Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

İranın ali rəhbərinin fətvası beynəlxalq hüquqa və dinc qonşuluq prinsiplərinə ziddir
19 Sen 2021 11:49
8244

İranın ali rəhbərinin fətvası beynəlxalq hüquqa və dinc qonşuluq prinsiplərinə ziddir

İranın Azərbaycandakı keçmiş səfiri Möhsün Pakayin işğal altında olarkən İran-Azərbaycan sərhədində Azərbaycanın xeyrinə müəyyən işlərin səbəbkarı olmuş şəxsdir. O, hazırda İranın Xarici İşlər Nazirliyində məsləhətçidir. Azərbaycanla əlaqəli bəzi fikirləri onun dili ilə çatdırırlar. Onun son gərginliyə münasibətində ali rəhbərin Azərbaycanla əlaqəli mövqeyinin beynəlxalq hüquq normalarına uyğun olduğu bildirilir. Çünki Azərbaycanın ərazi bütövlüyü dəstəklənir və ali rəhbərin mövqeyi prinsipial və dəyişilməz elan edilir. 

İranın ali dini rəhbərinin fətvasında Azərbaycanın ərazi bütövlüyü prinsipinə dəstək var. İranın davranışı isə ərazi bütövlüyünün prinsipinə onun dəstəyindən danışmağa yer qoymur. Əgər Azərbaycan sərhədçisinin icazəsi olmadan İran maşınları Azərbaycanın ərazisinə daxil olursa, bu, ərazi bütövlüyü prinsipini inkar etməkdir. İran Qarabağa yük göndərmək istəyirsə bunu qanunu yolla Azərbaycanın qalan  ərazisi vasitəsilə də edə bilər; Biləsuvar-Bəhrəmtəpə-Horadiz-Füzuli və sonra Şuşa istiqamətində çox rahat avtomobil yolu tikilib və istifadədədir. 

Ərazi bütövlüyü prinsipi ilə bağlı ikinci digər məsələ beynəlxalq hüququn prinsiplərinin sıralanmasıdır. Beynəlxalq hüquqda ərazi bütövlüyü prinsipi universal prinsipdir. Millətlərin öz müqəddəratını təyini prinsipi isə universal prinsip deyil. Əsl adı “Xalqların bərabərliyi və xalqların öz müqəddəratını təyini” prinsipi olan millətlərin müqəddəratını təyini prinsipi kimi tanınan bu prinsip universal olsaydı, hazırda dövlətlərin sayı 200 yox, ən azı 2000 olardı. Məhz ərazi bütövlüyü prinsipi dövlətlərin sayını 200 hüdudlarında saxlayıb. Haşiyəyə çıxaraq qeyd edək ki, “Xalqların bərabərliyi və xalqların öz müqəddəratını təyini” prinsipində xalqların bərabərliyi ifadəsinə də diqqət ayırsınlar.

Ali dini rəhbərin Azərbaycanın ərazisində olan Qarabağ ermənilərini müdafiə etməklə bağlı fətvası Azərbaycanın daxili işlərinə qarışmaqdır. Bu beynəlxalq hüququn bir neçə prinsipinin pozulması anlamındadır. Dövlətlər bir-birinin daxili işlərinə qarışmamalıdırlar. Digər tərəfdən ali rəhbərin fətvası həm də İran üçün çox sevimli təşkilat olan “Qoşulmama Hərəkatının” bütün mahiyyətinə ziddir. “Qoşulmama Hərəkatının” yaranmasının əsas səbəbi o dövrdə dövlətlərin bir-birinin daxili işlərinə qarışmasının kütləvi hal alması idi. Bu kontekstdən baxanda BMT, ABŞ, İngiltərənin İranın daxilində insan hüquqlarının pozulması ilə bağlı verdiyi bəyanatlar İran tərəfindən rəsmən qəbul edilməlidir. İran bunları daxili işlərinə qarışmaq kimi qeyd edir. Bizim dinimizdə “qonşu haqqı” deyilən məsələ var. Qonşu İran bizim daxili işlərimizə qarışmaqla “ qonşu haqqı” prinsipini pozur. İran üçün əsas məsələ Azərbaycan dövlətini zəiflədən rıçağı yaşatmaqdır. İran ekspertlərinin, siyasilərinin bunları bilməməsi mümkün deyil. Bunları bilə-bilə ağılı, savadı kənara qoyub sırf boğaz qışqırtısına üstünlük verirsə bu artıq onları sirkin içinə salınmasına bənzəyir. Sirkin içində də müxtəlif obyekt və subyektlər ola bilər. Bəzi ekspertlər son dövrlərdə bizə qarşı  bu müqayisədən istifadə edirlər. Ağıla, savada dəvət edirəm. Ayılsınlar ki, dünyada elm, savad var. Belə şeylərlə tanış olub, açıq dünya görüşünə malik olsunlar. 

Qaldı ki, Azərbaycanın Laçın koridoruna nəzarət etməməsi və nəzarət etməməsinə görə İranın yük maşınlarının bu yoldan keçməsi İran və Azərbaycanda “Məscidin açıq qapısı ilə  it” barəsində məsəl var. İndi biz Laçın koridoruna nəzarət edə bilmiriksə bu o demək deyil ki, kim istəsə, xüsusilə İran oradan keçməlidir. İranın ambisiyasına görə Qərb, Şərq Azərbaycanın düşmənidir, yalnız İran Azərbaycanın hamisidir. İran görür Azərbaycan Laçın koridoru uğrunda necə mübarizə aparır. Ermənistan bəzi məsələlərə razılıq vermir. Arxasında müəyyən havadarları var, İran da o sıradadır. Ermənistanın İrana arxalanması İrandan necə görünür, dəstəklənir İran siyasiləri buna qiymət verməlidir. İranın ali dini rəhbərinə  onu sevən, səmimi münasibət göstərən məsləhətçiyə ehtiyacı var. Çünki İranın ali dini rəhbərinin Qarabağ ermənilərini dəstəkləməsi 44 günlük müharibə dövründə sadəcə rəsmiləşdi. Əslində bu prinsip çoxdan Qarabağ məsələsində hökmran prinsipdir. 2010-cu ildə İranın Ermənistandakı səfiri Seyid Əli Saqiyan ərazi bütövlüyü prinsipi ilə “Millətlərin öz müqəddəratını təyin etmə” prinsipini Qarabağ münaqişəsi kontekstində bərabər elan etdi və ölkəsinin insan azadlığına üstünlük verdiyini açıqladı. İran səfiri diplomatik yolla “Millətlərin öz müqəddəratını təyin etmə” prinsipini prioritet elan etdi. Eyni zamanda o bu prinsipin İranın ali dini rəhbəri tərəfindən müəyyənləşdirdiyini də bildirdi. O zaman da İranın ali dini rəhbəri S.Ə.Xamnei idi. Bunlar onu göstərir ki, İranın Qarabağ məsələsində mövqeyi formal olaraq Azərbaycanın xeyrinədir. İran məcburən özünü Azərbaycanın ərazi bütövlüyü prinsipini tanıyan kimi göstərməyə məcburdur. 

Qarabağ məsələsinin real olaraq birdəfəlik kökü yalnız İranı bəlaya saldıqdan sonra kəsiləcək. Erməni aktivliyi SSRİ dağılan ərəfədə təkcə Azərbaycanda yaranmadı. Azərbaycandan qabaq Cavaxetiyada (Gürcüstan) müəyyən hərəkətlər oldu. Erməni hərəkatı  İranda baş qaldırdı. O zaman İran erməniləri zorla qovdu. İri şəhərləri demirəm, Urmiyanın Quşçu qəsəbəsində boş qalmış erməni məhəlləsində olmuşam. Azərbaycan onda zəif oldu ki, erməniləri vaxtında qova bilmədi. İndi İran özündən erməniləri qovub, bir ovuc erməni saxlayıb. Hesab edir ki, ermənidən digər dövlətlərə qarşı istifadə edə bilər- belə deyil. M.Əhmədinejadın prezidentliyi dövründə Ermənistan Vatikandan böyük bir qrupu İrana gətirdi və ölçü-biçi apardılar. İranın bütün xristian abidələri erməni abidələri elan olundu. Erməni abidələri olan yerlər də Ermənistan ərazisi kimi dini mənbələrdə rəsmiləşdirilib. Hesab edin ki, ABŞ Ermənistana belə variant qoyur: Ermənistan İrandakı torpaqları uğrunda mübarizə aparacaqsa Azərbaycan Respublikası Ermənistanı dəstəkləyəcək. Ermənistan dərhal barışacaq. Ərazi bütövlüyü də gündəlikdən çıxacaq, status məsələsi də unudulacaq.Sülh müqaviləsi də imzalanacaq.  Çünki 3-4 min kvadrat km-in əvəzinə təxminən yüz min kvadrat km əraziyə erməninin iştahı açılır. Bu variant  ekspert mühitində müzakirə olunan variantdır. Qarabağ münaqişəsini ATƏT MQ-nın vacib ölkələri o vaxta qədər xırda-xırda közərən halda da olsa saxlayacaqlar. Bu gün İran nə qədər bacarırsa Qarabağ ermənilərini gücləndirir. 

Biz İranın daxili işlərinə qarışmamışıq. İranın Ərəbistanla həmsərhəd rayonlarında su, elektrik qıtlığına görə mitinqlər oldu. Bu zaman Təbrizdə də ona dəstək mitinqi keçirildi. İran rəhbərliyi Əhvazdakı hadisələri unutdu. Orada tutduqlarını həbsdən azad etdi. Təbrizdə ondan qat-qat çox azərbaycanlını həbs etdi. Səsimiz çıxmadı. Çünki centlmen razılaşması var ki, bir-birinin daxili işlərinə qarışmamaq. 

İran sürətlə silahlanır. Əhalisi elektrik, su tapa bilmir, ərzaq qıtlığıdır. Silahlanmaya kifayət qədər pul ayırıb. İranın bu siyasəti ərəb dövlətlərini İsraillə yaxınlaşmağa vadar etdi. İran indi ərəb dövlətlərinə təhdidi unudub, Səudiyyə Ərəbistanı ilə münasibətlər qurmağa yalvarır. İranın son təhdidləri Azərbaycan istiqamətinədir.  Daxilimizdə bəzi antiİran kompaniyalar da İrandan nəşət alır. 

Azərbaycan xeyli qüdrətlidir. Müstəqil siyasət kursunu davam etdirəcək.  Ehtiyat variantlarımız var; Azərbaycanın Rusiya ilə ikitərəfli əlaqələri çox yüksək səviyyədədir. Rusiya uzun müddət çalışıb ki, İranı cilovlamaqda birgə siyasət aparılsın, Azərbaycan razılıq verməyib. KTMT-də müşahidəçilik statusu məhz Azərbaycandan ötrü yaradılıb. Azərbaycanın Türkiyə ilə münasibətləri İranda ciddi narahatlıq yaradır. Azərbaycan, Türkiyə, Pakistan üçtərəfli münasibətləri İranda heç də az gərginlik yaratmayıb. İran Azərbaycana təhdid yaratmasaydı ən azı Azərbaycan, Türkiyə, Pakistan üçlüyünə bəlkə də ehtiyac olmazdı. 

İran üçün yol açıqdır, əlavə variantlarımız var, ola bilər bəzi variantlar yeri gəlsə İranın daxilini də əhatə etsin.

Mübariz Əhmədoğlu,

Siyasi İnnovasiya və Texnologiya Mərkəzi 

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər