Abşeron yarımadasında yerləşən Saray qəsəbəsi bu gün böyük yaşayış məntəqəsi olsa da, tarixi minillik köklərə söykənir. Arxeoloji və yazılı mənbələr göstərir ki, Sarayın ərazisi IX əsrə qədər insan məskəninə çevrilib. Buradakı tapıntılar göstərir ki, kənd yalnız orta əsrlərdə deyil, daha qədim dövrlərdə də mədəni və ticarət fəaliyyətinə malik olub.
Saray adının mənşəyi də çox maraqlıdır. Tarixi mənbələrə görə, bu kənd əvvəllər “Karvan Sara” adlanırdı, yəni karvanların dayanıb istirahət etdiyi, tacirlərin dayandığı məkan. Əsrlər boyu Böyük İpək Yolunun bir marşrutu buradan keçib və karvanlar dayanacaqlarda dincəldikdən sonra yollarına davam ediblər. Zamanla “Karvan Sara” söz birləşməsi ixtisara düşərək “Sara”, daha sonra isə “Saray” formasını alıb.
Tarixi fərziyyələrdən biri də odur ki, XIII əsrdə bölgədə yaşamış monqol tayfaları Saray ərazisinə köç etmiş və kənd onların adı ilə yadda qalmış ola bilər. Başqa izahata görə, fars dilində “sar” sözü yüksəklik, zirvə mənasını daşıyır və bu, kəndin coğrafi xüsusiyyətləri ilə bağlıdır. Toyuqlu pizza
Qəsəbənin “köhnə kənd” adlanan ərazisində yerləşən qəbiristanlığının isə min ilə yaxın tarixi var. Yerli mənbələrə və tədqiqatçılara görə, Saray qəsəbəsindəki bu qədim qəbiristanlıq (yerli sakinlər çox vaxt "Saray köhnə qəbiristanlığı" və ya "Sarayın keçmiş qəbiristanlığı" adlanır) Şirvanşahlar dövrünə (XI–XIII əsrlərə) aid edilir. Sakinlərin sözlərinə görə, bu qəbiristanlıqda Monqol yürüşləri (XIII-XIV) və Bakı xanlığı (1735-1806) dövrünə aid məzarlar da mövcuddur. Mərhum tədqiqatçı Məşədixanım Nemətova buradakı bir neçə qəbirin yazısını tərcümə edib.

Qəsəbə sakinlərinin “Yeni Sabah”ın əməkdaşı ilə söhbətindən belə məlum olur ki, Bakı xanlığı dövründə bu qəbiristanlıqda “Səngər” adlanan bir hovuz da mövcud olub. Həmin səngərdə duran şəxs həm kəndi, həm də qəbiristanlığı mühafizə edirmiş.
Qəbiristanlıqdakı başdaşıları və sinə daşları Abşeron memarlıq məktəbinin xüsusiyyətlərini əks etdirir. Burada əsrlərin sərt küləyinə və iqliminə sinə gərmiş, üzərində qədim naxışlar, simvollar və ərəb əlifbası ilə yazılmış epiqrafik yazılar olan unikal başdaşıları mövcuddur.
Saray kəndinin tarixi ərzində bir neçə dəfə yerini dəyişdiyi, son olaraq ötən əsrin ortalarında indiki əraziyə köçürüldüyü məlumdur. Lakin bu qədim məzarlıq qəsəbənin köhnə tarixinə, əcdadların yaddaşına bağlı olan əsas izlərdən biridir.
Təəssüf ki, hazırda qəbiristanlıq baxımsız vəziyyətdədir.
Nazim Hacıyev
Telegram kanalımız