İstənilən ölkədə əhalinin maddi durumunu ölçmək üçün tətbiq olunan əsas indikatorlardan biri vətəndaşların aylıq xərclərində ərzağa ayırdığı vəsaitin payıdır.
“Yeni Sabah” xəbər verir ki, bu fikirləri iqtisadçı Natiq Cəfərli şəxsi facebook səhifəsində bildirib. Onun sözlərinə görə, iqtisadi qaydalara əsasən, ərzaq xərclərinin ümumi xərclərdəki xüsusi çəkisi nə qədər çoxdursa, vətəndaşın maddi rifahı bir o qədər aşağı hesab olunur:
“Beynəlxalq müqayisələr göstərir ki, Azərbaycanda əhali aylıq xərclərinin 50 faizə yaxınını sırf qidaya sərf edir. Halbuki bu rəqəm qonşu Gürcüstanda 38,7 faiz, Ermənistanda isə 40,7 faiz təşkil edir. Avropa Birliyinin ən kasıb ölkəsi sayılan Bolqarıstanda əhali gəlirinin 29,3 faizini, ittifaqın varlı ölkələrindən olan Almaniyada isə cəmi 14 faizini ərzağa yönəldir. Amerika Birləşmiş Ştatlarında bu göstərici 13 faiz səviyyəsindədir. Onlayn mağaza
Ölkədəki real sosial-iqtisadi mənzərəni görmək üçün cari ilin rəsmi ticarət statistikasına nəzər salmaq kifayətdir. Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılara ümumilikdə 57 milyard 523,4 milyon manatlıq məhsul satılıb. Həmin məbləğin 28 milyard 677,3 milyon manatı sırf ərzaq məhsullarının, 1 milyard 560,4 milyon manatı isə dərman vasitələrinin alınmasına xərclənib. Bu rəqəmlər onu deməyə əsas verir ki, ölkəmizdə əhali aylıq xərclərinin 53-55 faizini yalnız ərzaq və dərmana verir ki, bu da birbaşa kasıblıq göstəricisi sayılır”.
İqtisadçı qeyd edib ki, mövcud vəziyyət iqtisadi siyasətdəki prioritetlərin düzgün müəyyənləşdirilməsi məsələsini gündəmə gətirir:
“Hökumətin əsas hədəfi vətəndaşların varlanması və gəlirlərinin artması olmalıdır, çünki əhalinin alıcılıq qabiliyyəti yüksəldikcə dövlət büdcəsinə də vergi və rüsumlar şəklində daha çox vəsait daxil olur. Lakin hazırda əsas məqsədin birbaşa büdcəyə daha çox vəsait cəlb etmək üzərində qurulması yanlış yanaşma kimi qiymətləndirilir. Bu cür siyasət əhalini daha da kasıblaşdırmaqla yanaşı, iqtisadi artımı zəiflədir və ölkəni ÜDM artım tempinə görə MDB məkanında sonuncu yerlərdən birinə sürükləyir”.
Cəlalə Cəlalqızı
Telegram kanalımız