Yaşadığımız mürəkkəb, gərgin olaylarla zəngin olan dünyada proseslər sürətlə bir-birini əvəzləyir. Heç şübhəsiz, bu əvəzləmələr fonunda bəşəriyyətin müasir düzəninə uyğun olaraq yeni meyarlar, dəyərlər və prinsiplər ortaya çıxır. Və istər fərdlər, istərsə də dövlətlər az qala hər gün dəyişən yeni dünyanın tələblərinə uyğunlaşmaq üçün çabalar göstərir.
Yenisabah.az-a açıqlamasında Azərbaycan Respublikası Prezidenti yanında QHT Agentliyinin Müşahidə Şurasının üzvü Zaur İbrahimli deyir ki, hüquqi dövlət dedikdə ilk növbədə, insan hüquq azadlıqlarının pozulması, eləcə də idarənin legitim prosesudurlar əsasında qəbul olunmuş qanunlar çərçivəsində həyata keçirilməsini nəzərdə tuturuq:
“Hər 3 istiqamətdə Azərbaycanda vətəndaş cəmiyyəti fəaldır. Xüsusən, insan hüquq və azadlıqlarının qorunması sahəsində və son illər əhaliyə ödənişsiz yardım göstərilməsində... pizza sifarişi
Eyni zamanda insan hüquq və azadlıqları ilə bağlı maarifləndirmə aparılması, insanların hüquq və azadlıqlarının hüquqi müdafiə mexanizmləri barədə əhalinin məlumatlandırılmasında vətəndaş cəmiyyətinin fəallığı hiss olunur.
Həmçinin, əhalinin həssas təbəqələri ilə işdə, onların hüquqlarının müdafiəsi və yaxud onların pozulmuş hüquqlarının, hətta məhkəmə müstəvisində müdafiəsi ilə bağlı vətəndaş cəmiyyətlərinin bir çox proqramları həyata keçirilir. Bununla bağlı qaynar xətlər və hüquq klinikaları yaradılıb və vətəndaş cəmiyyəti bu istiqamətdə fəal görünür”.
Z. İbrahimli əlavə edib: “Növbəti daha vacib istiqamətlərdən biri isə əhalinin hüquqi maarifləndirilməsi məsələsidir. Bu, ona görə vacibdir ki, insanlar məhz onlar üçün nəzərdə tutulan hüquqi imkanlardan dolğunca istifadə edib, pozulmuş hüquqlarını bərpa edə bilsinlər və hüquqları uğrunda mübarizə aparsınlar. Bu baxımdan, QHT-lər çox vacib bir iş görürlər.

Xüsusən, nəzərə alsaq ki, Azərbaycanda vətəndaşın hüquqi müdafiə imkanları kifayət qədər genişdir, ombudsman institutu fəaliyyət göstərir və dövlət qurumları daim əhali ilə təmasdadırlar. Bu istiqamətdə bu mexanizmləri öyrətmək vacibdir”.
Mütəxəssis onu da vurğulayıb ki, ən vacib məsələlərdən biri də budur ki, hazırda bizdə məhkəməyə çıxış elektronlaşıb:
“Yəni elektron məhkəmə sistemi həyata keçirilir, mediasiya haqqında yeni qanun qəbul olunub, elektron notariuslar fəaliyyət göstərir. Bütün bu mexanizmləri əhaliyə öyrətmək, eləcə də ədalət mühakiməsinə çıxışını asanlaşdırmaq, eyni zamanda onların bilik və bacarıqlarını artırmaq da vətəndaş cəmiyyətinin əsas vəzifələrindən biridir.
Mən tamamilə deyirəm ki, məhz bu sahədə rəqəmsal bacarıqların insanlara öyrədilməsində vətəndaş cəmiyyəti lider mövqedədir. Bununla bağlı dövlət və beynəlxalq donorlar tərəfindən də dəstək verilib. Hazırda Azərbaycanda 2 milli donoru qeyd edə bilərik: Bu Gənclər Fondu və QHT-lərə Dövlət Dəstəyi Agentliyidir.
Bunlardan əlavə, 12 dövlət qurumuna da qrant vermək hüququ verilib və bu dövlət orqanları tərəfindən aktual məsələlərlə bağlı qrant vəsaitləri təqdim edilir”.
Jurnalistlərin Həmkarlar ittifaqının sədri, media eksperti Müşfiq Ələsgərli bildirib ki, Qeyri-hökumət təşkilatları (QHT-lər) demokratik cəmiyyətin əsas atributlarından biridir:
“QHT-lər 3-cü sektorun əsas komponentlərindən biri olmaqla, vətəndaş cəmiyyətinin, ictimai təşəbbüslərin ifadəçiləri kimi qəbul edilirlər. Hər hansı bir ölkədə azad, müstəqil, institutlaşmış QHT-lərin mövcud olması həmin ölkədə vətəndaş təşəbbüslərinə, ictimai iştirakçılığa, ictimai nəzarətə ciddi önəm verilməsi anlamına gəlir. QHT-lər cəmiyyəti düşündürən mövzuları ifadə edən, ictimai nəzarət missiyası daşıyan əsas elementlərdən biridirlər. Bu baxımdan modern dövlətlər, demokratik inkişaf yolu tutmuş ölkələr QHT-lərin, o cümlədən, ümumilikdə 3-cü sektorun, yəni, KİV-lərin, bələdiyyələrin və s. inkişafına ciddi diqqət yetirilər”.
Müsahibimizin sözlərinə görə, dövlətlər 3-cü sektoru inkişaf etdirirlər:
“3-cü sektor isə cəmiyyəti innovativ təşəbbüslər ətrafında təşkilatlandırır, demokratik dəyərlərin inkişafına töhfələr verir. Nəticə etibarilə, vətəndaş-dövlət etimadını yüksəldir, əməkdaşlığı inkişaf edir, dövlət möhkəmlənir. Azərbaycan hüquqi, dünyəvi, demokratik dövlət olaraq 3-cü sektorun, o cümlədən, QHT-lərin inkişafına ciddi önəm verir. Bircə faktı qeyd etmək kifayətdir ki, Azərbaycan postsovet məkanında, yəni keçmiş sosialist sistemindən çıxmış dövlətlər sırasında ilk, həm də məhdud sayda dövlətlərdəndir ki, öz ərazisində QHT-lərin, o cümlədən, bütövlükdə 3-cü sektorun inkişafı üçün xüsusi konsepsiyalar qəbul edib, donor institutlar yaradıb.

Azərbaycanda “Qeyri-hökumət təşkilatlarının inkişafına dövlət dəstəyi konsepsiyası”, paralel olaraq, “Kütləvi İnformasiya vasitələrinin inkişafına dövlət dəstəyi konsepsiyası” qəbul edilib, icra edilir. Azərbaycan ilk və məhdud sayda postsovet ölkələrindən biridir ki, burada QHT-lərə Dövlət Dəstəyi Agentliyi, Media İnkişaf Agentliyi fəaliyyət göstərir, onların vasitəsilə QHT dövlət qeydiyyatına alınıb, fəaliyyət göstərirlər. Hər il orta hesabla 500-dən çox QHT-nin layihələri müxtəlif milli donorlar vasitəsilə maliyyələşdirirlər”.
Kiçik qrant müsabiqəsindən danışan JuHİ rəhbəri əlavə edib:
“Bir neçə gün öncə QHT Agentliyi 2022-ci ilin kiçik qrant müsabiqəsinin nəticələrini elan etdi. Yüzlərlə QHT qalib elan olundular. Ölkədə QHT Agentliyi ilə yanaşı bir neçə digər agentliklər, fondlar və sair mövcuddur ki, onların vasitəsilə çoxsaylı QHT layihələri maliyyələşdirilirlər.
Nəticəsi budur ki, Azərbaycanda çoxsaylı QHT-lər peşəkar fəaliyyət göstərirlər, institutlaşa biliblər. Əlbəttə, institutlaşmış QHT-lərin sayı məhduddur, amma mövcuddurlar. Bu gün Azərbaycan QHT-ləri beynəlxalq platformalarda təmsil olunurlar. Avropa platformalarından başlamış, BMT strukturlarına qədər ən müxtəlif qurumlara, birliklərə inteqrasiya ediblər, yüksək hüquqlu təmsilçilik qazanıblar”.
“Əsas olan budur ki, böyük üstünlüklə QHT-lərimiz milli ruhludurlar, Azərbaycan cəmiyyətini təmsil edirlər, Azərbaycan dövlətinin yanındadırlar. Ötən dövrlərdə Azərbaycan QHT-lərini bu yoldan yayındırmaq üçün çoxsaylı xarici təsirlər olub, təşəbbüslər göstərilib. Təbii ki, bu təsirlərə qapılanlar da olub, yad təsirlərə düşənlər də olub. Amma böyük kəmiyyətlə QHT-lərimiz milli ruhludurlar, Azərbaycan cəmiyyətinin maraqlarının ifadəçisidirlər, Azərbaycan dövlətinin yanındadırlar. Azərbaycan üçün kritik məqamlarda QHT-lər vahid mövqedən çıxış ediblər, Azərbaycan dövlətinin yanında olduqlarını bəyan ediblər. Yaxın tariximiz bu cür faktlarla zəngindir”, - deyə müsahibimiz yekunlaşdırıb.
Rafi MÜSLÜMOV
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu” istiqaməti üzrə hazırlanmışdır.

Telegram kanalımız