Süni intellekt üçün çiplər hazırlayan ABŞ-ın “Etched” startapı 700 milyon dollarlıq yeni investisiya cəlb edib. Bununla şirkətin qiymətləndirilməsi bir aydan az müddətdə iki dəfədən çox artaraq 21 milyard dollara yüksəlib.
“Yeni Sabah” xəbər verir ki, Kaliforniyanın San-Xose şəhərində fəaliyyət göstərən şirkətin yeni maliyyələşmə raunduna “Jane Street” rəhbərlik edib. “Kleiner Perkins”, “Sequoia”, “Andreessen Horowitz” və “Tiger Global” da investorlara qoşulublar.
Qeyd edək ki, “Etched” iyul ayında baş tutan C seriyalı maliyyələşmə raundunda 10,3 milyard dollar dəyərində qiymətləndirilmişdi. Yeni investisiya ilə şirkətin dəyəri təxminən iki dəfə artıb. Toyuqlu pizza
Yeni maliyyələşmə süni intellekt sistemlərinin işləməsi üçün tələb olunan infrastruktur və xüsusilə inferensiya texnologiyalarına marağın sürətlə artdığını göstərir. İnferensiya əvvəlcədən öyrədilmiş süni intellekt modelinin istifadəçi sorğularını emal edərək cavab yaratması prosesidir.
“Etched” əsas diqqəti süni intellekt modellərinin daha sürətli və daha az xərc tələb etməklə işləməsinə imkan verən xüsusi inferensiya sistemlərinin hazırlanmasına yönəldib. Şirkət bu istiqamətdə “Nvidia”nın çip bazarındakı dominant mövqeyinə alternativ yaratmağa çalışan startaplardan biridir.
Hazırda 400-dən çox əməkdaşı olan şirkət artıq işlək çip hazırladığını bildirir. “Etched”in məlumatına görə, dövlət və özəl süni intellekt şirkətləri, həmçinin bulud xidmətləri göstərən şirkətlərlə ümumi dəyəri 1 milyard dollardan artıq olan müştəri müqavilələri də mövcuddur.
Cəlalə Cəlalqızı
Telegram kanalımız