Bu gün səhər saat 07:00 radələrində Bakı–Qazax avtomobil yolunun 80,5-ci kilometrliyində “Toyota” markalı avtomobilin sürücüsü A. Cabbarovun, ilkin məlumata görə, sükan arxasında yuxulaması səbəbindən yol-nəqliyyat hadisəsi baş verib.
"Yeni Sabah" xəbər verir ki, bu barədə DİN Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev məlumat verib.
O bildirib ki, yuxusuz və yorğun halda avtomobil idarə edilməsinin ağır nəticələri ilə bağlı davamlı xəbərdarlıqlara baxmayaraq, eyni səbəbdən baş verən hadisələrin təkrarlanması ciddi narahatlıq doğurur. Dördpendirli pizza
Rövşən Tağıyev qeyd edib ki, yuxusu gəldiyini hiss edən sürücünün hərəkəti davam etdirməsi sadəcə diqqətsizlik deyil, mümkün nəticələri bilərək həm özünü, həm də digər hərəkət iştirakçılarını təhlükə altına atmaqdır.
Şöbə rəisi uzaq məsafəyə səfərə çıxan sürücülərə əvvəlcədən kifayət qədər istirahət etməyi tövsiyə edib. O vurğulayıb ki, hərəkət zamanı yorğunluq və yuxululuq hiss edilərsə, avtomobil təhlükəsiz yerdə saxlanılmalıdır.
“Yuxululuğun qarşısını almağın yeganə düzgün yolu normal istirahətdir”, – deyə Rövşən Tağıyev bildirib.
O, sürücüləri səfərə hazırlaşarkən yalnız avtomobilin texniki vəziyyətini deyil, öz fiziki durumlarını da düzgün qiymətləndirməyə çağırıb.
“Yorğun halda sükan arxasına keçməyin. Yuxunuz gəlirsə, hərəkəti dərhal dayandırın. Səfəri təxirə salmaq mümkündür, lakin baş vermiş ağır hadisənin nəticələrini geri qaytarmaq mümkün deyil”, – deyə Rövşən Tağıyev əlavə edib.
Aytac Əliyeva
Telegram kanalımız