Bu gündən “Yeni Sabah”da yeni rubrika start götürür. “Tet-A-teT” adlanan rubrikada qonaqlar səslənən sualları səməmi cavablayacaq və özündən sonra kimlə “Tet-A-teT” olmalı olduğumuzu deyib həmin şəxsi razı salacaq.
Yeni rubrikamızın ilk qonağı “Space TV”də yayımlanan “Sevimli mahnı” verilişinin aparıcısı Mikayıl Güləddinoğludur.
Təqdimat: Marqarita pizza
Mikayıl Güləddinoğlunun 39 yaşı var. Evlidir və 3 uşaq atasıdır. Əslən Qubadlıdandır. Azərbaycan Dövlət İncəsənət Universitetinin məzunudur.
- Yerli müğənnilərdən kimləri dinləyirsiniz?
- Klassiklərimizi nəzərdə tutursunuzsa, hər birinə qulaq asmışam. Müasir estradadan isə Faiq Ağayev və Röyanı dinləyirəm. Faiq Ağayevin bütün mahnılarını əzbər bilirəm. Son dönəmlərdə ən çox sevdiyim müğənni isə Natəvan Həbibidir.
- Azərbaycan izləyicisini aldatmaq asandır?
- Çox çətindir. Azərbaycan izləyicisini aldatmaq olmaz. Elə bir kütlə var ki, klassik musiqi dinləyir. Sən o kütləni heç vaxt məcbur edə bilməzsən ki, gəl altı-səkkizlik mahnıya qulaq as. Bir verilişlə hər zövqü oxşamaq olmaz. Belə bir şey mümkünsüzdür. Sən nəyi tamaşaçıya təqdim edirsənsə, bilməlisən ki, hansı tamaşaçıya işləyirsən. Mən Beyazıt Öztürkün verilişində təcrübə keçmişəm. Amma mən bu təcrübəni maliyyə imkanları baxımdan burada tətbiq edə bilmirəm.
- Bəyəndiniz müğənnilərlə və verilişinizə çağırdığınız müğənnilər arasıdan təzad sezirsinizmi?
- Bəli, təzad var. Və mən bunu yaxşı görürəm. Amma mən özümə görə işləmirəm axı. Mən müəyyən bir kütlə üçün çalışıram və o kütləyə istədiklərini verirəm.
- Bir izləyici kimi öz verilişinizə baxardınız?
- Bəli, baxaram. Mənim verilişimdə Könül Xasıyeva, Ağadadaş Ağayev, Ehtiram Hüseynov, Elnarə Abdullayeva, Babək Niftəliyev və adını yadımdan çıxardığım dəyərli sənətçilər olur. Bu sənətçilərin dövlət tərəfindən titulları var. Deməli, bunları dövlət də bəyənir, xalq da bəyənir.
- Tamaşaçıların zövqü sizi narahat edir?
- Narahat etmir. Yetərincə zövqlü tamaşaçılarımız var.
- Efirə çıxartmaq müqabilində verilişinizə gələn qonaqlardan pul almısınız?
- Heç vaxt elə bir hal olmayıb. Bizim televiziyanın belə bir sturukturu yoxdur və rəhbərlik də buna yol açmır.
- Teleməkanda özünüzə kimi rəqib görürsünüz?
- Bəli görürəm. Kifayət qədər yaxşı həmkarım var. Məsələn Zaur Baxşəliyev, Nanə Ağamalıyeva, Zaur Kamal. Əslində, rəqib deməyək. Ortada rəqabət var. Rəqabət də olmasa, keyfiyyət iş ərsəyə gəlmir. Bu sadaladıqlarımla da çox yaxşı münasibətlərimiz var. Dediyim aparıcılar məndən qabaq aparıcı olublar. Mən də yerimdə addımlamağı sevmirəm.
- Verilişlərinizdə xüsusi performansı ilə yadda qalan tamaşaçıları pulla gətirisiniz efirə?
- Bu fikri çox yerdə eşitmişəm. Ağ yalandır. Düşün ki, 300 nəfərlik bir zala həftədə iki dəfə efirə gedən veriliş üçün 600 nəfəri necə yığmaq olar pul müqabilində? İki manatdan hesablasaq 1200 manat pul edir. Bu maliyyə dəstəyini haradan tapaq?
- Verilişinizə qonaq çağırmaq istəyib də, imtina aldığınız müğənni olubmu?
- Yox, olmayıb.
- Deyirsiniz ki, Faiq Ağayevi bəyənirəm və dinləyirəm. Bəs, niyə bir dəfə də olsa verilişinizə çağırmamısınız?
- Mən Faiq Ağayevə dəsəm təbii ki, qonağım olar. Yaxşı münasibətimiz var. Amma Faiq Ağayev çəkisində birini qonaq etsəm verilişin axışı tamam dəyişəcək. Öz orkestri ilə gələcək ki, orada oxuya bilsin, ora uyğunlaşsın.
- Yerli televizya verilişlərindən hansına baxırsınız?
- Baxıram və bəyəndiyim verilişlər də var. Birincisi “5-də5”, ikinci “Nanəli” və üçüncü veriliş hər bazar yayımlanan “Zaurla Günaydın” verilişləridir. O verilişlərdə böyük zəhmət var.
- İzləyicini maarifləndirmək üçün nə etmək lazımdır?
- Maariflənmək istəyən izləyici maariflənəcək. Bunun üçün Dövlət Televizyası var, Mədəniyyət kanalı var, İctimai Televiziyamız var. Kifayət qədər maarifləndirici proqramları var. Maariflənmək istəyən adam düyməni çevririb o kanala baxacaq. Şou istəyən adam isə çevirib “5-də 5”ə və ya mənim proqramıma baxacaq. Biz sadəcə izləyiciyə alternativ təqdim edirik. İxtiyar isə onun öz əlindədir.
Əcəmi Əsədulla
Telegram kanalımız