Yay istisində dəniz sahillərinə üz tutan minlərlə insanın əksəriyyəti günəş kremi, dəsmal və çimərlik ləvazimatlarını götürməyi unutmur. Ancaq çoxlarının diqqət etmədiyi bir məqam var: acqarına dənizə girmək. Bəziləri bunu zərərsiz hesab etsə də, həkimlər xəbərdarlıq edir ki, bu vərdiş halsızlıqdan tutmuş huşun itirilməsinə, hətta suda boğulma riskinin artmasına qədər ciddi fəsadlara səbəb ola bilər.
"Yeni Sabah" xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, xüsusilə isti hava şəraitində uzun müddət qida qəbul etmədən dənizə daxil olmaq orqanizmdə enerji çatışmazlığı yaradır və təhlükəli vəziyyətlərin yaranma ehtimalını artırır.
Həkimlər izah edirlər ki, insan uzun müddət ac qaldıqda qanda şəkərin səviyyəsi aşağı düşür. Günəş altında qalmaq və üzmək zamanı orqanizmin enerji sərfiyyatı artdığından bu vəziyyət daha da ağırlaşa bilər. Nəticədə zəiflik, ürəkbulanma, göz qaralması və koordinasiya pozğunluğu yarana bilər. pizza sifarişi
Həkimlər bildirirlər ki, xüsusilə şəkərli diabet, aşağı arterial təzyiq, ürək-damar xəstəlikləri və digər xroniki problemləri olan şəxslər acqarına dənizə girməkdən çəkinməlidirlər. Yaşlılar və uşaqlar da risk qrupuna daxildir.
Dənizə girməzdən əvvəl ağır və yağlı yeməklər qəbul etmək düzgün olmadığı kimi, tam ac qalmaq da məsləhət görülmür. Ən uyğun variant suya girməzdən təxminən 1-2 saat əvvəl yüngül qidalar qəbul etməkdir. Meyvə, qatıq, tam taxıllı çörək, pendir və ya digər yüngül qidalar orqanizmi lazımi enerji ilə təmin edə bilər.
Həkimlər qeyd edirlər ki, isti hava şəraitində susuzluq da təhlükəni artıran əsas amillərdəndir. Orqanizmdə maye çatışmazlığı olduqda qan dövranı zəifləyir, təzyiq enə və huşun itirilməsi riski arta bilər. Buna görə dənizə getməzdən əvvəl kifayət qədər su içmək tövsiyə olunur.
Mütəxəssislər günəş altında uzun müddət qaldıqdan dərhal sonra da suya daxil olmağın təhlükəli olduğunu vurğulayırlar. Çox isinmiş bədənin qəfil soyuq su ilə təması damarların sürətlə daralmasına, ürək ritmində dəyişikliklərə və bəzi hallarda ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. Bu səbəbdən əvvəlcə kölgədə bir qədər dincəlmək, bədəni sərinlətmək, sonra isə tədricən suya daxil olmaq məsləhətdir.
Dənizdə özünü halsız hiss edən, başı gicəllənən və ya ürəkbulanması olan şəxs dərhal sudan çıxmalı, kölgəyə keçməli, su içməli və vəziyyəti yaxşılaşmadıqda tibbi yardım almalıdır.
Əsmətxanım Rzazadə
Telegram kanalımız