“Yağış suları keyfiyyət baxımından daha üstündür. Həm suvarma, həm də müvafiq təmizləmədən sonra içməli su kimi istifadəyə tam yararlıdır”.
Bu sözləri “Yeni Sabah”a aqrar sahə üzrə ekspert Vahid Məhərrəmov bildirib.
Onun sözlərinə görə, 16 il öncə qlobal istiləşmə ilə bağlı araşdırma aparılıb: Toyuqlu pizza
“Hələ o zaman demişdik ki, ölkədə yağışların intensivliyi artacaq. Buna görə də yağış sularının toplanmasını və yay mövsümündə suya tələbatın pik həddə çatdığı dövrdə yenidən istifadəsini tövsiyə etmişdik.
Sovet dövründə belə Azərbaycanda süni göllər yaradılır və yağış suları həmin tutarlarda toplanırdı. Bu təcrübə hazırda Türkiyə və İsrail kimi su qıtlığı çəkən ölkələrdə geniş yayılıb. Azərbaycanın relyefinə nəzər salsaq, dağ, dağətəyi və aran bölgələrində yağış sularını toplamaq üçün böyük potensial var.
Təklifimizə əsasən, süni göllər boru şəbəkəsi ilə bir-birinə bağlanmalıdır. Çünki iqlim xüsusiyyətlərinə görə bəzi bölgələrə yağıntı az, bəzilərinə isə daha çox olur. Bu boru sistemi vasitəsilə suyu balanslaşdıraraq birbaşa əkin sahələrinə ötürmək mümkündür. Belə olarsa, kəndli və fermer su axtarışına vaxt itirməz, il boyu bu ehtiyatdan yararlanar.
Proses texniki cəhətdən elə də mürəkkəb deyil və nəhəng maliyyə vəsaiti tələb etmir. Hesablamalarımıza görə, təxminən 4 milyard dollara qədər vəsaitlə elə bir milli su sistemi qurmaq olar ki, Azərbaycan özünün həm içməli, həm də suvarma suyuna olan tələbatını tam qarşılasın”.
Vahid Məhərrəmov bildirib ki, yağış problem yox, nemətdir:
“Əgər yağıntı Bakı şəhərində fəsadlar törədirsə, bu, yağışın yox, paytaxtın drenaj və kanalizasiya sisteminin problemidir. Son dövrlərin qlobal iqlim trendləri mütləq izlənilməlidir. Dünyada aysberqlər, Azərbaycanda isə yüksək dağlıq ərazilərdəki buzlaqlar sürətlə əriyir. İstiləşmə nəticəsində intensiv buxarlanma baş verir və bu rütubət atmosferdə toplanaraq sonradan qəfil, güclü leysanlar şəklində geri qayıdır. Bu cür hidrometeoroloji prosesləri öncədən proqnozlaşdırıb tədbir görmək lazım idi, lakin biz 16 ildir eyni məsələni təkrar-təkrar qaldırmaqda davam edirik.
Gələcəkdə də belə intensiv yağıntıların baş verəcəyi qaçılmazdır. Dövlət səviyyəsində tədbirlər görülməli, yağış suları səmərəli şəkildə yığılaraq ölkənin təmiz su balansına daxil edilməlidir”.
“Hazırda Kürdən gələn su demək olar ki, bir çox standartlara cavab vermir. Ondan məcburən suvarmada və hətta təmizləyərək içməli su kimi istifadə edirik. Lakin bu suyun tərkibində zərərli mikroorqanizmlər, ağır metallar və kimyəvi tullantılar var.
Sirr deyil ki, qonşu Gürcüstanın iri şəhərlərinin və sənaye müəssisələrinin çirkab suları təmizlənmədən birbaşa Kür çayına axıdılır. Çayın aşağı axınında (deltasında) yerləşdiyimiz üçün bütün bu toksik yüklənmə bizim ərazilərə daxil olur. Məhz bu səbəbdən daxili yağıntı sularının idarə olunması Azərbaycan üçün artıq sadəcə iqtisadi deyil, həm də milli təhlükəsizlik və sağlamlıq məsələsidir”, - deyə V.Məhərrəmov əlavə edib.
Cəlalə Cəlalqızı
Telegram kanalımız