Kranı açıb stəkanı doldurarkən suyun qəfil süd kimi ağ və bulanıq göründüyünü yəqin ki, siz də görmüsünüz. Bəs bunun səbəbi nədir və belə suyu içmək təhlükəlidirmi?
“Yeni Sabah” xəbər verir ki, suyun ağ görünməsi əksər hallarda onun çirklənməsi ilə bağlı olmur. Əsas səbəb suyun tərkibində yaranan çox kiçik hava qabarcıqlarıdır.
Su borularda təzyiq altında hərəkət edərkən müəyyən miqdarda hava ilə qarışa bilər. Təzyiq dəyişdikdə və su krandan axaraq normal atmosfer təzyiqinə çıxdıqda həmin hava çoxsaylı xırda qabarcıqlar şəklində görünür. Bu da suya süd kimi ağ rəng verir. Pepperoni pizza
Bunun hava qabarcıqları olduğunu anlamağın ən asan yolu stəkanı bir neçə dəqiqə gözlətməkdir. Əgər su aşağı hissədən başlayaraq yuxarı doğru şəffaflaşırsa, böyük ehtimalla səbəb havadır. Qabarcıqlar yuxarı qalxaraq yox olur və su əvvəlki şəffaf görünüşünə qayıdır.
Bu hal xüsusilə su kəsintisindən sonra, borularda təmir və ya texniki işlər aparıldıqda, təzyiq dəyişdikdə və bəzi hallarda soyuq havalarda daha çox müşahidə edilə bilər.
Lakin su bir neçə dəqiqə ərzində şəffaflaşmırsa, içində hissəciklər görünürsə, sarı və ya qəhvəyi rəng alırsa, pis qoxu və ya fərqli dad yaranırsa, bunu sadəcə hava qabarcığı hesab etmək olmaz. Belə halda problem borularda, su çənində və ya şəbəkədəki texniki işlərlə bağlı ola bilər.
Mütəxəssislər bildirirlər ki, burada əsas məsələ suyun yalnız ağ görünməsi deyil, bu görüntünün nə qədər davam etməsi və suyun başqa əlamətlərinin olub-olmamasıdır.
Yəni krandan süd kimi ağ su gəlməsi hər zaman “suya nəsə qarışıb” demək deyil. Əgər su bir neçə dəqiqə ərzində şəffaflaşırsa, çox vaxt gördüyünüz sadəcə suyun içindəki hava qabarcıqlarıdır.
Aydan Hacı
Telegram kanalımız