Ceyhun Bayramov Sergey Lavrovla danışdı  - Yenilənib

Ceyhun Bayramov Sergey Lavrovla danışdı - Yenilənib

Siyasət

31 Yanvar 2023 22:26 592


31 yanvar 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.

Yenisabah.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Telefon danışığı zamanı Azərbaycan və Rusiya arasında mövcud ikitərəfli məsələlər, bölgədə sülh və sabitliyin təmin edilməsi istiqamətində tədbirlər, o cümlədən Laçın yolu ətrafında cari vəziyyət müzakirə mövzusu olub.

Nazir Ceyhun Bayramov Üçtərəfli Bəyanata zidd olaraq Rusiya sülhməramlı kontingentinin yerləşdiyi Azərbaycan ərazilərində qeyri-qanuni iqtisadi fəaliyyətin və Laçın yolundan sui-istifadənin dayandırılması barədə etirazçıların tələblərinin hələ də yerinə yetirilmədiyini təəssüflə qeyd edib. Blokada və humanitar vəziyyət barədə iddiaların heç bir əsasının olmadığını xatırladıb.

Ermənistanın Azərbaycan ərazilərini 30 il ərzində işğal altında saxlamasına baxmayaraq, müharibədən dərhal sonra Azərbaycanın Ermənistanla münasibətlərin qurulması və normallaşma istiqamətində təkliflərlə çıxış etdiyi, Ermənistanla delimitasiya, nəqliyyat-kommunikasiya xətlərinin açılması, sülh sazişi istiqamətində qısa müddətdə razılıq əldə edilməsi istiqamətində səy göstərdiyini diqqətə çatdırıb. Buna baxmayaraq, Ermənistan tərəfinin təxribatlarının prosesə maneçilik törətdiyini bildirib.

Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

***

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və rusiyalı həmkarı Sergey Lavrovla telefon danışığı aparıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.

Lavrov bildirib ki, Rusiya tərəfi Moskvada Azərbaycan və Ermənistan XİN başçıları arasında sülh müqaviləsi layihəsi üzrə danışıqların növbəti raundunu təşkil etməyə hazırdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!