Azərbaycanda əməkhaqlarının və nominal gəlirlərin artması əhalinin real yaşayış səviyyəsinin də eyni dərəcədə yaxşılaşması demək deyil. Çünki ailələrin aylıq büdcəsində zəruri xərclərin payı kifayət qədər böyükdür. Ərzaq məhsullarının alınması, mənzil kirayəsi, kommunal xidmətlər, nəqliyyat, təhsil və səhiyyə xərcləri insanların qazancının əhəmiyyətli hissəsini əhatə edir. Nəticədə bir çox ailə gəlirinin böyük qismini hələ ayın ilk günlərindən gündəlik tələbatların ödənilməsinə sərf edir, gözlənilməz xərclər və yığım üçün isə kifayət qədər vəsait saxlaya bilmir.
Xüsusilə kirayədə yaşayan, azyaşlı uşaqları olan və yalnız bir nəfərin işlədiyi ailələr üçün vəziyyət daha mürəkkəbdir. Belə ailələrdə mənzil kirayəsi və ərzaq xərcləri büdcənin əsas hissəsini əhatə edir. Bununla yanaşı, formal olaraq pulsuz hesab edilən təhsil və səhiyyə xidmətlərindən istifadə zamanı da əlavə ödənişlər yaranır. Repetitor hazırlığı, tibbi müayinələr, dərmanlar, nəqliyyat və digər gündəlik ehtiyaclar ailələrin üzərinə əlavə maliyyə yükü qoyur.
Bəs ekspertlər necə düşünür, Azərbaycanda ailələrin aylıq gəlirlərinin nə qədəri zəruri xərclərə sərf olunur? Hansı xərc istiqamətləri ailə büdcəsinə daha çox təzyiq göstərir? Orta əməkhaqqı ilə normal yaşayış səviyyəsini təmin etmək mümkündürmü? İnternetdən sifariş
İqtisadçı Natiq Cəfərlinin Musavat.com-a dediyinə görə, ailələrin aylıq xərcinin təxminən yarısı ərzaq məhsullarına gedir: “Xərclərin digər 15–20 faizi isə kommunal xidmətlər, internet, kabel televiziyası, dərman preparatları və digər müntəzəm ödənişlərin qarşılanmasına yönəlir. Beləliklə, ailələrin aylıq istehlak xərclərinin təxminən 70 faizi ərzaq, kommunal xidmətlər və digər zəruri ödənişlərin payına düşür. Bu, ailə büdcəsində sərbəst istifadə edilə bilən vəsaitin kifayət qədər məhdud olduğunu göstərən yüksək göstəricidir. Halbuki inkişaf etmiş ölkələrdə ərzaq xərclərinin ümumi istehlak xərclərindəki payı, adətən, 10–20 faiz civarında dəyişir. Bu nisbətin yüksək olması ailələrin gəlirlərinin böyük hissəsini əsas tələbatlara sərf etdiyini, digər ehtiyaclar və yığımlar üçün imkanlarının məhdudlaşdığını göstərir".
Natiq Cəfərli mövcud vəziyyəti iqtisadiyyatda “Engel qanunu” ilə izah edib: “Azərbaycanda ərzaq xərclərinin ümumi xərclərdə təxminən 50 faizlik paya malik olması əhalinin alıcılıq qabiliyyəti və real həyat səviyyəsi baxımından ciddi iqtisadi göstərici kimi qiymətləndirilməlidir. İqtisadiyyatda bu yanaşma “Engel qanunu” ilə də izah olunur: ailənin gəliri azaldıqca və ya gəliri zəruri ehtiyaclarla müqayisədə yetərsiz qaldıqca, ümumi xərclərdə ərzağın payı yüksəlir. Bu baxımdan, ərzaq xərclərinin xüsusi çəkisi yoxsulluq riskinin və aşağı rifah səviyyəsinin mühüm indikatorlarından biri hesab olunur".
Telegram kanalımız