İranın 10-12 nüvə başlığı hazırlamaq imkanı var?- Deputat təhlükədən danışdı

saytların hazırlanması

Evə çatdırılma

İranın 10-12 nüvə başlığı hazırlamaq imkanı var?- Deputat təhlükədən danışdı

Siyasət

06 Noyabr 2026 17:05 83


“Şübhəsiz ki, bu gün İran-ABŞ qarşıdurması yeni mərhələyə daxil olub. Tərəflərin qarşılıqlı təhdidləri nüvə silahından istifadə ehtimalını müəyyən mənada artırır. Çünki hazırda danışıqlar yalnız diplomatik kanallar vasitəsilə aparılan təmaslar üzərindən davam edir. Bu prosesdə tərəflərin qarşılıqlı şərtlər və tələblər irəli sürməsi, eyni zamanda, bir-birinə qarşı iddialarla çıxış etməsi ritorikanın kifayət qədər aqressivləşməsinə səbəb olur…”

Bu sözləri “Yeni Sabah”a Milli Məclisin deputatı Azər Allahverənov deyib.

Onun sözlərinə görə, tərəflərin bir-birini vurmaqla hədələməsi vəziyyəti daha da gərginləşdirir: pizza

“Psixoloji və emosional müstəvidə çox sərt bəyanatların səsləndirildiyini, hətta tərəflərdən birinin preventiv zərbə endirmək ehtimalını dilə gətirdiyini görürük. Bu isə onu göstərir ki, məsələ artıq kulminasiya nöqtəsinə yaxınlaşır. Bundan sonrakı mərhələdə ya hərbi zərbələr endiriləcək, ya da tərəflər bundan çəkinəcəklər.  Düşünürəm ki, hazırda tərəflər kifayət qədər aqressiv mövqe sərgiləməklə münaqişənin coğrafiyasını genişləndirməkdə maraqlı görünürlər. Bunu daha çox İranın davranışında müşahidə edirik. Belə ki, İran ABŞ ərazisini birbaşa hədəfə ala bilməsə də, ABŞ-nin strateji tərəfdaşları olan Körfəz ölkələrində və Avropada yerləşən Amerika bazalarına zərbələr endirilə biləcəyini bəyan edir. Hətta bu addımın preventiv məqsədlə atıla biləcəyi də dilə gətirilir”.

Deputat hesab edir ki, Vaşinqtonun da münaqişənin genişlənməsində marağı yoxdur:

“Digər tərəfdən, ABŞ-ın da münaqişənin coğrafiyasının genişlənməsində maraqlı olduğunu düşünmürəm. Çünki onun strateji tərəfdaşı olan ölkələr birbaşa hədəfə çevriləcəkləri təqdirdə Vaşinqtona qarşı təzyiq siyasəti yürüdə bilərlər. İranın da bu istiqamətdə müəyyən hesablamalar apardığı və yaranmış vəziyyətdən öz maraqları naminə istifadə etməyə çalışdığı görünür. ABŞ isə Körfəz ölkələrinin üzərinə daha çox məsuliyyət qoyur, onların öz təhlükəsizlikləri üçün müvafiq tədbirlər görməsinin vacibliyini vurğulayır. Bununla yanaşı, İran ərazisinə, xüsusilə də uranın zənginləşdirildiyi və saxlanıldığı obyektlərə zərbələr endirilməsi ehtimalı da gündəmdədir.

Bütün bunlar ABŞ-də noyabrın 3-də keçiriləcək aralıq seçkilərdən əvvəl baş verirdi. Artıq seçkilərin nəticələrinə əsasən, demokratlar həm Senatda, həm də Nümayəndələr Palatasında çoxluq əldə ediblər. Bu, aralıq seçkilərdə demokratların ciddi qələbəsi kimi qiymətləndirilə bilər və nəticə etibarilə ABŞ prezidentinin imkanlarını məhdudlaşdıran amildir”.

O bildirib ki, Konqres Trampın qərarlarına qarşı çıxa və hərbi əməliyyatlara ayrılan pula mane ola bilər ki, bu da ABŞ-nin xarici siyasətinə təsir edəcək:

“Düşünürəm ki, əgər dünənə qədər Donald Trampın qərarlarını Konqresdə dəstəkləyənlərin sayı çox idisə, hazırda onların mövqeyi zəifləyib. Bu baxımdan, prezidentin hər hansı sərt qərarı Konqresdə ciddi müqavimətlə üzləşə bilər. Hətta veto məsələsi gündəmə gətirilə, hərbi əməliyyatlarla bağlı maliyyə xərclərinin əsaslandırılması tələb oluna bilər. Eyni zamanda, qəbul edilən qərarların izahı üçün ABŞ prezidentinin Konqresə dəvət olunması təşəbbüsü də irəli sürülə bilər.

Yəni ABŞ daxilində də kifayət qədər ciddi siyasi proseslər gedir və bu vəziyyət ölkənin xarici siyasətinə təsirsiz ötüşmür. Buna görə də hesab edirəm ki, hazırda səsləndirilən sərt bəyanatlar daha çox qarşı tərəfin əsəblərini sınağa çəkmək məqsədi daşıyır. Hətta müəyyən mənada hər iki tərəfin bir-birini psixoloji təxribata çəkməyə çalışdığını da görürük. Ümid edirəm ki, proseslər bu mərhələdən daha irəli getməyəcək. Nəzəri baxımdan nüvə silahından istifadə ehtimalı real görünür. Burada söhbət strateji nüvə silahından deyil, daha çox taktiki nüvə silahından istifadə ehtimalından gedir. İranın 60 faizdən artıq zənginləşdirilmiş urana malik olduğu bildirilir. Ekspert dairələrinin qiymətləndirmələrinə görə, bu həcmdə uran 10-12 nüvə başlığının hazırlanması üçün potensial material hesab oluna bilər. Bu isə potensial təhlükənin mövcud olduğunu göstərir. Lakin əsas məsələ belə bir silahın praktikada tətbiqinin nə dərəcədə mümkün olması və ölkələrin buna qarşı hansı müdafiə sistemlərinə malik olmasıdır”.

Əsmətxanım Rzazadə 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!