Azərbaycanda bu kurslara gedənlərdən pul alınmır - Üstəlik hər ay...

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda bu kurslara gedənlərdən pul alınmır - Üstəlik hər ay...

Sosial

21 Sentyabr 2026 16:05 302


İşsizsinizsə, yeni peşə öyrənmək üçün yüzlərlə manat xərcləməyə ehtiyac olmaya bilər. Hətta kursa getdiyiniz müddətdə dövlət tərəfindən sizə pul da ödənilir. Bu imkanın isə bir çox vətəndaşın xəbəri yoxdur.

“Yeni Sabah” xəbər verir ki, Dövlət Məşğulluq Agentliyi işsiz və işaxtaran şəxslərin yeni peşə öyrənməsi və əmək bazarına uyğun bacarıqlar qazanması üçün peşə hazırlığı kursları təşkil edir.

Hazırda proqram çərçivəsində 175 peşə-ixtisas sahəsi üzrə hazırlıq keçirilir. Siyahıda yalnız aşpaz, dərzi, bərbər kimi ənənəvi peşələr deyil, data analitikası, proqramlaşdırma, kibertəhlükəsizlik, rəqəmsal marketinq və bərpa olunan enerji texnologiyaları kimi müasir istiqamətlər də yer alır. Toyuqlu pizza

Maraqlıdır ki, 2026-cı ilin yanvar-avqust aylarında artıq 11948 nəfər peşə hazırlığı kurslarına cəlb edilib. Agentlik ilin sonuna qədər daha 6650 nəfərin bu kurslara cəlb olunmasını planlaşdırır.

Bəs bu kurslardan kimlər yararlana bilər?

Dövlət Məşğulluq Agentliyinin məlumatına görə, peşə hazırlığı əsasən işsiz və işaxtaran şəxslər üçün nəzərdə tutulub. Şəxsin lazımi peşəsi və ya ixtisası olmadığı üçün ona uyğun iş tapmaq mümkün olmadıqda, əvvəlki peşəsi üzrə işləmək qabiliyyətini itirdikdə və ya yeni bacarıqlara ehtiyac yarandıqda peşə hazırlığına cəlb edilə bilər.

Üstəlik, peşə hazırlığında bəzi şəxslərə üstünlük verilir. Bunlara üç ildən artıq işləməyənlər, peşəsi və ya ixtisası olmayan şəxslər və şəhid ailələrinin üzvləri daxildir.

Ən çox maraq doğuran məqam isə kursların ödənişsiz olmasıdır. İşsiz şəxslərin peşə hazırlığı Dövlət Məşğulluq Agentliyi tərəfindən ödənişsiz təşkil edilir. Müəyyən kateqoriyaya aid işaxtaran şəxslər də ödənişsiz kurslara cəlb oluna bilirlər. Digər işaxtaran şəxslər üçün isə kurs ödənişli əsaslarla təşkil edilir.

Bununla yanaşı, kursa cəlb olunan işsiz şəxslərə təhsil aldıqları müddətdə minimum aylıq əməkhaqqının 50 faizi məbləğində təqaüd ödənilir. Təqaüd şəxsin bank hesabına köçürülür və tədris prosesi başladıqdan sonra növbəti ayın 5-dən gec olmayaraq ödənilməlidir.

2026-cı ildə minimum aylıq əməkhaqqı 400 manat olduğuna görə bu məbləğ hazırda aylıq 200 manat təşkil edir. Lakin hər kəsə təqaüd verilmir. Məsələn, işsizlikdən sığorta ödənişi aldığı dövrdə peşə hazırlığına cəlb olunan şəxslərə, eləcə də müəyyən kvota çərçivəsində peşə hazırlığına cəlb olunan işaxtaranlara təqaüd ödənilmir.

Kursların müddəti də qısadır. Peşə hazırlığı altı ayadək davam edə bilər. Tədris yalnız nəzəriyyədən ibarət deyil. Proqramda nəzəri və praktiki hissələr nəzərdə tutulur, bəzi hallarda iştirakçılar müəssisələrdə istehsalat təlimi və təcrübəsi də keçirlər.

Məsələn, bu il keçirilən kurslarda data analitik, insan resursları mütəxəssisi, mühasib, qrafik dizayner, sığorta agenti, yanacaqdoldurma məntəqəsi operatoru, qənnadıçı və şirniyyatçı kimi peşələr üzrə hazırlıq təşkil edilib. Kursların bir hissəsi Dövlət Məşğulluq Agentliyinin peşə hazırlığı mərkəzlərində, bir hissəsi isə özəl tədris müəssisələrində keçirilir.

Hazırda Agentlik Bakı, Gəncə, Göyçay, Qarabağ və Naxçıvanda fəaliyyət göstərən peşə hazırlığı mərkəzləri ilə yanaşı, özəl tədris müəssisələri ilə də əməkdaşlıq edir.

Kursu uğurla başa vuran və ixtisas imtahanından keçən şəxslərə müvafiq diplom, sertifikat və ya digər sənəd təqdim olunur. Bundan başqa, işəgötürənlərlə əməkdaşlıq çərçivəsində kursları uğurla bitirən şəxslərin işlə təmin olunmasına da dəstək göstərilir.

Müraciət etmək istəyən şəxslər yaşadıqları ərazi üzrə Dövlət Məşğulluq Agentliyinin məşğulluq filiallarına və ya DOST mərkəzlərinə müraciət edə bilərlər.

Qeyd edək ki, bu imkan yeni deyil.  2025-ci ildə 18368 nəfər peşə hazırlığı kurslarına cəlb olunub. 2026-cı ilin ilk səkkiz ayında isə bu göstərici artıq 11948 nəfər olub.

Beləliklə, işsiz və ya yeni peşə öyrənmək istəyən şəxslər üçün dövlət proqramı çərçivəsində həm peşə öyrənmək, həm sertifikat əldə etmək, həm də müəyyən hallarda kurs müddətində aylıq 200 manat təqaüd almaq imkanı var.

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!