Azərbaycan Prezidenti oktyabrın 23-də Bakıda Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankarı qəbul edib. Hindistanın xarici işlər nazirinin Azərbaycana səfərini bu ölkənin Baş naziri Narendra Modinin Şanxay Əməkdaşlıq Təşkilatının Bişkekdə keçirilən sammitində Prezident İlham Əliyevlə dialoqunun davamı kimi qiymətləndirmək olar. Təsadüfi deyil ki, Subrahmanyam Cayşankar məhz Narendra Modinin təlimatıyla Bakıya gəldiyini bildirib.
"Yeni Sabah" xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
“İlham Əliyev Narendra Modi ilə Bişkekdə keçirilmiş görüşü və həmin görüş zamanı aparılmış fikir mübadiləsini məmnunluqla xatırlayıb. Azərbaycan Prezidenti Hindistanın xarici işlər nazirinin Azərbaycana səfərini yüksək qiymətləndirərək, bunun ikitərəfli münasibətlərin mövcud vəziyyətinin və inkişaf perspektivlərinin müzakirəsi baxımından əhəmiyyətini qeyd edib. Görüşdə Azərbaycanla Hindistan arasında münasibətlərin mövcud vəziyyətinə dair ətraflı fikir mübadiləsi aparılıb, siyasi, iqtisadi, yüksək texnologiyalar, mədəni, humanitar və digər sahələrdə ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib. Söhbət zamanı beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın əhəmiyyətinə toxunulub. Həmçinin ikitərəfli əlaqələrin inkişaf etdirilməsi məqsədilə siyasi təmasların intensivləşdirilməsinin, müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin, o cümlədən iqtisadiyyat və biznes nümayəndə heyətlərinin səfərlərinin həyata keçirilməsinin vacibliyi vurğulanıb. pizza mizza
Subrahmanyam Cayşankar azərbaycanlı həmkarı Ceyhun Bayramovla Hindistanın Azərbaycan və Ermənistan arasında əldə olunmuş irəliləyişdən sevindiyini, bunun uzunmüddətli sülhün əldə olunması üçün şərait yaradacağını vurğulayıb. Subrahmanyam Cayşankarın sözlərinə görə, Ceyhun Bayramovla qlobal münaqişələrin təsirlərini də müzakirə edib.
Beləliklə, Hindistan Azərbaycanla ticarəti, o cümlədən enerji sahəsindəki əlaqələri genişləndirmək istəyir. Cayşankarın “Hindistan şirkətləri neft-qaz sektoruna investisiya yatırmağa maraq göstərir” cümləsi də bundan xəbər verir. Hindistan bir neçə il əvvəl Azərbaycan neftinin əsas alıcılarından biri idi. İki ölkə arasında ticarətin həcmi 1 milyard dollara yaxınlaşmışdı. İran və Hörmüz boğazı ətrafındakı gərginlik Hindistanın neftə olan tələbatını artırıb. Hindistan İran və Körfəz ölkələrinin əvəzinə Rusiyadan ucuz neft alsa da, alternativlərin axtarışını davam etdirir. Bu mənada Hindistan Azərbaycandan daha çox neft almaq istəyir. Digər tərəfdən Mərkəzi Asiya neftinin Azərbaycan üzərindən dünya bazarlarına daşınması da Yeni Dehlinin diqqətini çəkib.
Hindistan beynəlxalq nəqliyyat dəhlizlərinə əhəmiyyət verir. Misal olaraq Azərbaycanın da iştirakçısı olduğu Şimal-Cənub nəqliyyat dəhlizini göstərmək olar. İran və Hindistan 2024-cü ildə İranın Çabahar limanının idarə edilməsinə dair saziş imzalayıblar. Bu sazişə görə, Hindistan həmin limanın yenidən qurulmasına 500 milyon dollar yatırım qoymalı idi. Ancaq ABŞ və İsrailin İrana qarşı müharibələri və gərginliyin bugünə qədər davam etməsi Hindistanın həmin limanı yenidən qurmaq planlarını müvəqqəti olaraq təxirə salıb. Buna baxmayaraq, Hindistan bu limanla bağlı planlarından imtina etməyib. Hindistan Çabahar limanı vasitəsilə Mərkəzi Asiya, Azərbaycan, Türkiyə, Gürcüstan, Ermənistan və Rusiya bazarlarına çıxış imkanı əldə edəcək ki, bu Yeni Dehlinin gələcək planlarından xəbər verir. Hindistan hökumətinin Azərbaycanla dialoqu və əməkdaşlığı genişləndirməyə qərar verməsinin arxasında bu amil də dayanır”, - politoloq vurğulayıb.
Telegram kanalımız