Gündəlik həyatda tez-tez qarşılaşdığımız suallardan biri budur: yeməyi evdə hazırlamaq daha sərfəlidir, yoxsa hazır yemək sifariş etmək? İlk baxışdan evdə bişirmək daha ucuz görünür. Lakin alış-veriş, məhsulların hazırlanması, qaz və ya elektrik sərfiyyatı, vaxt itkisi və istifadə olunmadan qalan ərzaqlar da hesablandıqda mənzərə bir qədər dəyişir. Eyni zamanda sifariş zamanı yalnız yeməyin qiymətini deyil, çatdırılma, xidmət və digər əlavə ödənişləri də nəzərə almaq lazımdır.
“Yeni Sabah”ın araşdırmaları göstərir ki, istehlakçılar hər iki variantın real xərcini bəzən düzgün qiymətləndirmirlər. ABŞ-da aparılan bir araşdırmada insanlar evdə hazırlanan yeməyin xərcini hazır yeməklə müqayisədə olduğundan yüksək qiymətləndiriblər. Tədqiqat iştirakçıları evdə yeməyin hazırlanması və süfrəyə verilməsi üçün orta hesabla 80,7 dəqiqə vaxt lazım olduğunu düşünərkən, çöldən yemək almaq üçün sərf olunan vaxtı 30,3 dəqiqə hesab ediblər.
Evdə bişirmək həqiqətən daha ucuzdur? pizza
Uzunmüddətli baxımdan evdə yemək hazırlamaq əksər hallarda daha sərfəli ola bilər. Xüsusilə bir neçə nəfərlik ailədə eyni ərzaqdan bir neçə porsiya hazırlamaq mümkündür. Ərzaq məhsullarını topdan və kampaniya zamanı almaq, yeməyi bir neçə gün üçün planlaşdırmaq və evdə olan məhsullardan istifadə etmək də xərci aşağı sala bilər.
2017-ci ildə dərc olunan araşdırmada həftədə daha çox evdə yemək hazırlayan şəxslərin adambaşına ümumi ərzaq xərclərinin daha aşağı olduğu müəyyən edilib. Evdə daha çox yemək hazırlayan qrupda aylıq adambaşına ümumi ərzaq xərci 273 dollar, daha az evdə yemək hazırlayan qrupda isə 330 dollar olub. Çöldə yeməyə daha çox üstünlük verənlərdə isə ümumi xərc 261 dollardan 364 dollara yüksəlib.
Burada maraqlı məqam ondan ibarətdir ki, evdə yemək hazırlamaq ev ərzağına çəkilən xərci mütləq şəkildə artırmır. Əksinə, çöldə yeməyə ayrılan vəsait azaldığı üçün ümumi ərzaq büdcəsi aşağı düşə bilər.
Bəs niyə sifariş bizə bəzən daha sərfəli görünür?
Bunun əsas səbəblərindən biri qiyməti yalnız bir əməliyyat üzərindən hesablamamızdır. Məsələn, insan marketdən ərzaq alarkən bir neçə məhsulun ümumi qiymətini görür və bunu bir yeməyin xərci kimi qəbul edir. Halbuki həmin məhsulların bir hissəsi başqa günlərdə də istifadə ediləcək.
Sifariş zamanı isə istehlakçı konkret məbləğ görür: məsələn, 10-15 manatlıq yemək. Bu məbləğ ilk baxışda münasib görünə bilər. Lakin çatdırılma haqqı, xidmət haqqı, minimum sifariş məbləği və əlavə məhsullar hesablandıqda yekun ödəniş arta bilər.
Digər tərəfdən, sifarişin üstünlüyü yalnız qiymətlə ölçülmür. Vaxta qənaət də iqtisadi dəyərə malikdir. İnsan yemək hazırlamaq əvəzinə həmin vaxtı işləməyə, istirahətə və ya digər işlərə sərf edə bilər. Buna görə də “hansı daha ucuzdur?” sualının cavabı hər kəs üçün eyni olmur.
Azərbaycanda ictimai iaşə sektoru da kifayət qədər böyük istehlak bazarına çevrilib. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar-fevral aylarında ölkədə ictimai iaşə dövriyyəsi 410,6 milyon manat olub və real ifadədə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,6 faiz artıb. Yanvar-mart aylarında isə dövriyyə 630 milyon manata çatıb və real ifadədə illik 5,2 faiz artım qeydə alınıb.
2026-cı ilin yanvar-iyun aylarında turistlərin yerləşdirilməsi və ictimai iaşə sahəsində yaradılmış əlavə dəyərin real ifadədə 2,4 faiz artması da sektor üzrə iqtisadi aktivliyin davam etdiyini göstərir.
Bu rəqəmlər insanların hazır yemək və ictimai iaşə xidmətlərinə tələbinin az olmadığını göstərir. Bununla yanaşı, iaşə dövriyyəsinin artması bütün insanların evdə yemək hazırlamaqdan imtina etdiyi anlamına gəlmir.
Əsl “illüziya” haradadır?
İllüziya çox vaxt yeməyin qiymətini onun hazırlanma formasından ayrı qiymətləndirməyimizdən yaranır. Evdə bişirərkən hesablamaya ərzaq, qaz və ya elektrik, yağ, ədviyyat, su, hazırlama və qabların yuyulmasına sərf olunan vaxt, həmçinin istifadə olunmadan xarab olan məhsullar daxil edilməlidir.
Sifariş zamanı isə yeməyin qiymətinə əlavə olaraq çatdırılma və xidmət haqları, bəzən də impulsiv şəkildə səbətə əlavə edilən içki, desert və digər məhsullar nəzərə alınmalıdır. Üstəlik, bir nəfər üçün evdə yemək hazırlamaqla dörd nəfərlik ailə üçün yemək hazırlamağın iqtisadi səmərəliliyi eyni deyil. Ailə böyüdükcə evdə hazırlanan yeməyin bir porsiyaya düşən xərci azala bilər.
Deməli, hansı daha sərfəlidir?
Bir-iki dəfə sifariş vermək ilə müntəzəm olaraq çöldən yemək sifariş etmək arasında ciddi fərq var. Ara-sıra sifariş zamanı vaxt qənaəti əlavə xərci əsaslandıra bilər. Lakin bunu gündəlik vərdişə çevirdikdə çatdırılma və xidmət haqları ilə yanaşı, hazır yeməyin daha yüksək marjası ümumi büdcəyə təsir göstərə bilər.
Digər tərəfdən, evdə bişirmək də avtomatik olaraq “ən ucuz variant” deyil. Plansız alış-veriş, artıq məhsul almaq və ərzağın xarab olması qənaəti azalda bilər.
Nəticədə ən sərfəli seçim konkret yeməyin qiymətindən deyil, porsiyanın sayından, ərzağın qiymətindən, sifarişin əlavə ödənişlərindən, hazırlama vaxtından və ərzaq israfından asılıdır.
Yəni “evdə bişirmək həmişə ucuzdur” və ya “sifariş etmək daha sərfəlidir” fikirlərinin hər ikisi tam doğru deyil. Əsas məsələ istehlakçının yeməyin yalnız görünən qiymətini deyil, onun tam iqtisadi dəyərini hesablamasıdır.
Cəlalə
Telegram kanalımız