Gecə saatlarında qonşu mənzildən gələn yüksək səslər sakinlərin haqlı narazılığına səbəb olur. Bəs səs-küyün mənbəyi azyaşlı uşaqdırsa, valideynlər məsuliyyət daşıyırmı? Qonşular bu halda polisə şikayət edib valideynlərin cərimələnməsinə nail ola bilərmi?
Mövzu ilə bağlı “Yeni Sabah”a açıqlama verən vəkil Turan Abdullazadə bildirib ki, hər səs-küy hüquq pozuntusu hesab edilmir:
“İnzibati Xətalar Məcəlləsinin 521-ci maddəsinə əsasən, mənzillərdə, yaşayış evlərinin girişlərində və həyətlərində, küçələrdə, istirahət yerlərində və digər ictimai yerlərdə gecə saat 00:00-dan səhər saat 07:00-dək səs-küy salmaq qadağandır. Dominos pizza
Buraya bərkdən mahnı oxumaq, musiqi aləti çalmaq, televizor və digər aparatları gur səslə işlətmək də aiddir. Bu tələbləri pozmağa görə fiziki şəxslər 150 manatdan 200 manatadək məbləğdə, vəzifəli şəxslər 2000 manatdan 2500 manatadək məbləğdə cərimə edilir”.
Vəkil bildirib ki, davamlı narahatlıq yaradan səs-küyə görə, hətta gündüz saatlarında da məhkəməyə müraciət etmək mümkündür:
“Mənzil Məcəlləsinin müddəalarına əsasən, yaşayış sahəsindən istifadə həmin sahədə yaşayanların və qonşuların hüquqlarına və qanuni mənafelərinə riayət edilməklə həyata keçirilməlidir.
Mülki Məcəlləyə əsasən, əgər narahatlıq qonşunun hüququnu əhəmiyyətli dərəcədə pozursa, ona maddi və mənəvi zərər vurursa, məsələ məhkəmə qaydasında həll edilə bilər. Bu yol gündüz baş verən, amma sistemli və həddindən artıq olan səs-küyə də aid ola bilər. Lakin sübut etmək çətindir”.
T.Abdullazadə azyaşlı uşaq ağlamasının adi səs-küydən fərqli hal olduğunu bildirib:
“Azyaşlı uşaq məsələsinə gəldikdə isə burada məsələ bir qədər fərqlidir. Mülki Məcəllənin 171-ci maddəsi qonşu təsirinə dözmək vəzifəsi ilə bağlıdır. Belə ki, torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz.
Yəni hər bir səs-küy halı hüquq pozuntusu hesab edilmir. Məsuliyyət səsin xarakterindən, intensivliyindən, davametmə müddətindən və baş verdiyi vaxtdan asılıdır.
Körpənin, azyaşlının gecə ağlaması təbii və qarşısıalınmaz haldır. Praktikada bunu "qəsdən səs-küy salmaq" kimi qiymətləndirmək çətindir və buna görə cərimə və ya kompensasiya ağlabatan deyil”.
Əsmətxanım Rzazadə
Telegram kanalımız