Azərbaycan müstəqillik əldə edəndən sonra Azərbaycanda hüquqi dövlətin, vətəndaş cəmiyyətinin yaranması istiqamətində illərdir dövlət tərəfindən müvafiq addımlar atılır. Lakin bu dövlət quruculuğu prosesi heç də sadə olmayıb. Müstəqilliyinin ilk illərində Azərbaycan öz tarixinin ən mürəkkəb dövrlərindən birini yaşayıb.
Demokratik dövlətlərin inkişaf təcrübəsi və ölkəmizin keçdiyi yol bir daha göstərir ki, vətəndaş cəmiyyətinin söykəndiyi əsas prinsiplərdən biri insan-vətəndaş hüquqlarının və azadlıqlarının təminatıdır. İnsan və vətəndaş hüquqları və azadlıqları təmin edilmədən nə vətəndaş cəmiyyəti, nə də hüquqi dövlət formalaşdırmaq mümkündür. Cəmiyyətdə hüquqların təminatçısı dövlətdir. Dövlət bu hüquqları təmin etməklə özünün həm də qoruduğu əsas dəyərləri göstərir
Mövzu haqda Yenisabah.az-a danışan “Milli Qeyri-Hökumət Təşkilatı Forumu”nun İdarə Heyətinin sədri Rauf Zeyni deyib ki, bu gün ölkədə 500-ə yaxın QHT fəaliyyət göstərir: Pepperoni pizza
“2000-ci ildə bizim forumun və Milli Məclisin birgə əməkdaşlığı nəticəsində, o cümlədən Ədliyyə Nazirliyinin dəstəyi ilə QHT-lər, fondlar və ictimai birliklər haqqında olan qanuna müvafiq olaraq 4 minə qədər QHT qeydiyyata alınıb. Amma təəssüflər olsun ki, hazırda onların sadəcə minə qədəri fəaliyyət göstərir. Müxtəlif səbəblərdən fəaliyyətlərini qura bilməyənlər, donor əldə edə bilməyənlər və s. olub.
Bu gün hazırda aktiv QHT-lər təxminən 500-ə qədər nəzərdə tutulur və müxtəlif mənbələrdə bu barədə məlumat var. Təbii ki, dövlət və özəl sektor ölkəmizdə çox güclü inkişaf edib. Bu müqayisə ilə götürəndə ictimai sektor müəyyən mənada geridə qalır. Çünki dövlət və özəl sektorda olan maddi texniki bazanı, kadr potensialını, bilik və bacarıqların müasirləşdirilməsini, artırılmasnı və müasir tələblərə uyğun cavab verməsini vətəndaş cəmiyyətlərinin dayanıqlı və davamlı inkişafına cəlb etmək olmu. Bu günləri vətəndaş cəmiyyətinin kifayət qədər potensialı olmasına baxmayaraq, bu potensialı təəssüf ki, cəlb edə bilmirik. Çünki maddi sıxıntılar var”.
“Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin sədri Nadir Azəri isə bildirib ki, Azərbaycan dövləti digər sahələrlə yanaşı, üçüncü sektorun inkişafı üçün də lazım olan dəstəyi göstərir:
“Hər il müvafiq istiqamətlər üzrə elan edilən qrant müsabiqələri bir tərəfdən dövlət siyasətinin reallaşmasında ictimai sektorun yaxından iştirakına şərait yaradırsa, digər tərəfdən də QHT-lərin normal fəaliyyəti üçün stimul rolunu oynayır. Son vaxtlar isə biz əlavə mütərəqqi addımların şahidi oluruq. Agentliyin Müşahidə Şurasının üzvləri, həmçinin icraçı direktoru ona çalışırlar ki, QHT-lər həm məsələlərə daha məsuliyyətlə yanaşsınlar, həm də onların üzləşdikləri hansısa problemlər vaxtında aradan qaldırılsın”.

R. Zeyni isə dövlət başçısının QHT-lərlə bağlı siyasətinə toxunaraq deyib:
“Bildiyiniz kimi, ötən il ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Dövlət Dəstəyi Şurası ləğv olundu və QHT-lərə Dövlət Dəstəyi Agentliyi yarandı. İndi bütün ümidlər onadır ki, agentlik həmin o proseslərin tənzimləməsinə dəstək olacaq. Artıq keçən ildən başlayaraq QHT-lərlə görüşlər keçirilir, məsləhətləşmələr aparılır, bu il də o proseslər davam edəcək.
Keçən il kiçik qrantlar da verildi, “Şuşa ili” ilə əlaqədar olaraq qrantlar ayrıldı və s. Bunlar hamısı təbii ki, cari işlərdir, amma biz gözləyirik ki, QHT-lərin, bütövlükdə isə vətəndaş cəmiyyətinin inkişafı ilə əlaqədar olaraq vəziyyət dəyişsin, qanun təkmilləşdirilsin, orada olan bütün qadağalar aradan götürülsün və QHT-lərin inkişafına yeni bir mərhələ yaransın. Son mərhələdə isə həm onların maddi texniki bazalarının gücləndirilməsi, həm də onların daimi ofislərlə təmin olunamsı həyata keçirilməlidir”.
Nadir Azərinin sözlərinə görə isə dövlət hər zaman üçüncü sektorun inkişafında maraqlı olub:
“Xüsusilə də QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasında baş verən dəyişikliklərdən sonra bu sektora daha praqmatik yanaşma sərgilənir. QHT-lərin fəaliyyətinə əlavə stimul verən davamlı addımlar atılır, Müşahidə Şurası tərəfindən QHT-lərin problemlərini daha dərindən öyrənilməsi üçün davamlı işlər görülür, hətta konkret layihə həyata keçirilir. Təbii ki, dediyim kimi, bu, dövlətin, həmçinin, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin ictimai təşkilatlara diqqətinin növbəti təsdiqidir”.
Rauf Zeyni QHT evi məsələsinə də münasibət bildirib: “Biz 23 ildir ki, məsələ qaldırıb təşəbbüs irəli sürürük ki, QHT evinin yaradılması nəhayət həll olunsun və QHT-lər orada fəaliyyət göstərsin. Bilirsiniz, mətbuat evi var, mətbuat mənsublarının ofisləri də var, çünki bu məsələlər həll olunub. Ümumiyyətlə, mediaya dövlətimiz xüsusi dəstəyini verir. Burada həm maddi, həm də mənəvi dəstək özünü göstərir. Ölkə başçısının bir neçə dəfə mətbuat nümayəndələri ilə görüşləri olub, cənab Prezidentin gənclər təşkilatlarına da dəstəyi var.
Bizim “vətəndaş cəmiyyətinin mövcud vəziyyəti və qarşıda duran vəzifələr” adında bir sıra tədbirlərimiz də olub. Orada ekspertlər fikirlərini deyiblər. Oradan irəli gələn təklifləri də biz mediaya göndərmişik və birmənalı şəkildə orada məsələ qoyulub ki, ölkə Prezidenti səviyyəsində bu problemlər öz həllini tapa bilər”.
N.Azəri deyib ki, bununla belə, QHT sektorunda problemlər də yox deyil:
“Amma kimsə məndən inciməsin, bu problemlərin böyük əksəriyyəti özümüzdən, yəni üçüncü sektorda təmsil olunun qurumlardan, onların fəaliyyətisizliyindən qaynaqlanır. Bəzən mənə gəlir ki, QHT sektorunun əsas problemi öhdəliyə götürülən işin yerinə yetirilməsinə məsuliyyətlə yanaşılmama ilə bağlıdır. Nə qədər acınacaqlı olsa da bu cür məsuliyyətsizliklər ümumilikdə QHT sektoruna qarşı hansısa inamsızlıq yaradır və sonda bundan hamımız, sektorda təmsil olunan butün qurumlar əziyyət çəkir.
Mən fikrimi əsaslandırmaq üçün iki misal çəkmək istəyirəm. Təsəvvür edirisiniz, qrant layihələri elan olunur, QHT-lərə bu müsabiqələrdə iştirak üçün bərabər şərait yaradılır, onlar qalib gəlirlər. Amma əsl həngamə də bundan sonra başlayır. Bəzi QHT-lər adi maliyyə hesabatını verməyə, yaxud layihə ilə bağlı hansısa bir adi sualı normal şəkildə cavablandırmağa məsuliyyətlə yanaşmırlar. Sonda nə olur? O olur ki, qurunun oduna yaş da yanır. Bir-ki QHT-nin məsuliyyətsizliyi Müşahidə Şurasını hansısa əlavə tədbirlər görməyə, tələblər ortaya qoymağa məcbur edir.
Yenə deyirəm, bundan uduzan yalnız və yalnız ümumilikdə üçüncü sektor olur. Axı niyə hansısa QHT rəhbərinin məsuliyyətsizliyi ucbatından “Hər bir QHT sədri təqdim olunan layihə barədə təqdimatla çıxış etməlidir” tələbi yaranmalıdır? Mən burada QHT Agentliyini qınamıram. Onlar buna məcbur oldular.
Əgər bəzi QHT rəhbərləri təqdim etdikləri layihələr barədə heç olmasa minimum məlumatlı olsaydılar, bu tələb ortaya çıxmazdı. Amma sonda nə olur, o olur ki, əvvəla müsabiqə üçün vaxt uzanır. Digər tərəfdən də indi hər bir QHT rəhbəri məcbur olur ki, özü oturub, o layihəni yazsın. Hansı ki, məsələn bizdə, layihələr üzrə ayrıca cavabdeh şəxslər var, adəti üzrə indiyə kimi onlar bu işləri görürdü. İndi isə mən necə deyərlər, dizimi qatlayıb, özüm əvvəlindən sonuna layihəni yazmalıyam. Bu da son deyil, layihə qalib gələrsə gedib təqdimatla çıxş etməliyəm, bir növ imtahan verməliyəm”.
R. Zeyni deyir ki, QHT-lərlə bağlı məsələ çox aktual bir məsələdir:
“Burada xüsusilə Qarabağın dirçəlməsi və Ermənistan-Azərbaycan münasibətlərinin formalaşdırılması məsələləri də mövcuddur. 2017-ci ildə Bakıda konfrans keçirib Qarabağ məsələsinin həll olunması ilə əlaqədar erməni ekspertləri buraya dəvət edən həmin təşkilat bizik – Milli QHT Forumu.

Biz həmin təşkilatıq ki, bu günü görürdük və bilirdik ki, Azərbaycan öz torpaqlarını işğaldan azad edəcək və Azərbaycanla Ermənistan arasında münasibətlər qurulmalıdır ki, işğal və münaqişə faktoru bir dəfəlik aradan götürülsün. İndi biz o mərhələyə gəlib çatmışıq. Hazırda çox aktiv olmalıyıq. Vaxtilə sülh proseslərinə öz töhfələrimizi vermişik, eləcə də bu il də verməyə hazırıq və bununla əlaqədar olaraq biz öz işlərimizi daha yüksək səviyyədə qurmaq üçün dövlətin dəstəyinə ehtiyacımız var”.
N. Azəri deyir ki, başqa bir məqam dövlət qurumlarında formalaşan İctimai şuralarla bağlıdır:
“Dövlət, şəxsən cənab Prezident ictimai nəzarətin güclü olmasının tərəfdarıdır. Bunun üçün QHT sektoruna da şərait yaradıldı. Qurumlar yanında İctimai Şuralar yaradıldı. Gözəl seçkilər oldu. Maraqlı mübarizə, filan. Amma hər şey o şuralar formalaşandan sonra bitdi.
Kimsə inciməsin hazırda elə bir təsəvvür yaranıb ki, qurumların fəaliyyətinə nəzarət etməli olan o İctimai Şuraların özlərinin fəaliyyətinə nəzarət lazımdır. Təbii ki, bu hamsına aid deyil. Amma böyük əksəriyyəti belədir. İctimai Şura ayda bir dəfə yığışıb şəkil çəkdirmək üçün deyil axı. Onlar sözün əsl mənasında ictimai nəzarəti həyata keçirməlidirlər. Amma keçirə bilirlərmi, yaxud belə demək daha doğru olardı ki, keçirmək istəyirlərmi? Nəticədə cəmiyyətdə QHT sektoruna inam bir az da azalır. On görə də hesab edirəm ki, bəzi QHT-lər öz daxilində islahatlar aparmalıdırlar”.
Müsahibimiz deyib ki, bununla belə elə problemlər də var ki, zaman-zaman qaldırılsa da bu günə kimi həllini tapmayıb:
“Bunların ən başlıcası QHT-lərin ofis problemidir. Gəlin özümüzü aldatmayaq, bu gün öz imkanları hesabına ofis kirayə edə bilmək gücünə malik QHT-ləri sayı olduqca cüzidir. Amma çıxış yolu var. Bildiyiniz kimi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi “QHT ziyarətləri” adlı yeni layihənin icrasına başlayıb. Bu layihənin reallaşdırılmasında məqsəd qeyri-hökumət təşkilatlarını, onların imkanlarını daha yaxından öyrənmək, həmin qurumların işçi heyəti və fəalları ilə görüşmək, həyata keçirdikləri layihə və proqramları yerində nəzərdən keçirmək, habelə onları qayğılandıran məsələləri, o cümlədən vətəndaş cəmiyyətinin inkişaf prespektivlərini birgə müzakirə etməkdir.
Artıq bu istiqamətdə Agentliyinin rəhbərliyi bir neçə QHT ofisində olub. Təbii ki, bu, olduqca mütərəqqi və Azərbaycanda QHT-lərin fəaliyyətinə əlavə stimul verən bir addımdır. Bu, dövlətin, həmçinin, QHT-lərə Dövlət Dəstəyi Agentliyi Müşahidə Şurasının, o cümlədən icraçı direktor Aygün Əliyevanın ictimai təşkilatlara diqqətinin növbəti təsdiqidir.
Bu məqamda bir şeyi xatırlatmaq istəyirəm. Ötən il Antalyada maraqlı bir hadisənin şahidi oldum. Orada yerli rəhbərlik bir neçə mərtəbəli binanı sırf QHT-lər üçün ayırıb. Vahid internetə çıxışı, ümumi konfrans zalı olan bu binada ofis kirayələmək QHT-lər üçün həddindən artıq sərfəlidir. Çünki qiymətlər daha aşağıdır, QHT-lər gündəlik bir-biri ilə sıx təmasda ola bilirlər və bu sektorla bağlı hansısa bir tədbir keçiriləndə daha şəhərin bir başından digər başına getmək lazım gəlmir.
Hesab edirəm ki, bizdə də buna bənzər mexanizm tətbiq edilə, konkret desək, “QHT evi” yaradıla bilər. Azərbaycanda QHT-lərə dövlət tərəfindən hərtərəfli diqqət və qayğı göstərildiyini, həmçinin həyata keçirilən islahatların bütün sahələrin inkişafına təkan verdiyini nəzərə alaraq Agentliyin “QHT evi” ideyasının reallaşmasına dəstək olacağına əminik. Nəzərə alsaq ki, Azərbaycanda partiyalara ofislərin ayrılması kimi dövlətin çox gözəl və mütərəqqi təcrübəsi də var, o zaman hazırda istifadə edilməyən dövlətə məxsus binaların birinin “QHT evi”nə ayrılacağına inanırıq”.
Rafi MÜSLÜMOV
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu” istiqaməti üzrə hazırlanmışdır.

Telegram kanalımız