Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Ceyhun Məmmədov və Təhsil naziri Emin Əmrullayev 4 saylı Respublika internat məktəbində təşkil edilən toy mərasimində iştirak ediblər.
Yenisabah.az-la təəssüratlarını bölüşən deputat Ceyhun Məmmədov iştirak etdiyi toy məclisinin yüksək səviyyədə və səmimi keçdiyini bildirib:
“Ötən gün Təhsil Nazirliyinin təşəbbüsü ilə təşkil olunan toyda iştirak etdik. Çox maraqlı tədbir keçirildi. İki valideyn himayəsindən məhrum olan, görmə məhdudiyyətli gəncin toy mərasimində olduq. Tədbirdə bizdən başqa da bir çox tanınmış şəxslər iştirak edirdi. Hamıda bir sevinc, şövq var idi ki, belə xoş tədbirə toplaşıblar. Gənclərdən birinin görmə qabiliyyəti tamamilə məhduddur, digərinin isə bir gözü görür. Onlar ailə qurmaq qərarına gəliblər və Təhsil Nazirliyi onların bu təşəbbüsünü dəstəkləyib. Bütövlükdə məclisi Təhsil Nazirliyinin əməkdaşları təşkil etmişdi. Məclis 4 saylı internat məktəbinin həyətində təşkil edilmişdi. Bu toy həm də Qurban bayramı günlərinə təsadüf edirdi, bu gündə gənclərin yanımnda olmaq, onların sevincinə şərik olmaq hər birimizin borcudur. Biz də bunu özümüzə mənəvi borc hesab etdik. Toyda mən də, nazir də oynadıq, əyləndik, çox səmimi məclis keçdi. Hər şey yüksək səviyyədə oldu, məclisdə səmimi ab-hava var idi. Ailə quran gənclər Sumqayıtda evlə də təmin olunublar”. Marqarita pizza
Deputat yüksək vəzifəli məmurların tez-tez sadə xalqın arasında olmasının vacibliyini vurğulayıb:
“Əvvəlcə qeyd etmək lazımdır ki, yüksək vəzifəli məmurların qarşısında nümunə var: Prezident İlham Əliyevin hər zaman sadə insanlarla yaxın olduğunu görmüşük. Onun iştirak etdiyi bütün tədbirlərdə həmişə səmimi ab-hava olub. Həmçinin bunu Mehriban xanım haqqında da deyə bilərik. Bu tapşırıq bütün məmurlara verilib, biz o stereotipi qırmalıyıq. Məmur da bu xalqın nümayəndəsidir. Hesab edirəm ki, məmurlarımız nə qədər xalqa yaxın, sadə, səmimi olsalar dövlətimizin inkişafına faydalı olar. Həm də vətəndaşlar bir daha əmin olar ki, dövlət onların yanındadır. Hamıya bununla bağlı tapşırıq verilib. Cənab Prezident deyib ki, hər bir məmur xalqın xidmətçisidir. Məmur olmaq üstün olmaq anlamına gəlmir. Son vaxtlar bunu bir sıra məmurların nümunəsində görürük. Dünənki məclisdə bir daha şahidi oldum ki, insanlar bunu necə səmimi və xoş qarşılayırlar”.
Əsmətxanım RZAZADƏ
Telegram kanalımız