28 aprel 2026-cı il tarixində Beynəlxalq Muğam Mərkəzində Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagird və müəllimlərinin iştirakı ilə “Beynəlxalq Rəqs Günü”nə həsr olunmuş “Rəqsin sehrində” adlı möhtəşəm konsert proqramı keçirildi.
Tədbir xüsusi zövqlə hazırlanmış maraqlı ssenarisi, peşəkar səviyyədə qurulmuş rəngarəng rəqsləri və nəfis video tərtibatı ilə tamaşaçıların böyük rəğbətini qazandı.
Konsert proqramı Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Könül Hüseynovanın çıxışı ilə açıldı. O, rəqs sənətinin tarixi inkişaf mərhələləri, funksionallığı, əhəmiyyəti barədə təhlil xarakterli fikirlər söyləyərək tədbirin ərsəyə gəlməsində böyük zəhməti keçmiş müəllimlərin əməyini xüsusi vurğulayaraq rəqs dünyasının bütün təmsilçilərini Beynəlxalq Rəqs Günü münasibətilə ürəkdən təbrik etdi.
Tədbirin aparıcısı, musiqişünas Nərgiz Kərimova rəngarəng təqdimatı, əsrarəngiz ssenarisi, rəqs mövzusunda yazdığı poetik şeirləri və müxtəlif xalqların rəqslərinin bədii ruhunu əks etdirən çıxışları ilə konsert proqramını daha da zənginləşdirdi.
Tədbirdə təqdim olunan bütün rəqslər məktəbin Xoreoqrafiya şöbəsinin müəllimləri — Azərbaycan Respublikasının Əməkdar artisti Tamilla Əliyeva, Səbinə İsmayılova və Emil Əzizovun böyük əməyi və peşəkarlığı sayəsində ərsəyə gətirilmişdir. Bu çıxışlar Azərbaycan rəqs sənətinin zəngin ənənələrini yaşadan və gələcəkdə onu daha da inkişaf etdirəcək istedadlı gənc rəqqas nəslinin yetişməkdə olduğunu bir daha nümayiş etdirdi.
Konsert Azərbaycan milli rəqsləri ilə başlayaraq, müxtəlif xalqların rəqs nümunələrini özündə birləşdirən geniş proqramla davam etdi və sonda bütün iştirakçıların yer aldığı möhtəşəm beynəlxalq kütləvi rəqslə yekunlaşdı.
“Rəqsin sehrində” adlı bu konsert bir daha təsdiqlədi ki, rəqs mədəniyyətləri birləşdirən, xalqlar arasında körpü yaradan və insanları eyni duyğular ətrafında bir araya gətirən universal bir sənət dilidir.
Musiqişünas Nərgiz Kərimova
Telegram kanalımız