“Küçədə dilənçilərə pul vermək olmaz!..” –   Elşad Hacıyev

saytların hazırlanması

Evə çatdırılma

“Küçədə dilənçilərə pul vermək olmaz!..” – Elşad Hacıyev

Sosial

30 Mart 2022 12:29 1381


“Küçədə mənşəyi məlum olmayan qidalar satılır, biz bu fəaliyyəti məhdudlaşdırırıq. Hətta faktlar aşkarlandı ki, küçə ticarəti ilə məşğul olanların əksəriyyəti məhsulları qeyri-qanuni yollarla əldə edirlər”.

Bu sözləri Yenisabah.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev deyib.

O qeyd edib ki, küçə ticarəti, yəni müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən edilməmiş yerlərdə malların satılması qadağandır: Dominos pizza

“Küçələrə hər hansı elan yapışdırmaq olmaz. Ümumiyyətlə, bu, küçə ticarəti anlayışının təsir dairəsinə düşən, inzibati xəta tərkibi yaradan əməldir. Şəhərin mərkəzində küçə ticarəti ilə məşğul olan şəxslərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi qurumumuz tərəfindən diqqət mərkəzində saxlanılır. Buraya küçə musiqisi ilə məşğul olan, divarlara, şəhərin müxtəlif yerlərinə elanlar yapışdıran şəxslər də daxildir. 

Bütün hallarda bu, küçə ticarəti təsir dairəsi altına düşən neqativ normadır. Rəsmi icazə olmadan şəhərin nəzərdə tutulmayan, hərəkətin intensiv, əhalinin sıx olduğu yerlərində rast gəlinən bu hallara qarşı ərazi polis orqanları tərəfindən müvafiq tədbirlərin həyata keçirilməsi diqqət mərkəzində saxlanılır. Bununla bağlı, şəhərdə müvafiq yerlər var ki, aidiyyəti üzrə İcra Hakimiyyətindən icazə alınmaqla həmin fəaliyyət lisenziyalaşdırıldıqdan sonra fəaliyyətlə şəxslər qanuni şəkildə məşğul ola bilərlər”.

E.Hacıyev dilənçilik fəaliyyəti ilə məşğul olan şəxslərin əməlləri ilə əlaqədar ictimaiyyətə müraciət ünvanlayıb:
“Bu gün hərəkətin intensiv olduğu ərazilərdə küçə musiqisi adı altında dilənmə halları var ki, buna qarşı da tədbirlər görülür. Avtomobillərin sıx olduğu yol ayrıclarında, prospektlərdə, işıqforun təsir dairəsinə düşən ərazilərdə “salfet satıram” adı ilə dilənçilik edənlər, azyaşlı uşaqları dilənçiliyə sövq edənlər var. Bu cür neqativ hallar var ki, onlarla bağlı kompleks tədbirlərin görülməsi diqqət mərkəzindədir. 

Dünyanın qabaqcıl ölkələrinə, Avropaya baxsaq görərik ki, bütün bu əməllər lisenziyalaşdırılır, hüquqi norma çərçivəsində həyata keçirilir. Biz də çalışırıq ki, kimsə küçədə hansısa formada əmək fəaliyyəti ilə məşğul olursa, onun qanunamüvafiq formada icazəsi olsun. Aidiyyatı orqanlar bu tədbirləri həyata keçirirlər. 

Biz yalnız o halda da həmin qanunsuz fəaliyyəti məhdudlaşdırırıq ki, orda əhalidən narazılıq var. Küçədə mənşəyi məlum olmayan qidalar satılır, bu, olmaz, biz məhz bu fəaliyyəti məhdudlaşdırırıq. Çünki satılan məhsulun mənşəyi məlum deyil. Hətta faktlar aşkarlandı ki, küçə ticarəti ilə məşğul olanların əksəriyyəti məhsulları qeyri-qanuni yollarla əldə edirlər”.

O, qeyd edib ki, Bakı şəhəri üzrə dilənçiliyə, tüfeyli həyat tərzi keçirən şəxslərin profilaktikasına qarşı mübarizə sistemli formada aparılır. Polis mayoru vətəndaşlara səslənərək küçədəki dilənçilərə sədəqə verməməklə bağlı çağırış edib:

“Adicə küçələrdə gül satan şəxslər gedib qəbirstanlıqdan gülləri yığıb, gətirib küçədə satırlar. Qida, şirniyyat məhsulları satanlar var, siz bilirsinizmi ki, onlar mağazalardan yararsız hesab olunub çıxarılan məhsulları bəzi yollarla əldə edib küçəyə çıxarıb satırlar. Bu da zəhərlənməyə, antisanitar vəziyyətin yaranmasına gətirib çıxarır. 

Bu satışların insan həyatı üçün ciddi təhlükə mənbəyinə çevrilmə riski yüksəkdir. Vətəndaş bilməlidir ki, mağazada, bazarda 20 qəpiyə satılan məhsul küçədə 10 qəpiyə satılırsa, deməli, burada nəsə problem var. Yolda hansısa məhsulu görüb ucuzdur deyə alıb öz sağlamlığını təhlükəyə atan nə qədər adam var. Biz cəmiyyətə çatdırmağa çalışırıq ki, bu profilaktika işlərinə ciddi yanaşsınlar. 

Biz deyirik ki, küçədə dilənçilərə pul vermək olmaz, biz bununla onların sayını artırırıq. Dilənçilik fəaliyyəti ilə tüfeyli həyat tərzi sürən şəxslər var, bu onların həyat tərzidir. Məgər hər ehtiyacı olan çıxıb küçədə dilənir? Hər bir insanın həyatında çətinlik olur. Bakıda 10 minlərlə tələbə var, məgər onların ehtiyacı yoxdur? Məgər onlar daha çox pul qazanmaq istəmirlər? 

Bəziləri həmin dilənçilərə hansısa formada haqq qazandırmağa çalışır ki, bu kasıblıqla bağlıdır. Xeyr, belə deyil! Bu onların həyat tərzi ilə bağlıdır. Onlar vətəndaşı aldatma yolu ilə, etibardan sui-istifadə etməklə onun əlində olan qəpiyi duyğu terroru vasitəsilə almağa çalışır. Mən onlara duyğu terroristləri deyirəm. Onlar vətəndaşdan pul qoparmaq üçün hər yola əl atırlar. 

Vətəndaşlara səslənərək demək istəyirəm ki, küçələrdə dilənçilik fəaliyyəti ilə məşğul olan şəxslərə qarşı diqqətli olsunlar. Biz onlara pul verib saylarını artırmalı deyilik. Nəzərə almaq lazımdır ki, bu işdə qanun, hüquq qaydası var və onun qorunması hər birimiz üçün başlıca vəzifə olmalıdır”.

Əsmətxanım RZAZADƏ


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!