Hazırda Milli Məclisdə müzakirəsi keçirilən ""Əmək Pensiyaları haqqında" Qanuna növbəti dəyişikliklər də, pensiya sistemində aparılan islahatların tərkib hissəsi kimi əhəmiyyətlidir.
Yenisabah.az bildirir ki, bunu ASAN Radio-ya müsahibəsində Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.
“Pensiya sahəsindəki islahatlar, cənab Prezident İlham Əliyevin sosial sahədə apardığı dərin islahatların tərkib hissəsidir. 2019-cu ildən bu yana, ötən müddət ərzində əmək pensiyaları və sosial müavinətlər sahəsində 200-dən çox qanunvericilik aktına əlavələr və dəyişikliklər edilmiş, yeni normativ sənədlər qəbul olunmuşdur. Hazırda Milli Məclisdə müzakirəsi keçirilən əmək pensiyaları haqqında qanuna növbəti dəyişikliklər də, pensiya sistemində aparılan islahatların tərkib hissəsi kimi əhəmiyyətlidir”. pizza
Komitə sədri qeyd edib ki, sözügedən qanunun 10 maddəsinə 43 dəyişiklik təklif olunub.
“Dəyişikliklərdə məqsəd, vətəndaşların pensiya təminatını yaxşılaşdırılması, pensiyaya çıxmaq şərtlərinin yumşaldılması, şəffaflığın artırılması, vətəndaş məmnunluğunun yüksəldilməsi və pensiya təminatında sosial sığorta prinsiplərinin daha geniş şəkildə tətbiq olunması, eyni zamanda bəzi koteqoriya vətəndaşlarımızın güzəştli pensiyaya çıxması şərtlərinin yumşaldılması ilə bağlıdır. Əmək pensiyaları haqqında qanunun 10 maddəsinə 43 dəyişiklik təklif olunub. Bu dəyişikliklərdən bəziləri redaktə xarakterli dəyişikliklərdir, bəziləri yeni anlayışların tətbiqi ilə bağlı dəyişiklərdir, bir çox dəyişiklik isə mahiyyət etibarı ilə vətəndaşın pensiya təminatını yaxşılaşdıran dəyişikliklərdir. Əsas istiqamətlər ilk növbədə uşaqlara görə pensiyanın verilməsi şərtləri daha da yumşaldılır və genişlənir. Mövcud qanuna görə beş və daha çox uşaq doğub böyüdən qadınlar, eyni zamanda beş və daha çox uşağı qəyyumluğa götürən atalar və yaxud da ki, ana vəfat edərsə və ya boşanarsa, beş və daha çox uşağı böyüdən atalar güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququna malikdirlər. İndi isə eyni zamanda sağlamlıq imkanı məhdud uşağı böyüdən atalara və analara da bu güzəştlər şamil olunacaq”.
Musa Quliyev əlavə edib ki, hərbi qulluqçuların pensiya təminatında da müsbət istiqamətdə dəyişikliklər olacaq.
“Belə ki, mövcud qanuna görə hərbi qulluqçu pensiyaya çıxdıqdan sonra onun pensiyasının yenidən hesablanması və yaxud da artırılması imkanları mövcud deyildi. Edilən dəyişiklikdən sonra isə hərbi qulluqçu, pensiyaya çıxdıqdan sonra, yenidən hərbi qulluğa qayıdıb xidmətini davam etdirərsə və yaxud məhkəmənin hökmü ilə yenidən əvvəlki işinə bərpa olunarsa və yaxud hərbi xidmətini davam etdirərkən dünyasını dəyişərsə, onun pensiyası yenidən artırılıb pensiya hüququ olan ailə üzvlərinə verilməsi imkanı yaradılacaq”.
Deputat bildirib ki, daha mühüm dəyişikliklərdən biri, ailə başçısını itirməyə görə pensiyanın verilməsi şərtlərinin yaxşılaşdırılmasıdır.
“Belə ki, mövcud qanunvericiliyə görə ailə başçısını itirməyə görə, pensiya almaq hüququ olan ailə üzvləri arasında mövcud pensiyalar bölüşdürülür. Əgər ananın həyat yoldaşı itirildiyi halda sosial pensiya almaq hüququ yaranırsa, o halda ana sosial pensiya ala bilmirdi, yalnız ailə başçısını itirməyə görə pensiya ala bilərdi. İndi isə həm sosial pensiya, həm də ailə başçısını itirməyə görə pensiya ala biləcək”.
Sonda M.Quliyev deyib ki, dəyişikliklərdən biri də əmək pensiyasından əlilliyə və yaxud da əlilliyə görə pensiyaya çıxma məhdudiyyətinin aradan qaldırılmalıdır.
“Bu da vətəndaşa imkan verəcək ki, pensiya növü daha çox təşkil edilsə, həmin pensiya növünü seçmək mümkün olsun. Bütölükdə götürəndə dəyişikliklər pozitiv dəyişikliklərdir və hər biri vətəndaşın sosial vəziyyətini dəyişməyə hesablanıb. Bəzi hallarda isə qadın və kişilərin yaşının bərabərləşdirilməsi, güzəştli şərtlərlə pensiyaya çıxdıqda hallar var idi ki, bu da bizim 2017-ci ildə qəbul etdiyimiz qanunda, qadın və kişilərin eyni yaşda pensiyaya çıxması tələbi ilə uyğunlaşır”.
Cavad Salmanli
Telegram kanalımız