Mərkəzi Seçki Komisisyası 2025-ci il üzrə ölkədə fəaliyyət göstərən siyasi partiyaların maliyyə hesabatlarını açıqlayıb.
Hesabata əsasən, rəsmi qeydiyyatı olan 26 siyasi partiyadan yalnız 11-i üzvlük haqqı yığa bilib.
“Yeni Sabah” bir sıra siyasi partiyaların “büdcə kəsiri”nin səbəbləini araşdırıb: pizza
Ağ Partiya başqanı Tural Abbaslı: “Partiyamızın üzv sayı 10 min nəfərdən bir az çoxdur. Bu baxımdan, ən dinamik partiya bizik. Üzvlük haqqı məsələsinə gəldikdə, “Siyasi partiyalar haqqında” Qanunda da qeyd olunub ki, partiyalar üzvlük haqqı yığmalı və ianə toplamalıdır. Lakin Azərbaycan reallığında üzvlük haqqı məsələsi azca fərqli başa düşülür.
Real yanaşsaq, hakim Yeni Azərbaycan Partiyası xaricində heç bir partiyada üzvlük haqqı yığılmır. Sadəcə hər bir partiyanın 40-50 nəfərlik fədakar üzvləri olur və adətən, bütün əziyyət onların üzərinə düşür. Ağ Partiyada da vəziyyət belədir”.
Respublikaçı Alternativ Partiyasının sədri Natiq Cəfərli: “ReAL Partiyasının 5400 civarında üzvü var. Dəqiq rəqəm demək çətindir, çünki üzvlərin sayı hər həftə dəyişir. Məsələn, elə dünən 2 nəfər yeni üzv qəbul etmişik.
Üzvlük haqqı ilə bağlı mövzuya gəlincə, bu sual bizə ünvanlanmalı deyil. Azərbaycanda yeni qəbul olunmuş qanun və qaydalara görə, üzvlük haqqı yığmaq həddən artıq çətinləşib. Hər bir üzv banka getməli, öz şəxsiyyət vəsiqəsi ilə üzvlük haqqını ödəməli və ödənilən vəsait 10 gün ərzində MSK-da yoxlanılmalıdır.
Çox çətin bir prosesdir. Dəfələrlə məsələni qaldırmışıq. Hətta müasir texnologiyalara uyğun olaraq, üzvlük haqqının virtual platforma vasitəsilə ödənilməsini təklif etmişik. Təəssüf ki, bu təkliflər hələlik qəbul olunmayıb. Qanunvericiliyə görə, parlamentdə təmsil olunan partiyalar dövlət yardımı alır. Bu gəlirlərin hesabatını qəpiyinə qədər verən bəlkə də yeganə partiya ReAL-dır. İstənilən şəxs MSK-nın saytına daxil olub həmin maliyyə hesabatının detalları ilə tanış ola bilər”.
Müsavat Partiyası başqanının müavini Razim Əmiraslanlı: “Müsavat Partiyasının 10 minlərlə rəsmi üzvü var. Onların bir hissəsini Ədliyyə Nazirliyinin reyestr xidmətinə təqdim etmişik. Hər il partiyaya yüzlərlə yeni üzv qəbul olunur. Təkcə ötən il Müsavat Partiyasına 100-ə yaxın yeni üzv qəbul olunub. Hazırda partiyanın 60-dan çox rayon təşkilatı var”.
Azərbaycan Milli İstiqlal Partiyası Mərkəzi Şurasının üzvü Əli Orucov: “Hazırda partiyanın Ədliyyə Nazirliyində qeydiyyata alınmış 5875 üzvü var. Onların 4982 nəfəri kişi, 893 nəfəri isə qadındır. Ötən ildən indiyədək 160 nəfər partiya sıralarına qoşulub. Onlardan 80 nəfər reyestrdən keçib 80 nəfər isə təəssübkeşdir. Ümumilikdə 40000 nəfərin üzvülük anketi saxlanılır”.
Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli: “Azərbaycanın müxtəlif bölgələrində yaşayan 21 400 üzvü öz ətrafında birləşdirən 34 illik tarixi olan siyasi təşkilatıq. Partiya üzvlərinin 7704 nəfərini (36%) qadınlar, 13 696 nəfərini (64%) isə kişilər təşkil edir. Təkcə 2025-ci il ərzində 350 yeni üzvün partiya sıralarına qoşulması VHP-yə olan marağın və ictimai etimadın davam etdiyini təsdiqləyir.
VHP-də üzvlük haqları əvvəllər müntəzəm şəkildə yığılsa da, 2013-cü ildən dövlət maliyyələşdirilməsi mexanizmi tətbiq edildikdən sonra bu praktika dayandırılıb. Hesab edirik ki, dövlət tərəfindən ayrılan maliyyə vəsaiti çox böyük məbləğ olmasa da, partiyanın fəaliyyətinin davamlı şəkildə təmin olunması üçün müəyyən imkanlar yaradır.
Digər tərəfdən, qüvvədə olan qanunvericiliyə əsasən, hər bir üzv üzvlük haqqını şəxsən bank vasitəsilə köçürməlidir. Bu prosedur müəyyən çətinliklər yaratdığından və üzvlər üçün əlavə vaxt tələb etdiyindən, üzvlük haqlarının toplanması praktikada geniş tətbiq olunmur”.
Xatırlatma: Müasir Müsavat, Ümid Partiyası,Gələcək Azərbaycan Partiyası, ADP və AXCP MSK-ya maliyyə hesabatı təqdim etməyib.
Ən çox üzvlük haqqını Yeni Azərbaycan Partiyası (YAP) toplayıb. YAP-ın gəliri 47 milyon 478 min olub. Partiyanın ötən il üzvlük haqlarından əldə etdiyi gəlir 33 milyon 936 min 225 manat olub. Bu göstərici əvvəlki ildə 31 milyon 387 min 950 manat idi.
Haqq-Ədalət Partiyasının keçən ilki gəliri 3413 manat olub. HƏP 1323 manat üzvlük haqqı yığıb, dövlətdən 2090 manat yardım alıb.
Ağ Partiyanın ötən il gəliri 22675 manat olub. Bunun 21min 500 manatı üzvlük haqqı, 1175 manatı dövlət dəstəyidir.
ƏHD Partiyası da ötən ilki gəliri 338724 manat olub.
Böyük Quruluş Partiyası da ötən il gəliri 305146 manat olub. KXCP-nin üzvlük haqqından gəliri 10431 manat olub. 50 manat dövlət yardımı verilib.
Azərbaycan Xalq Partiyasının illik gəliri 3195 manat olub. 850 manat dövlət yardımı alıb.
Nazim Hacıyev
Telegram kanalımız