Bir məhəllənin vida gecəsi:   “Sovetski”nin sonuncu bayramı - REPORTAJ

saytların hazırlanması

Evə çatdırılma

Bir məhəllənin vida gecəsi: “Sovetski”nin sonuncu bayramı - REPORTAJ

Yazar

21 Mart 2026 14:11 4354


Bakı bu gün bayram ab-havasında olsa da, “Sovetski”də tamam başqa bir səssizlik hökm sürürdü. Burada torpaq danışır. Dağıdılmış evlərin yerində qalan boşluq sanki bir vaxtlar burada yaşanan həyatın izlərini udub. Uçuq divarlar, yarımçıq qalmış pilləkənlər, qapısı olmayan otaqlar… Burada bayramın səsi sanki yarımçıq eşidilir. Həyat dayanmayıb, amma əvvəlki kimi də deyil.

Söküntü gedən ərazidə addımladıqca iki fərqli mənzərə eyni kadra sığır: bir tərəfdə yerlə-yeksan edilmiş evlər, dağıdılmış divarlar, toz-torpaq içində qalan həyətlər, digər tərəfdə isə hələ də yaşayış olan, pəncərəsindən pərdə sallanan, qapısı bağlı olsa da içində həyat olan evlər. Bu evlər indi tək qalıb.

Dördpendirli pizza

Ətrafındakı qonşular artıq köçüb, divarlar sökülüb, həyətlər boşalıb. Amma bəzi sakinlər hələ də çıxmayıb. Onların evləri dağıntıların ortasında elə bil adaya çevrilib. Bir evin yarısı yoxdur, digər yarısında isə pəncərə qalıb.  Sanki ev də qərar verə bilmir ki, qalsın yoxsa, getsin. Sökülmüş sahələrin ortasında qalan əşyalar da tələsik ayrılığın izlərini göstərir. Köhnə divan, sınmış çaydan, içində hələ də kiril əlifbası ilə yazılmış kitablar olan rəflər, torpağa qarışmış xatirələr... Burada hər şey yarımçıqdır.

Elə bil şəhər köhnə yaddaşını addım-addım silir. İlin sonuna qədər burada 4200-dən çox evin söküləcəyini deyir sakinlər. 

Bir tərəfdə ekskavator dayanıb,  səssiz, amma hər an hərəkətə keçəcəkmiş kimi. Arxasında isə artıq yeni bina ucalırdı mənzərəyə baxan kimi hiss edirsən ki, keçmişlə gələcək üz-üzə qalıb.

Divarların birində köhnə bir qapı gördüm. Üstündə “Ayaqqabıların təmiri və bərpası” yazılıb. Bir az irəlidə həqiqətən də ayaqqabı təmiri edən bir kişi gördüm. Daha sonra başqa bir küncdə köhnə məişət texnikasını düzəldən usta, yaşlı dərzi qadın… Hamısı balaca, darısqal yerlərdə işləyirdi. Sanki hərəsi Sovetskidəki öz kiçik dünyasını qorumağa çalışırdı.

Elə bil hamısı bilirdi ki, bir gün bu qapılar birdəfəlik bağlanacaq. Sadəcə, o günün nə vaxt gələcəyini gözləyirdilər. 

“Sovetski”də dünən tonqal qalamaq üçün taxta çox idi, çünki sökülən evlərin parçaları hər yerdədir.  Gənc oğlanlar dağıntıların arasından o taxtaları yığır, elə bil bir vaxtlar bu məhəllənin parçası olan hər şeyi yenidən bir yerə toplamağa çalışırdılar. Amma sakinlər dağıntıların arasında belə bayramı əvvəlki kimi yaşatmağa cəhd edirdi. Baxmayaraq ki, gözlərindəki kədəri söhbətə başladıqları anda hiss etmək olurdu. Xüsusən yaşlıların baxışlarında bu daha aydın hiss olunurdu.  

Axşam hava qaralanda yenidən “Sovetski”yə qayıdıram. Gün ərzində dağıntıların arasından yığılan taxtalar indi tonqala çevrilib. Alov qalxır və bu işığın ətrafına məhəllə yığışıb. Necə deyərlər, 7-dən 77-yə hamı buradadır.

Gənclər maşınlarında mahnı qoyublar, səs bütün küçəyə yayılır. Repertuar isə elə bil bu məhəllənin ruhuna uyğun seçilib, bakılıalrın sevimlisi, Xalq artisti Eyyub Yaqubov oxuyur: “Bakılı balasıyam”, “Gözəl Bakı”, “Ağabala Çaykovski”…

İnsanlar oynayır, gülür, amma bu mahnılar nədənsə hamını bir az da kövrəldir. Elə bil hər kəs anlayır ki, bu məhəllə, bu axşam, bu bayram bir daha təkrarlanmayacaq.

Səhər reportaj hazırlayanda mənə yaxınlaşıb ayaq saxlayan, suallar verən, hətta evinə dəvət edən Suğra bibi də buradadır. Səhərki dəvəti formal deyildi,  səmimi idi, içdən gəlirdi. 

Məni tonqalın başında görən kimi tanıyır. Qonşularına şirin Bakı ləhcəsi ilə deyir ki, bu qız jurnalistdü, məhləmizdən yazır e ağəz. Axırıncı bayramımızdu axı...

Suğra bibi üzünü mənə çevirib davam edir  danışmağa başlayır.  Deyir mən bu məhəllədə böyümüşəm. Elə öz qonşumla sevib evlənmişəm. Gəncliyim burda keçib. 73 yaşım var, hələ də burdayam. Bir anlıq dayanır. Gözlərini tonqala dikir. Amma ilin sonuna kimi çıxacam.

Deyir ki, ömrünü keçirdiyi yerdən ayrılmaq heç də asan deyil. Bu yaşa qədər burda yaşamışam… İndi mənə verilən pulla gedib şəhərin kənarından ev almalıyam. Bu mənə pis təsir edir. Çünki buranın ətrafında ev almağa gücüm çatmır… kredit də götürə bilmərəm.

Saatlar irəlilədikcə tonqalın ətrafında artıq yadlıq qalmır. Mən də onların arasına qarışıram. Tonqaldan tullanırıq, gülürük, oynayırıq. Elə bil hamı bu anı bir az da uzatmaq istəyir.

Məhəllə sakinləri evə dəyib qayıdırlar, biri samovar gətirir, biri termos, biri stəkan. Yaşlı bir kişi əlində klyok Sirab, kola, bir də birdəfəlik stəkanlarla yaxınlaşır. 

Saat artıq 11-i keçir. Yavaş-yavaş insanlar dağılışmağa başlayır. Səs-küy azalır, gülüşlər səngiyir. Tonqal da əvvəlki kimi gur yanmır, alov sönür, yerində yalnız közlər qalır.

Fonda yenə Eyyub Yaqubov oxuyur

“Vidi, fasonu olsa da Yevropeyski

Ürəklərdə yaşayacaqdı Sovetski

Tarixlərə yazılacaqdı Sovetski…”

Heç kim yüksək səslə demir, amma hamı anlayır bu bayram qalan sonuncu  məhəllələrin öz-özü ilə vidalaşdığı gecədir. Tonqalın son közləri kimi, “Sovetski” də yavaş-yavaş sönür… Amma bu gecə gördüklərimdən sonra bir şeyə əminəm Sovetski bəlkə xəritədən silinəcək,amma insanların yaddaşından heç vaxt….

Əsmətxanım Rzazadə


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!