Fransada şərab istehsalı iqlim böhranı və istehlakın azalması səbəbindən son 70 ilin ən aşağı səviyyəsinə geriləyib. Rekord istilər və quraqlıq üzüm bağlarına ağır zərbə vurarkən, sektor artan xərclərlə də mübarizə aparır.
“Yeni Sabah” xarici mediaya istinadən xəbər verir ki, Fransa Kənd Təsərrüfatı Nazirliyinin açıqlamasına görə, ölkədə şərab istehsalı bu il ardıcıl olaraq üçüncü dəfə azalacaq. Burqoniya bölgəsindəki “Grand Cru” bağlarının ən böyük sahiblərindən biri olan “Maison Louis Latour” şirkətinin icraçı direktoru Floran Latur (Florent Latour) bildirib ki, buillik məhsul yığımı norma hesab olunan səviyyənin təxminən yarısına qədər düşüb.
“INSEEC Grande École” təhsil müəssisəsinin şərab və spirtli içkilər kafedrasının rəhbəri Jan-Mari Kardeba (Jean-Marie Cardebat) qeyd edib ki, Fransada artıq heç bir bölgə aşırı istilərdən sığortalanmayıb. İqlimi daha mülayim olan Luara vadisi və Şampan bölgələri istilərdən daha çox təsirləndiyi halda, Bordo və Lanqedok-Rusilyon istehsalçıları keçən illə müqayisədə daha yaxşı məhsul yığdıqlarını bildirirlər. Marqarita pizza
Kardebanın sözlərinə görə, Fransa iqlim dəyişikliyinə qarşı bəzi ölkələrlə müqayisədə daha az hazırlıqlıdır. Məsələn, İspaniya da tez-tez istilərə məruz qalır, lakin inkişaf etmiş suvarma infrastrukturu sayəsində bu prosesə daha yaxşı uyğunlaşıb.
Yüksək temperatur üzüm yığımının ildən-ilə daha tez başlamasına səbəb olur. Floran Latur bu il avqustun 14-də məhsul yığımına başladıqlarını və bunun şirkət tarixində ən tez tarixlərdən biri olduğunu diqqətə çatdırıb. Məhsul yığımı hər 10 ildən bir orta hesabla üç gün önə çəkilir ki, bu da 1930-cu illərdən bəri təqvimin təxminən bir ay erkənə sürüşməsi deməkdir.
İqlim səbəbindən yaranan itkilər sektor üzərindəki maliyyə təzyiqini artırır. Şərabçılıq sahəsində müflisləşən şirkətlərin sayı 2019–2025-ci illər arasında üç dəfə artıb. Fransız hökuməti yay sonunda istilərdən zərər çəkən fermerləri və şərab istehsalçılarını dəstəkləmək üçün 1 milyard avrodan çox təcili yardım paketi elan edib.
Fransada şərab istehlakı da uzunmüddətli dinamikada kəskin azalır. Gündəlik şərab istehlak edənlər 1960-cı ildə əhalinin təxminən yarısını təşkil edirdisə, 2018-ci ildə bu göstərici 10 faizdən aşağı düşüb.
Tələbatın azalması, inflyasiya və gömrük rüsumları səbəbindən anbarlarda məhsul ehtiyatı artıb. Təklifi azaltmaq üçün istehsalçılar üzüm bağlarını sökməyə başlayıblar. Bordo bölgəsində 2023-cü ildən bəri təxminən 20 min hektar bağ ləğv edilib. Hökumət dəstəkli proqram çərçivəsində ölkədəki bağların təxminən 4 faizinin sökülməsi gözlənilir. Dövlət permanent olaraq sökülən hər hektara görə istehsalçılara 4 min avro ödəniş edir.
Ekspertlərin fikrincə, istehsalın kəskin düşməsi nəticəsində Fransanın dünyada 3-cü sıraya geriləmək təhlükəsi var. İtaliya birinciliyini qoruduğu halda, İspaniyanın Fransanı geridə qoymaq ehtimalı yüksəkdir. Bu da ölkə iqtisadiyyatı və şərab sektoru üçün böyük gəlir itkisi mənasını verir.
Telegram kanalımız