“Kollecdənsə, valideynlər gəncləri peşə təhsilinə yönəltsinlər. Çünki kolleci bitirənlərin əksəri işsiz qalır”.
Bunu Yenisabaha.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.
O, Azərbaycanda kolleclərin ləğvi və universitetlərə qəbulun bir neçə il dayandırılması təklifinə münasibət bildirib. pizza mizza
Qeyd edək ki, bu fikrin tərəfdarları ölkədəki işsizlər ordusunda xeyli sayda diplomlu gəncin olduğunu, yəni gənclərin ali təhsil aldıqdan sonra ixtisasları üzrə iş tapa bilməməsinə istinad edirlər.
Ceyhun Məmmədov mövzu ilə bağlı bildirib:
“Bu gün Azərbaycanda çox yaxşı peşə məktəbləri və peşə təhsili alanlarada böyük ehtiyac var. Kollecdənsə, valideynlər gəncləri peşə təhsilinə yönəlsinlər. Müxtəlif sahələr üzrə peşəkar mütəxəssislərə ciddi ehtiyac duyulur. Bu baxımdan, gənclərimizin peşə təhsilinə yönəlməsi daha önəmlidir”.
Deputatın sözlərinə görə, təhsilə baxış dəyişilməlidir:
“Azərbaycanda belə fikir formalaşıb ki, bütün gənclərin ali diplomi olmalıdır. Bu ənənəyə çevrilib. Əgər bir gəncin ali təhsilə həvəsi, marağı yoxdursa, özünü heç vaxt doğrultmayacaq. Valideynlər bəzən məcbur edirlər ki, uşağı diplom alsın. Bu düzgün yanaşma deyil. Universiteti, kolleci güc-bəla ilə bitirib, işsiz qalmaqdansa, peşə təhsili almaq yaxşıdır. Çalışmalıyıq peşə təhsilinə maraq artsın”.
C. Məmmədov qeyd edib ki, qəbulun dayandırılmasına ehtiyac yoxdur:
“Hər bir gəncin təhsil almaq hüququ var. Sadəcə kvota tətbiq edə bilərik ki, nə qədər mütəxəssisə ehtiyac var. Ümumiyyətlə, subbakalavrların universitetə qəbul prosesinə baxmalıyıq. Bu qərar daha çox problem yaradır”.
Nəzrin Vahid
Telegram kanalımız