Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

İranın bizə ixrac etdiyi Hacı Ağalar...
19 Sen 2021 21:41
11496

İranın bizə ixrac etdiyi Hacı Ağalar...

“Mövcud vəziyyəti dəyişməz saxlamaq üçün lazım gəldiyi təqdirdə, cin-şeytanla da əməkdaşlıq edəcəyik. Cəmiyyətin dəyişməsi bizim, bizim kimilərin ölümü deməkdir. Odur ki, vəzifəniz – sinə vurmağa, baş yarmağa, tiryəkxorluğa, cin tutmağa və rövzəxanlığa rəvac vermək, təkyə və hüseyniyyələrin çoxalmasına şərait yaratmaq, axund və başkəsənləri tərifləmək, hicabdan imtina əleyhinə nitq və moizələr söyləməkdir”.

Həmkarımız Əziz Rzazadə tərcümə etdiyi İran yazıçısı Sadiq Hidayətin “Hacı Ağa” romanını oxumağı təklif etdi. Dedi ki, bu roman İran gerçəklikləri ilə bağlı sözlə çəkilmiş ən yaxşı portretlərdən biridir. 

Əsəri oxuduqca ötən əsrin ortalarındakı İran məişəti, siyasəti, iqtisadiyyatı, diplomatiyası, küçə həyatı, mediası, ədəbiyyatı film kimi oxucunun gözü qarşısında canlanır. Və bütün bunlar deputatlığa namizəd olan Hacı Ağanın ətrafında baş verir. Hacı Ağa isə dövlət siyasətinə təsir edən şəxsiyyət olmaqla yanaşı, həm də bir məişət pozğunudur. 

Əsər təxminən 70 il əvvəl yazısa da, sanki bugünü özündə ehtiva edir. Dəyişiklik yoxdur. Nəinki yoxdur, qonşumuz hətta bu neqativləri inkişaf və ixrac etdirib. İndi əsərdəki bir çox hadisələri Azərbaycanda da müşahidə etmək mümkündür. Ziyalılar, mütərəqqi insanlar mövhumatın, xurafatın  millət və dövlət olaraq bizi sürətlə geriyə dartdığını xəbərdarlıq etsələr də, cənub küləyi öz işini görməkdədir. Xurafat elə bir bəladır ki, Ziqmund Freyd də bu zillətə qarşı duruş gətirməyin çox çətin olduğunu deyirdi.

Telekanallarda cinçıxardanların “möcüzə”lərini görmüsünüzmü? Pirlərdə daşın deşiyindən keçənlər yəqin gözünüzün önündədir hələ də? Məhərrəmlikdə sinə döyüb, baş yaranların sayının fərqindəsinizmi? Hər il minlərlə vətəndaşımızın İrana gedərək Məşədi olub qayıtdıqdan sonra hansı təbliğatları aparmasından da xəbərdarsınız. Bunlar sadəcə dini rituallar deyil. Hər bir dini təbliğatın arxasında tarix boyu siyasi məqsədlər dayanıb. Bilərəkdən ya bilməyərəkdən soydaşlarımız bu böyük imperialist planın “fədailərinə” çevrilməkdədir.

Düzdür, İranın Vətən müharibəsi zamanı tutduğu mövqe bir çox insanlarımızın gözünü aça bildi. Onlar qonşularımızın din qardaşlarının yanında deyil, düşmənimiz ermənilərin yanında yer aldığını təkzibolunmaz faktlarla gördülər. Amma bunu görmək istəməyənlər də var axı. Mən demirəm ki, min illərlə tarixi, böyük coğrafiyası olan və həmçinin regionun böyük və qapalı bir dövlətini özümüzə hədəf seçək. Tarix göstərib ki, dövlətlər qarşıdurma deyil əməkdaşlıqla inkişaf edə bilər. Amma bütün kartlar açıqdırsa, biz vətəndaşlarımızın daim ayıq-sayıq olması üçün əlimizdə olan bütün imkanlardan istifadə etməliyik. Keçən hər dəqiqə daha bir soydaşımızın canlı bombaya çevirilməsidir. 

Sadiq Hidayətin Hacı Ağası sanki İranın xarici siyasi doktrinasını açıq şəkildə ortaya qoyur: “Bizim dindar müsəlmanlara yox, sinəvuran, “şaxsey-vaxsey” deyən, qılıncla baş yaran, hər deyilən sözə tez inananlara ehtiyacımız var. Elə bir iş görməliyik ki, kəndçi mənə, sizə möhtaclığını anlasın, bizə şükür borcu duysun. Məqsədimizə çatmaq üçün o xəstə, ölüvay, bisavad, kar, kor olmalıdır, öz haqqını bizdən dilənməlidir”.

Belə bir mənzərə məncə bu cümlələri oxuyan hər kəsə tanış olmalıdır. Baş verənləri anlamaq üçün dahi analitik olmağa ehtiyac yoxdur. İran-Azərbaycan sərhədində tez-tez əsgərlərimizin kisələrlə ələ keçirdikləri narkotik vasitələrin “idxalı” sizə heç nə demirmi? Narkomanların sayının bu qədər artması sadəcə müştəri bazarının genişlənməsinə xidmət edən bir biznes plan deyil. Bu ehtiyac və asılılıq yaratmaqdar, bütün mənalarda. Asılı olan insan isə hər şeyə hazır olur.

Gözümüz və qulaqlarımız hər zaman açıq olmalıdır ki, nəinki içimizdəki bombaları zərərsizləşdirək, həm də bu gün Xankədidəki ermənilərə həyat verən bəzi cənublu soydaşlarımızın övladları gələcəkdə Xankəndiyə Ermənistan deyil, Azərbaycan şəhəri kimi baxsın, anlasın və bizimlə bir yumruq olsun.

Romanda diqqətimi bir məsələ də cəlb etdi. Deputatlığa namizəd olan Hacı Ağanın seçki platformasında bir vəd var: “Yeri gəlmişkən, bu əsnada əziz-girami vətəndaşların rifahı naminə elə ilk fürsətdə Çəhardəh Məsum prospektini asfasltlamaq vədəsi verir...”.

Namizədin asfalt söhbəti bizə tanışdır.

Bu qədər oxşarlaşmağımıza, bu qədər geriyə qayıtmağa nə ehtiyac var? 

Elnur Məmmədli

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər