“Azərbaycanda çoxsaylı mötəbər idman tədbirlərinin keçirilməsi ölkəmizin beynəlxalq münasibətlər sistemində artan nüfuzundan xəbər verən çox vacib bir amildir. İstər futbol, istərsə də digər sahələrdə keçirilən idman yarışlarının tarixinə nəzər salsaq, görürük ki, belə tədbirlər daha çox sabitlik hökm sürən ölkələrdə baş tutur. Bunun da siyasi və iqtisadi cəhətdən çox ciddi əsasları var”.
Bu sözləri “Yeni Sabah”a açıqlamasında Milli Məclisin deputatı Azər Allahverənov deyib. O bildirib ki, Azərbaycanla bağlı belə qərarlar verilərkən ölkəmizin üzərinə götürdüyü öhdəlikləri hər zaman yüksək səviyyədə yerinə yetirdiyi nəzərə alınır:
“Bakı şəhəri və bütövlükdə Azərbaycan artıq çoxsaylı idman yarışlarının keçirildiyi məkana çevrilib. Bu baxımdan, ölkəmizin əsl idman ölkəsi kimi tanıdılmasına nail olduğumuzu əminliklə deyə bilərəm. Xatırlayaq ki, 2015-ci ildə I Avropa Oyunları, 2017-ci ildə İslam Həmrəyliyi Oyunları, daha sonra III MDB Oyunları və gimnastikadan tutmuş cüdoadək müxtəlif növlər üzrə çoxsaylı beynəlxalq turnirlər keçirilib. Bütün bunlar ölkəmizin bu cür tədbirlərin təşkilində yüksək səviyyəyə çatdığını göstərir. Nəticə etibarilə, beynəlxalq qurumlar idman yarışlarının keçirilməsi ilə bağlı qərar verərkən Azərbaycanın bu nailiyyətlərini yüksək qiymətləndirirlər. Məsələn, Bakı şəhərində FIFA-nın 15 yaşlı komandalar arasında Dünya çempionatının keçirilməsi olduqca mötəbər hadisədir. Bu, ölkəmizin idman siyasətinin güclənməsinə, idmanın populyarlaşmasına və geniş şəkildə təbliğ olunmasına xidmət edir. Azərbaycanla bağlı belə qərarlar verilərkən ölkəmizin üzərinə götürdüyü öhdəlikləri hər zaman yüksək səviyyədə yerinə yetirdiyi nəzərə alınır. Məhz bu səbəbdən beynəlxalq qurumlar belə mötəbər turnirləri Azərbaycana etibar edirlər”. Sezar pizza
A.Allahverənov əlavə edib ki, Azərbaycanda futbolun inkişafına xüsusi yanaşma mövcuddur:
“Ümumiyyətlə, qədim olimpiyadalardan bəri idman yarışları həm də bir sülh vasitəsi olub. Tarixə nəzər salsaq, hətta uzun sürən müharibələr zamanı belə döyüşən tərəflərin idman turnirlərində bir araya gəldiyini görürük. Bu da onu göstərir ki, hər bir idman yarışı həm də sülh və barışıq deməkdir. Azərbaycan hər zaman bu ideyanı geniş şəkildə dəstəkləyib və təbliğ edib. Azərbaycanda futbolun inkişafına gəldikdə, bu sahəyə xüsusi yanaşma mövcuddur. İndi ayrı-ayrı futbol klublarımız beynəlxalq turnirlərdə öz sözünü deyirlər. Əvvəllər komandalarımızın nüfuzlu beynəlxalq turnirlərə qatılması çətin olduğu halda, sonradan "Neftçi", "Qarabağ" və hazırda "Sabah" kimi klublarımız beynəlxalq arenada böyük nailiyyətlərə imza atırlar. Bu, zamana görə bu sahəyə göstərilən diqqətin və dövlət qayğısının birbaşa nəticəsidir. Futbola olan yüksək diqqət və ölkəmizin bu cür turnirləri yüksək səviyyədə təşkil etmə təcrübəsi beynəlxalq idman ictimaiyyətinin Azərbaycana olan böyük rəğbətinin göstəricisidir”.
Xatırladaq ki, FIFA-nın ilk dəfə təşkil edəcəyi və Azərbaycanda keçirilən U-15 Dünya Kuboku və Festivalında 187 ölkənin komandası iştirak edəcək. Dünyanın 189 ölkəsindən FIFA-ya üzv assosiasiyaları təmsil edən dörd minə yaxın gənc futbolçu, məşqçi və rəsmilər turnirdə iştirak edirlər. Yarışın açılış oyunu və final qarşılaşması Bakı Kristal Zalında təşkil olunacaq.
Nazim Hacıyev
Telegram kanalımız