası gözləyir.
Səhiyyə Nazirliyinin Milli Hematologiya və Transfuziologiya Mərkəzinin açıqlamasına görə, ölkədə irsi qan xəstəliyi olan talassemiyanın yayılmasının qarşısının alınması, erkən aşkarlanması və müalicəyə çıxış imkanlarının genişləndirilməsi istiqamətində tədbirlər davam etdirilir.
Mərkəz “Yeni Sabah”ın sorğusuna cavabında bildirilib ki, hazırda talassemiya diaqnozu ilə 3209 nəfər dispanser qeydiyyatındadır. Onların 1654-ü kişi, 1555-i qadındır. Toyuqlu pizza
Məlumata əsasən, ölkədə talassemiya daşıyıcılarının xüsusi dispanser qeydiyyatı aparılmır. Bunun səbəbi daşıyıcıların sağlam şəxslər kimi qiymətləndirilməsi ilə izah olunur. 2015-ci ildən etibarən yeni ailə quran şəxslər arasında talassemiya daşıyıcılığının aşkarlanması üçün müayinələr həyata keçirilir və nəticələrə görə ölkə üzrə daşıyıcılıq göstəricisi təxminən 4 faiz təşkil edir.
Transplantasiya ehtiyacı olan xəstələrin sayına gəlincə, hazırda təxminən 300 pasiyent sümük iliyi köçürülməsi üçün gözləmə siyahısındadır. Bu istiqamətdə donor bazasının genişləndirilməsi və imkanların artırılması üzrə işlər aparılır.
2026-cı ilin ilk aylarında Milli Hematologiya və Transfuziologiya Mərkəzində 14 nəfərə sümük iliyi transplantasiyası həyata keçirilib. Onlardan 6-sı talassemiya diaqnozu olan xəstələrdir.
Rəsmi statistikaya əsasən, 2025-ci ildə böyük beta-talassemiya ilə 6 körpə dünyaya gəlib. Səhiyyə qurumları nikahdan əvvəl aparılan müayinələrin uzunmüddətli dövrdə bu göstəricinin azalmasına təsir etdiyini bildirir.
Eyni zamanda, xaricdə müalicə imkanlarından da istifadə edilib. 2024-cü ildə donor tapılmayan xəstələr üçün xaricdə transplantasiya həyata keçirilib, 2025-ci ildə isə Türkiyənin Anadolu Sağlıq Mərkəzində 34 pasiyentə sümük iliyi köçürülüb.
Səhiyyə Nazirliyi talassemiyanın profilaktikası, erkən diaqnostikası və müasir müalicə üsullarına çıxışın genişləndirilməsi istiqamətində tədbirlərin davam etdirildiyini vurğulayıb.
Əsmətxanım Rzazadə
Telegram kanalımız