Kiçik mağazaların sonu gəldi – SƏBƏBLƏR AÇIQLANDI

saytların hazırlanması

Evə çatdırılma

Kiçik mağazaların sonu gəldi – SƏBƏBLƏR AÇIQLANDI

İqtisadiyyat

01 Sentyabr 2026 13:55 441


“İstehlakçıların kiçik mağazalardan daha çox iri ticarət mərkəzlərinə üz tutmaları əsasən bir neçə səbəbdən qaynaqlanır. “Bir dayanacaqda hər şey” prinsipindən irəli gəlir. İstehlakçı vaxtını qənaət etmək istəyir, ayrı-ayrı obyektlərə getmək əvəzinə bir məkanda geyim, ərzaq, əyləncə və xidməti birləşdirmək istəyi güclənir”.

Bu sözləri “Yeni Sabah”a açıqlamasında Korporativ Kommunikasiya üzrə ekspert Səfər Aslanov bildirib. Onun sözlərinə görə, təcrübə iqtisadiyyatı (experience economy) məntiqindən yanaşsaq ticarət mərkəzi artıq təkcə alış-veriş yeri deyil həm də sosial məkandır:

“Kafe, kino, uşaq zonası ilə bir yerdə "gün keçirmək" formatı yaradır ki, tək mağaza bunu təklif edə bilmir. Etibar və rahatlıq vacib amildir. Kondisionerli, təhlükəsiz, geniş parkinqli mühit, sabit iş saatları və vahid geri qaytarma/zəmanət standartları istehlakçı üçün əlavə dəyər yaradır. pizza mizza

Kiçik obyektlər üçün təsir birmənalı deyil. Bu sıxışdırma effekti yaradır. Aşağı marja ilə işləyən, differensasiya edə bilməyən kiçik mağazalar müştəri axınını itirir. Amma bu proses tam yox olma demək deyil sadəcə bazar seqmentləşir”.

“Bilməliyik ki, əslində ümumi bazar deyil, paylanma strukturu dəyişir. Bütövlükdə pərakəndə ticarət böyüyür amma bu artımın böyük hissəsi yeni, təşkilatlanmış formatlara yönəlir. Küçə mağazaları tamamilə yox olmur, lakin rolu dəyişir. Kütləvi istehlakdan çox, məhəllə səviyyəsində operativ ehtiyacları və ya niş, ixtisaslaşmış məhsulları qarşılayan formaya keçir. Kiçik mağazaların bazarda davam gətirmələri üçün yeni tendensiyalara uyğunlaşmaları lazımdır.

Niş ixtisaslaşma başqa sözlə desək dar kateqoriyada dərin ekspertiza çıxış yollarından biridir.  Ticarət mərkəzi hər kateqoriyada səthi çeşid təklif edir, kiçik mağaza isə bir sahədə maksimum dərinliyə gedə bilər. Bu, həm çeşid, həm də satıcının ekspert məsləhəti ilə fərqlənməsini təmin edir. Nəticədə müştəri "hər şeyi olan" yerə deyil, "ən yaxşı bilən" yerə üz tutur.

Məhəllə formatında fəaliyyət də mümkündür. Böyük mərkəzlə geniş çeşiddə rəqabət aparmaq əvəzinə, gündəlik və tez-tez alınan mallara fokuslanmaq daha realistdir. Yaxınlıq, uzun iş saatları və çevik xidmət (məsələn, kiçik borc və ya sürətli çatdırılma) məhəllə etimadını gücləndirir. Bu format ticarət mərkəzinin əlçatmadığı, vaxt və məsafə həssaslığı olan müştərini saxlayır”.

 Ekspert qeyd edib ki, hazırda rəqəmsal aktivliyin tətbiqi vacibdir:

“Fiziki ölçü məhdudiyyəti sosial media və onlayn sifariş kanalları ilə kompensasiya oluna bilər. Google Maps-də aktiv profil və WhatsApp/Instagram üzərindən sifariş imkanı kəşf edilmə problemini azaldır. Kiçik büdcəli, məqsədyönlü reklamlar isə uzaq mərkəzlərlə deyil, yaxın auditoriya ilə əlaqəni gücləndirir. Ticarət mərkəzinin təklif edə bilmədiyi isti, fərdi münasibət kiçik mağazanın əsl üstünlüyüdür. Daimi müştərinin zövqünü, ölçüsünü xatırlamaq və tövsiyə əsaslı əlaqə qurmaq loyallığı artırır. Bu yanaşma alış-verişi sadə tranzaksiyadan sosial təcrübəyə çevirir”.

 Cəlalə Cəlalqızı 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!