Milli Məclisin bugünkü plenar iclasında “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanun layihəsində və Mülki Məcəllədə dəyişiklik edilməsi barədə sənəd müzakirə olunaraq birinci oxunuşda qəbul edilib.
"Yeni Sabah" xəbər veir ki, qanunvericiliyə edilən yeni dəyişiklik Azərbaycanda metro və dəmir yolu infrastrukturunun inkişafı, eləcə də bu sahədə həyata keçirilən irimiqyaslı layihələrin vaxtında və səmərəli icrasının təmin olunması məqsədini daşıyır.
Təklif olunan dəyişikliklərə əsasən, tunellərin, o cümlədən metro tunellərinin, dəmir yolu, metropoliten və tramvay xətlərinin, stansiya və depoların tikintisi, quraşdırılması, bərpası və genişləndirilməsi üçün zəruri olan torpaq sahələri dövlət ehtiyacları üçün alınacaq. Bu adımla strateji əhəmiyyətli nəqliyyat layihələrinin maneəsiz icrası hüquqi baxımdan tam təmin edilir. Dominos pizza
Qanun layihəsinin əsaslandırılmasında qeyd olunub ki, Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi məqsədilə Prezidentin 2025-ci il 30 yanvar tarixli sərəncamı ilə “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı” təsdiqlənib. Həmin Proqram çərçivəsində nəqliyyat vasitələri parklarının yenilənməsi ilə yanaşı, yeni depoların, stansiyaların və xətlərin tikintisi, mövcud infrastrukturun bərpası və təkmilləşdirilməsi nəzərdə tutulur.
Hazırlanan sənədin əsas məqsədi torpaq sahələrinin dövlət ehtiyacları üçün alınması tənzimləmələrində hüquqi mexanizmlərin daha dəqiq və birmənalı tətbiqini təmin etməkdir. Bu dəyişikliklərin metro və dəmir yolu infrastrukturunun genişləndirilməsini sürətləndirəcəyi, prosesdə hüquqi müəyyənliyi və şəffaflığı artıracağı, eyni zamanda dövlət və vətəndaş maraqlarını qanunvericilik çərçivəsində balanslaşdıracağı vurğulanır.
Qanun layihəsi parlamentdəki müzakirələrdən sonra səsverməyə çıxarılaraq birinci oxunuşda təsdiqlənib.
Nazim Hacıyev
Telegram kanalımız