2023-cü ildə İraqın şimalında, əhalisinin böyük əksəriyyətini türkmənlərin təşkil etdiyi qədim Təl-Afər şəhərində Azərbaycanla ortaq tarixi və mədəni bağları yaradan idman layihəsi həyata keçirilib.
"Yeni Sabah" xəbər verir ki, böyük Azərbaycan şairi Məhəmməd Füzulinin adını daşıyan İraq türkmənlərinin “Füzuli” (Təl-Afər) futbol komandası həm təsis olunma məqsədinə, həm də meydandakı ardıcıl qələbələrinə görə regionda xüsusi maraq doğurub.
Bəzən informasiya məkanında 2017-ci ildə yaradılmış və Azərbaycanın İkinci Liqasında çıxış edən peşəkar “Füzuli FK” klubu ilə qarışdırılsa da, Təl-Afərdəki komanda İraqın yerli gənclərindən formalaşdırılmış müstəqil kollektivdir. Online shopping Azərbaycan
Komanda 2023-2024-cü illər mövsümü ərəfəsində İraq türkmənləri ilə Azərbaycan arasında mədəni-ictimai əlaqələrin möhkəmləndirilməsi və yerli gənclərin fərdi inkişafına dəstək təşəbbüsü çərçivəsində yaradılıb. Azərbaycanda fəaliyyət göstərən Avrasiya Beynəlxalq İnkişaf Assosiasiyasının (ABİA) dəstəyi ilə reallaşan layihə yerli infrastrukturun bazasında qurulub.
Klub Təl-Afər Gənclər Akademiyasının tərkibində və İraq Gənclər Mərkəzi ilə birgə təsis edilib ki, bu da yeniyetmələrin həm təhsil, həm də idman mühitində bir arada inkişaf etməsinə şərait yaradıb.
Məhəmməd Füzulinin adının verilməsi dərin mənəvi məna daşıyır. İraq torpaqlarında yaşayıb-yaratmış, həm İraq türkmənlərinin, həm də Azərbaycan xalqının ortaq ədəbi-mədəni zirvəsi sayılan Füzulinin adı bu gənclər üçün birləşdirici simvola çevrilib. Uzun illər davam edən münaqişə və çətinliklərdən çıxmış Təl-Afər bölgəsində yeniyetmələri sağlam həyat tərzinə cəlb etmək, onların idman potensialını üzə çıxarmaq və ortaq kimlik şüurunu gənc nəslin yaddaşında canlı saxlamaq layihənin əsas hədəfi kimi müəyyənləşdirilib.
Yeniyetmələrdən ibarət heyətlə yarışlara qatılan “Füzuli” komandası yaradılmasından qısa müddət sonra İraq futbolunda diqqətçəkən nəticələrə imza atıb. Komanda 2024-cü ildə əvvəlcə Təl-Afər şəhərinin də daxil olduğu Ninəva vilayətinin çempionatında (10 mart 2024-cü il tarixli final görüşündə penaltilər seriyasında qalib gələrək) vilayət çempionu titulunu qazanıb, daha sonra isə eyni ildə İraq çempionluğunu da əldə edib.
Komandanın yer aldığı akademiya sistemi bu gün də uğurlu çıxışını davam etdirir. Ötən gün keçirilən qarşılaşmada “Təl-Afər” Akademiyası meydanda 9 oyunçu ilə qalmasına baxmayaraq, “əl-Rama” Akademiyası üzərində mühüm qələbə qazanıb və bu nəticə ilə Ninəva Akademiyaları Futbol Federasiyası çempionatının yarımfinalına yüksəlib.
Qazandığı ardıcıl titullar və meydandakı mübarizə əzmi ilə “Füzuli” kollektivi təkcə yerli idman nailiyyətlərinə imza atmır, həm də Azərbaycanla İraq türkmənləri arasındakı humanitar körpünün uğurlu nəticəsini nümayiş etdirir. Yeniyetmələr və gənclər kateqoriyasında fəaliyyət göstərən bu komanda Təl-Afər icması üçün ümid və həmrəylik mənbəyinə çevrilərək Azərbaycan adının və ortaq mədəni irsin bölgədə yaşadılmasına öz töhfəsini verir.
Nazim Hacıyev
Telegram kanalımız