Qalıcı dırnaq boyası və protez dırnaqdan istifadə edənlərə xəbərdarlıq edilib.
“Yeni Sabah” xəbər verir ki, Akdeniz Universitetinin Tibb fakültəsinin Dermatologiya və Zöhrəvi Xəstəliklər kafedrasının professoru Ayşə Akman bu kosmetik prosedurların yarada biləcəyi risklər barədə danışıb. Mütəxəssis xüsusilə prosedur zamanı dırnaqları bərkitmək üçün istifadə olunan quruducu cihazların yaydığı işığın dəriyə təsirlərinə diqqət çəkib.
Professorun sözlərinə görə, bəzi cihazlarda ultrabənövşəyi şüalara bənzər dalğa uzunluqları ola bilər. Bu işıqlar dərinin vaxtından əvvəl qocalmasına və uzunmüddətli perspektivdə dəri xərçəngi riskinin artmasına səbəb ola bilər. O, proseduru tez-tez etdirən şəxslərə qoruyucu tədbirlər görməyi tövsiyə edib: Pepperoni pizza
“Prosedur zamanı dırnaqları açıqda saxlayan, barmaqları kəsilmiş əlcəklərdən istifadə etmək və ya əllərə günəşdən qoruyucu krem çəkmək olar”.
Ayşə Akman qalıcı dırnaq boyası və protez dırnağın dırnaq sağlamlığına da təsir göstərə biləcəyini bildirib. Onun sözlərinə görə, dırnağın üzərinə çəkilən qalın qatlar dırnaq altındakı toxumaların müayinəsini çətinləşdirir. Bu isə bəzi xəstəliklərin gec aşkarlanmasına səbəb ola bilər.
Mütəxəssis bu cür prosedurların dırnaq strukturunda zədələnmə, göbələk infeksiyası və qalıcı deformasiya yarada biləcəyini də qeyd edib.
Bundan başqa, kosmetik məhsulların tərkibindəki kimyəvi maddələrin allergik reaksiyalara səbəb ola biləcəyi vurğulanıb. Bu risk yalnız istifadəçilərlə məhdudlaşmır. Prosedurları həyata keçirən bərbər və dırnaq ustalarının da həmin maddələrlə tez-tez təmas səbəbindən allergiya ilə üzləşə biləcəyi bildirilib.
Professorun sözlərinə görə, adi dırnaq boyası belə göz qapağı kimi həssas nahiyələrdə təmas allergiyasına səbəb ola bilər. Allergiyanın hansı kimyəvi maddədən qaynaqlandığını müəyyənləşdirmək üçün dermatoloqlar tərəfindən xüsusi allergiya testlərindən istifadə olunur.
Mütəxəssis dırnaqlarda rəng və ya forma dəyişikliyi müşahidə edən şəxslərə vaxt itirmədən dermatoloqa müraciət etməyi tövsiyə edib.
Ayşə Akman makiyaj məhsullarının seçiminə də diqqət çəkərək, keyfiyyətsiz və uyğun olmayan tərkibli kosmetik vasitələrin müxtəlif dermatoloji problemlərə səbəb ola biləcəyini bildirib. O, kosmetik məhsulların etibarlı mənbələrdən, o cümlədən apteklərdən alınmasının vacibliyini vurğulayıb.
Aydan Hacı
Telegram kanalımız