Milli Məclisin plenar iclasında çıxış edən deputat Vüqar Bayramov son beş ildə Kəlbəcər iqtisadiyyatının 30 dəfədən çox böyüdüyünü və rayonun Cənubi Qafqazın əsas iqtisadi mərkəzlərindən birinə çevrilməkdə olduğunu bildirib.
"Yeni Sabah" xəbər verir ki, parlamentari qeyd edib ki, Kəlbəcərin 27 illik işğaldan sonra 2020-ci ildə bir güllə atılmadan və şəhid verilmədən Azərbaycana qaytarılması Vətən müharibəsində qazanılan tarixi qələbənin diplomatik və siyasi müstəvidə davamı olub.
İşğal dövründə rayonun infrastrukturunun dağıdıldığını və təbii ehtiyatlarının qeyri-qanuni istismar edildiyini xatırladan V.Bayramov ilkin qiymətləndirmələrə əsasən Kəlbəcərə azı 10 milyard dollar məbləğində ziyan vurulduğunu diqqətə çatdırıb. Online shopping Azərbaycan
Deputatın sözlərinə görə, hazırda rayon Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strategiyaya uyğun olaraq genişmiqyaslı bərpa, yenidənqurma və inkişaf mərhələsini yaşayır. Kəlbəcərin aqrar və turizm sahələri ilə yanaşı, böyük sənaye potensialına da malik olduğunu vurğulayan parlamentari konkret iqtisadi göstəriciləri açıqlayıb. O bildirib ki, 2020-ci ildə Kəlbəcərdə iqtisadiyyatın əsas sahələri üzrə məhsul buraxılışı 49 milyon manat olduğu halda, hazırda bu göstərici 1,5 milyard manata yüksəlib.
Bundan başqa, rayon üzrə sənaye məhsullarının istehsalının 224 min manatdan 150 milyon manata çatdığını və bərpa-quruculuq işləri nəticəsində tikinti sektorunda son beş ildə 165 dəfə artım qeydə alındığını deyən V.Bayramov bu göstəricilərin Kəlbəcərin iqtisadi potensialının sürətli bərpasını və Cənubi Qafqazın mühüm iqtisadi mərkəzinə çevrilməsi istiqamətində görülən işləri aydın əks etdirdiyini vurğulayıb.
Nazim Hacıyev
Telegram kanalımız