Qəhvə çöküntüsünü yola tökdülər – Nəticə təəccübləndirir

saytların hazırlanması

Evə çatdırılma

Qəhvə çöküntüsünü yola tökdülər – Nəticə təəccübləndirir

Dünya

30 Sentyabr 2026 08:03 85


Qəhvə içəndən sonra zibilə atdığımız çöküntünün bu qədər işə yarayacağını yəqin ki, çox adam düşünməzdi. Avstraliyada alimlər qəhvə çöküntüsündən beton hazırlayaraq onu yollarda sınaqdan keçiriblər.

“Yeni Sabah” xəbər verir ki, RMIT Universitetinin tədqiqatçıları tullantıya çevrilən qəhvə çöküntüsünü xüsusi üsulla emal edərək tikintidə istifadə olunan materiala çeviriblər. Adi halda qəhvə çöküntüsünü birbaşa betona əlavə etmək mümkün deyil. Çünki onun tərkibindəki üzvi maddələr sementin bərkiməsinə mane olur. Alimlər bu problemi həll etmək üçün qəhvə çöküntüsünü oksigensiz mühitdə 350 dərəcəyə qədər qızdırıblar. Nəticədə “biokömür” adlanan məsaməli material əldə olunub. Daha sonra bu material beton hazırlanarkən istifadə olunan təbii qumun 15 faizini əvəz edib. Aparılan sınaqlarda qəhvə çöküntüsündən alınan biokömürün betonun sıxılmaya davamlılığını 29,3 faiz artırdığı müəyyənləşib.

Maraqlıdır ki, temperaturun düzgün seçilməsi nəticəyə ciddi təsir edib. Çöküntü 350 dərəcədə emal ediləndə beton daha möhkəm olub. Lakin temperatur 500 dərəcəyə qaldırıldıqda eyni nəticə əldə edilməyib. Tədqiqatçılar yüksək temperaturun materialın daxilində xırda çatlar yaratdığını və bunun da onun quruluşunu zəiflətdiyini bildiriblər. Dördpendirli pizza

Hazırlanan qəhvə qatılmış beton artıq laboratoriyada qalmayıb. Avstraliyanın Viktoriya ştatında yerləşən Gisborne şəhərində piyada yolunda və Pakenham ərazisində yol yenilənməsi layihəsində istifadə olunub. Yalnız Pakenhamdakı layihə üçün 5 ton qəhvə çöküntüsü toplanıb. Bundan 2 ton biokömür hazırlanaraq 30 kubmetr betona əlavə edilib.

Mütəxəssislərin hesablamalarına görə, təkcə Avstraliyada hər il təxminən 75 milyon kiloqram qəhvə çöküntüsü zibilxanalara atılır. Yeni üsul bu tullantının azaldılmasına kömək etməklə yanaşı, beton istehsalında istifadə olunan təbii quma olan tələbatı da azaltmaq məqsədi daşıyır. Bu isə çaylardan və sahilyanı ərazilərdən qum çıxarılmasının azalmasına imkan verə bilər.

Əsmətxanım Rzazadə 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!