Milyonlarla pul xərclənir ki, insanlar evsiz qalmasın, bəs, mənzilləri kim alır?  

saytların hazırlanması

Evə çatdırılma

Milyonlarla pul xərclənir ki, insanlar evsiz qalmasın, bəs, mənzilləri kim alır?  

Sosial

31 Mart 2022 11:46 1663


Niyə bütün gözəl ideyalar, təcrübələr və təşəbbüslər bizim ölkəmizdə təzək kimi divara vurulur? 

Anlamıram. 

Anlayan varsa, anlatsın... Dördpendirli pizza

Evsizlərin ən böyük xəyalı evinin olmasıdır. Azərbaycanda böyük əksəriyyətin bu gün əldə etdiyi qazancla bazar qiymətinə ev əldə etməsi mümkünsüzdür. Bunu bilməyən yoxdur. Dövlət rəhbərliyi də bilir. Elə bu üzdən də evsizlərin ev sahibi olması üçün güzəştli mənzil proqramı həyata keçirilir. Dövlətin milyonlarla vəsaiti xərclənir ki, insanlar evsiz qalmasın. 

Axı insan quş deyil ki, ağacda yatsın. Hamının daldalanmağa bir damı olmalıdır...

Bəs nəticədə nə baş verir? Evsizlər, imkansızlar, az imkanı olanlar bu fürsətdən yararlana bilirlərmi?

Tanış bir gizir var. Azərbaycan ordusunun Bakıda yerləşən hərbi hissələrinin birində uzun illərdir qulluq edir. Bəlkə də 20 ilə yaxındır ki, kirayədə yaşayır. Mədəni çıxsın deyə “yaşayır” yazdım. Öz təbirincə desək, sürünür...

Sosial evlər layihəsi başlayanda ən çox sevinənlərdən biri də o idi. İnanırdı ki, nəhayət, kirayədən canı qurtaracaq, aylıq kirayəyə verdiyi pulu ödəyib öz evində yaşayacaq. MİDA-nın fəaliyyətə başladığı bu 4-5 ildə adam hər dəfə böyük ümidlərlə sosial ev almağa çalışır. Hər dəfə də ümidləri daşa dəyir, xəyalları param-parça olur, ailə-uşağın yanına yenə də başıaşağı qayıtmaq məcburiyyətində qalır.

MİDA ötən gün satışa çıxardığı 442 mənzillə lap gül vurdu. Suallar, iddialar, ittihamlar kifayət qədər çoxdur. Və bütün bu suallar hələ də açıq qalmaqdadır. Məncə heç bir suala cavab verilməyəcək. Birinci dəfə deyil, ki!.. 

İndiyə kimi hansı suala cavab tapılıb?! Məmurlarımız həqiqətləri gizlətmək üzrə ixtisaslaşmayıbmı? Kasıbın haqqına girən nə zaman hesabat vermək məcburiyyətində qalıb? MİDA rəhbərliyi ürək edib bir yüksək vəzifəli şəxsin maraqlarına toxunsun, o zaman görün, ondan necə hesab sorulacaq. Sosial evlər isə kasıb-kusublar üçündür, buna görə onlara “gözün üstə qaşın var” deyən olmayacaq. Düşüncə belədir. Təfəkkür, hadisələrə və daşıdığı vəzifəyə yanaşma belədir. Ona görə belədir ki, belə düşünənlərin ümumiyyətlə düşüncə qabiliyyəti, analiz təfəkkürləri yoxdur. Dövlətin bir qəpiyinə toxunan əvvəl-axır cavab verməli olur, olacaq. Bunu anlamırlar.

MİDA-nın 442 mənzili 4 saniyədə satması haqda xəbərdən sonra sosial şəbəkədə yazılan ittihamlar bunlardır:

  • Mənzillər əvvəlcədən satılıb, sadəcə online satış prosesi bir tamaşadır. O 4 saniyə içərisində nəticələr sayta yerləşdirilir və bitdi...
  • Həmin mənzillərin böyük əksəriyyəti maklerlər tərəfindən alınıb.
  • Online satışda kütləvi şəkildə botlardan istifadə edilib və peşəkar proqramçılar bir anda onlarla adam üçün ev almaq imkanı verən proqramlardan istifadə ediblər. Bunun üçün onlar ev almaq istəyən şəxslərdən 7 min manat xidmət haqqı götürürlər.
  • Online satış zamanı hakerlərdən istifadə edilib.

Və digər iddialar da var...

Bu iddialar təsdiq olunmasa da, bu saata qədər təkzib də edilməyib. İstənilən təkzib açıqlaması şübhələri ortadan qaldırmayacaq. Məncə, MİDA mənzil sahibi olan 442 nəfərin hər birinin adlı siyahısını açıqlamalıdır. Bu zaman prosesin üzərinə müəyyən qədər gün işığı düşə bilər.

Digər dövlət qurumlarının məsələyə müdaxiləsinə gəldikdə, bu o qədər də gözlənilən deyil. Onlar cari məsələlərlə məşğuldur, həmişəki kimi. Hərəkətə keçmələri üçün yuxarıdan tapşırıq gəlməlidir.

Yeganə yol qalır: ölkə başçısının məsələni nəzarətə götürməsi. Dövlətin milyonlarla vəsaiti hesabına başa gəlmiş bu böyük layihə ilə bağlı şübhələrin yaranması yolverilməzdir. Prezident hər zaman bildirir ki, o sosial şəbəkələri və medianı izləyir. Onun bu mövzu ilə bağlı cavabdeh şəxslərdən hesab soracağına əminəm. Çünki həmin cavabdehlər özlərini Prezidentdən başqa heç kimin qarşısında cavabdeh hesab etmirlər. 

İndi zəhmət çəkib cavab versinlər! 

Elnur Məmmədli


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!