Almaniya avtomobil sektorundakı xərc təzyiqi “Mercedes”i radikal tədbirləri masaya yatırmağa sövq edib. 800 milyon avroyadək qənaət etmək istəyən avtomobil giqantı, işçilərin maaş artımı olmadan daha uzun müddət çalışmasından tutmuş ikramiyələrin azaldılmasına qədər bir sıra variantları dəyərləndirir. Xərclərin azaldıla bilmədiyi təqdirdə iki fabrikin qapısına qıfıl vurula biləcəyi bildirilib.
“Yeni Sabah” xarici mediaya istinadən xəbər verir ki, Almaniya iqtisadiyyat jurnalı WirtschaftsWochenin məlumatına görə, “Mercedes” rəhbərliyi Almaniyadakı istehsal müəssisələrinin rəqabət qabiliyyətini artırmaq məqsədilə xərclərin azaldılması üçün yeni variantları nəzərdən keçirir. Məsələyə yaxın olan üç mənbə də şirkət rəhbərliyinin Almaniyadakı işçi xərclərindən 800 milyon avroyadək qənaət etməyi hədəflədiyini təsdiqləyib. Qənaət planının en diqqətçəkən bəndlərindən biri işçilərin iş saatları ilə bağlıdır. Şirkətin həftəlik 35 saatlıq iş rejimini maaş artımı etmədən 40 saata qaldırmağı dəyərləndirdiyi iddia olunur. Bununla yanaşı, illik məzuniyyət və Milad dövründə verilən mükafatların azaldılması və ya tamamilə ləğvi, eləcə də bəzi xüsusi ödənişlərin dayandırılması da masa üzərindəki variantlar arasındadır. “Mercedes”in bu addımlarla Almaniyadakı yüksək işçi xərclərini aşağı salaraq istehsal müəssisələrinin rəqabət gücünü qorumağı hədəflədiyi bildirilir.
Qənaət planının daha diqqətçəkən hissəsini isə fabrik məsələsi təşkil edir. “Mercedes-Benz”in İstehsal üzrə İdarə Heyətinin üzvü Mixael Şibe Zindelfingendə keçirilən şirkət iclasında bildirib ki, Almaniyadakı xərclər kifayət qədər azaldıla bilməzsə, bir minik avtomobili fabriki ilə güc aqreqatları hissələrinin istehsal olunduğu bir müəssisənin bağlanması gündəmə gələ bilər. Beləliklə, şirkət xərcləri azaltmaq hədəflərinə çata bilməsə, Almaniyadakı iki istehsal müəssisəsinin gələcəyi müzakirəyə çıxarıla bilər. Toyuqlu pizza
“Mercedes” rəhbərliyinin əsas məqsədinin Almaniyadakı istehsal müəssisələrini mümkün qədər qorumaq olduğu, bununla belə istehsal gücünün məhdud bir hissəsinin xaricdəki fabriklərə köçürülə biləcəyi qeyd olunur. Şirkətin xüsusilə Macarıstandakı investisiyaları diqqət çəkir. “Mercedes”in Kecskemet şəhərindəki müəssisəsinin istehsal gücünü iki dəfə artıraraq illik təxminən 400 min avtomobilə çatdırdığı bildirilir. Bir tərəfdən Almaniyada yüz milyonlarla avro qənaət axtarışına çıxan “Mercedes”in, digər tərəfdən xaricdəki istehsal gücünü artırması şirkətin istehsal xərclərini azaltmağa yönəlmiş transformasiyasının vacib hissəsi kimi qiymətləndirilir.
Cəlalə
Telegram kanalımız