“Bu, rüsvayçılıqdır!” – Mütəxəssis  dünya çempionatındakı qalmaqalı sərt tənqid etdi

saytların hazırlanması

Evə çatdırılma

“Bu, rüsvayçılıqdır!” – Mütəxəssis dünya çempionatındakı qalmaqalı sərt tənqid etdi

İdman

06 İyul 2026 13:10 294


DÇ-2026-nın qrup oyunları, habelə  1/16 final mərhələsi başa çatıb. Hazırda 1/8 final mərhələsinin son oyunları bitmək üzrədir. Turnirdə ən çox müzakirə olunan mübahisəli hakim qərarları, Fransa-Paraqvay oyunundakı sərt kobudluqlara referenin yumşaq yanaşması, ABŞ futbolçusunun qırmızı vərəqəsinin ləğv olunması, Donald Trampın buna görə FIFA-ya minnətdarlıq paylaşımıdır.

Mövzu ilə bağlı "Yeni Sabah"a danışan Aut.az saytının baş redaktoru, idman jurnalisti Natiq Muxtarlı bildirib ki, bu mundialda oyunun nəticəsinə təsir edən hakim səhvləri demək olar ki yoxdur.

Onun sözlərinə görə, bunun əsas səbəbi VAR sisteminin səhvləri vaxtında aradan qaldırmasıdır. Dördpendirli pizza

"Hakim səhv edə bilər, bu qaçılmazdır. Amma artıq VAR sistemi var və nəticəyə təsir edəcək səhvləri aradan qaldırır. Məsələn, İngiltərə–Meksika oyununda hakim iki aşkar penalti epizodunu qiymətləndirə bilməmişdi. VAR müdaxilə etdi və hər iki halda düzgün qərar verildi. Buna görə də bu dünya çempionatında oyunun taleyini dəyişəcək hakim səhvlərindən danışmaq doğru olmaz"- deyə o bildirib.

İdman jurnalisti Fransa-Paraqvay qarşılaşmasının da geniş müzakirə olunmasına münasibət bildirib. Onun sözlərinə görə, Paraqvay millisi həqiqətən də sərt futbol oynayıb, lakin bu, qırmızı vərəqəlik oyun demək deyil.

"Paraqvaylı futbolçular kobud oyuna üstünlük verirdilər. Bu onların seçdiyi taktika idi. Fransa kimi rəqibə qarşı yalnız bu cür mübarizə apara bilərdilər. Amma mən həmin oyunda qırmızı vərəqəlik epizod görmədim. Əgər belə epizod olsaydı, VAR mütləq müdaxilə edəcəkdi. Bununla belə, hakim bir neçə epizodda Paraqvay futbolçularına sarı vərəqə göstərə bilərdi. Sarı vərəqələr verilsəydi, onlar sonradan kobud oyundan çəkinəcəkdilər. Bu baxımdan Fransa azarkeşlərinin narazılığı müəyyən qədər əsaslıdır."

Muxtarlı turnirin ən böyük qalmaqalının isə ABŞ millisinin futbolçusunun qırmızı vərəqəsinin sonradan ləğv edilməsi olduğunu deyib. O, bu qərarı futbol tarixində görünməmiş siyasi müdaxilə kimi qiymətləndirib.

"Bu, birmənalı şəkildə rüsvayçılıqdır. Bu, biabırçılıqdır. Bu, siyasətin idmanı idarə etməsi deməkdir. Sağlam rəqabətə, idman prinsiplərinə açıq şəkildə zərbə vurulur. Futbolun nüfuzu gözdən salınır, siyasətçilər futbolu öz maraqlarına xidmət etdirirlər."

İdman jurnalisti hesab edir ki, Belçika millisinin bu qərara etiraz etməkdə tam haqqı var.

"Belçikanın narazılığı tam əsaslıdır. Böyük ehtimalla apellyasiya şikayəti də veriləcək. UEFA-nın da bu məsələyə münasibət bildirməsi mümkündür. Amma düşünmürəm ki, qəbul olunan qərar dəyişəcək."

Muxtarlı bildirib ki, hakimləri ittiham etmək düzgün deyil. Onun fikrincə, hazırkı vəziyyətin əsas məsuliyyəti futbolu idarə edən qurumların üzərinə düşür.

"Burada hakimlərin günahı yoxdur. Hakim səhv edəndə VAR onu düzəldir. Futbolu gözdən salan hakimlər yox, siyasətin futbola müdaxiləsidir".

O qeyd edib ki, siyasət tarix boyu idmanın içində olub. Mussolini dövründə keçirilən dünya çempionatlarını, Pinoçet dövründə yaşanan hadisələri, 1980-ci ildə Moskva Olimpiadasının ABŞ tərəfindən boykot edilməsini, dörd il sonra Los-Angeles Olimpiadasının isə SSRİ-nin təsiri ilə sosialist ölkələri tərəfindən boykot olunmasını buna misal göstərib.

"Siyasət həmişə idmanda olub. Turnirlərin boykot edilməsi də olub, ev sahibliyinin siyasi müzakirələrə səbəb olması da. Amma konkret futbolçunun cəzasına bu cür müdaxilə edilməsi tamamilə fərqli məsələdir. Mən buna indiyədək rast gəlməmişəm."

İdman jurnalisti 2026-cı il dünya çempionatının ABŞ-a verilməsinin də siyasi qərar olduğunu iddia edib. O bildirib ki, 2018-ci ildə Rusiyada, 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatlarından sonra FIFA-da aparılan korrupsiya araşdırmaları təsadüfi deyildi və sonradan turnirə ev sahibliyinin ABŞ-a verilməsi də bunun nəticəsi idi.

Muxtarlının fikrincə, bu gün baş verənlər təkcə futbolun deyil, həm də ABŞ-ın nüfuzuna zərbə vurur.

"Futbolda güc meydanda göstərilməlidir. Belə qərarlar milyonlarla azarkeşin sevdiyi oyuna inamı sarsıdır. Bu cür müdaxilələr təkcə futbolu yox, həm də ABŞ-ın özünü gözdən salır."

Sonda jurnalist vurğulayıb ki, dünya çempionatının əsas problemi hakim səhvləri deyil.

"Bu mundialın əsas qalmaqalı hakimlər yox, siyasətin futbola müdaxilə etməsidir. VAR nəticəyə təsir edən səhvləri aradan qaldırır. Futbolu nüfuzdan salan isə siyasi qərarlardır."

Aytəkin Əzizqızı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!