Bu uşaqlara görə niyə utanaq ki?

saytların hazırlanması

Evə çatdırılma

Bu uşaqlara görə niyə utanaq ki?

Sosial

17 Aprel 2022 21:22 2770


Məşhur Azərbaycanlı bloger Hüseyn Həsənov bu gün Park Bulvarda gənclərlə kütləvi görüş keçirib. Böyük izdiham yaranıb. Ticarət Mərkəzində iynə atsan yerə düşməzdi. Görüntülər sosial şəbəkələrdə yayılıb. Elə hər şey də bundan sonra başladı.

Hər kəs içindəki kini qusmağa başladı.

Həmin gəncləri, yeniyetmələri aşağıladılar. Dominos pizza

Biri yazdı ki, bu gənclər bizim üz qaramızdır.

O biri yazdı ki, bizim gələcəyimiz qaranlıq görünür, bu uşaqlarla hara gedəcəyik ki?!

Başqası dedi ki, ora toplaşanların heç birinin təfəkkürü, savadı yoxdur.

Vətənpərvərlik senzoru da o yandan qayıtdı ki, görəsən, bu gənclər heç şəhidlərimizin adını bilir?

Susqun dahi də özünə müdrik görkəm verib “mən bu gəncliyə görə utanıram” dedi.

Mən orada utanılacaq heç nə görmədim. Ümumiyyətlə, Qarabağ savaşından sonra bütün gənclərimizlə, millətimizlə fəxr edirəm. Bu pafos deyil. Səmimi ifadə etdiyim hissdir. Qarabağ savaşı günlərində səfərbərlik xidmətinin qarşısına toplaşan da bu gənclik idi. Yol kənarlarına düzülüb ön cəbhədəki qardaşlarımız üçün sovqat göndərənlər də onlar idi. Xəstəxanaların qarşısında qazilərimizə qan verəmək üçün növbəyə düzülənlər də.

Axı bugünkü o izdihamda utanılacaq nə var idi?

Bu bir reallıqdır ki, ölkədə gənclərin asudə vaxtlarının keçirməsi üçün şərait yoxdur. Bizdə əyləncə sektoru demək olar ki, inkişaf etməyib. Ona gərə də yeniyetmələr, gənclər bu boşluğu yalnız bir yolla doldura bilir: Sosial şəbəkələr.

Sosial şəbəkələrin də flaqmanları var, liderləri yetişir.

Bir vaxtlar məşhur estrada müğənniləri idi bu kumirlər. Məşhur aktyorlar, musiqiçilər, siyasi şəraitdən asılı olaraq siyasi liderlər, hətta şair və yazıçılar da bu səhnədə müəyyən qədər müəyyən dövrdə səhnə ala biliblər.

Hazırda bu səhnənin liderləri blogerlərdir. Onlar öz ətrafına milyonlar toplaya bilirlər. 

İndi bu gənclər nə etsinlər? Bara gedirlər qarğış, məhdud əyləncə yerlərinə gedirlər söyüş. Gənclik enerji ilə dolu olmaq deməkdir. O bu enerjini xərcləməlidir. Onların hamısından tələb etmək olmaz ki, get kitab oxu, təhsil al, bütün gününü kitabxanalarda keçir, akademik ol! Bu cəmiyyətə akademik də, mütəxəssis də, fəhlə də lazımdır. Hər kəs də öz yolunu seçməkdə azaddır. Bu seçimə görə kimisə qınamaq, onun senzoru olmaq yumşaq desək fikir müxtəlifliyinə qarşı hörmətsizlikdir.

Hüseyn Həsənov hər kimdirsə, bu gün gənclik onun çağırışına toplanmışdı. Bu gün ulduzları sosial şəbəkələr yetişdirir. Mədəniyyət xadimini də, iş adamını da, lap elə siyasi lideri də...

Deməyim odur ki, o uşaqlara görə utanmaq lazım deyil. Onlara sərbəstlik vermək lazımdır, seçimlərini topa tutmağa gərək yoxdur. Onlar bu günün, bu cəmiyyətin, bu şəraitin yetişdirdiyi uşaqlardır. Bizim içimizdə böyüyüblər. Onları biz bəsləyib yetişdirmişik. Bağban bizik. Heç kim yaxasını kənara çəkməsin. O meyvələrin acısı da, şirini də, hətta qurd düşənini də biz becərmişik. 

Gənclərdən qocalar kimi düşünüb, qocalar kimi davranmağı tələb etmək yersizdir. Yersiz danışmayaq!

Elnur Məmmədli


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!