“Əslində, Ukraynanın Krımı bir göz qırpımında ələ keçirməsi üçün Ukrayna əsgərin ayağı o torpağa dəyməlidir”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında ehtiyatda olan polkovnik-leytenant Elxan Şıxəliyev deyib.
O, son günlər Ukrayna Silahlı Qüvvələri tərəfindən Krım istiqamətində intensivləşən raket hücumlarının əsas səbəblərini, habelə Ukraynanın Krımı yenidən nəzarətə götürə biləcəyi ilə bağlı xəbərləri şərh edib. Pepperoni pizza
Hərbi ekspert deyib ki, burada tərəflər daha çox psixoloji müharibə aparır və bu, məsafədən müharibədir:
“Xatırladım ki, ABŞ və onun tərəfdaşları HIMARS (High Mobility Artillery Rocket Systems) silahları və ATACAMS raketlərini Ukraynaya servis etməmişdən əvvəl ABŞ-ın özü buna tərəddüd edirdi. Çünki HIMARS sistemində 2 cür raketlər var: Biri 80 km-dək, o biri isə 300 km-dək uçan raketlərdir. ATACAMS raketi isə həmin HIMARS yaylım-atəş raket sisteminin bir raketidir və o 300 km-ə qədər uça bilir. Ondan sonrakı mərhələdə görünür, artıq ABŞ bu silahları Ukraynaya servis etməmək qadağasını qaldırıb. Buna görə də ukraynalılar HIMARS-la Krıma zərbələr endirə bilirlər”.
E. Şıxəliyev əlavə edib ki, Rusiya üçün ən problemli məsələ isə odur ki, Rusiyanın S-300, S-400 raket sistemləri HIMARS-ların qarşısını ala bilmir:
“Ona görə də Rusiya ilhaq etdiyi ərazilərin hava hücumundan müdafiəsini təşkil etməkdə çətinlik çəkir. Bunu da təşkil edə bilmirsə, sözsüz ki, bu ziyanı oradakı əhali görür. Əhali isə artıq anlayıb ki, Rusiya nə qədər əraziləri nəzarətə götürsə də, mülki əhalinin təhlükəsizliyini təmin edə bilmir. Belə olan halda da mülki əhali əraziləri tərk edəcək. Əraziləri tərk etmələri də o anlama gəlir ki, o insanlar artıq Rusiyaya ümidsizlik bəsləyəcəklər”.
Hərbi analtikin sözlərinə görə, belə olan halda da yüksəkdəqiqlikli raket sistemlərinə malik olan Ukrayna ordusu bu müharibənin gedişatını yeni mərhələyə daşıdı:
“Yeni mərhələ isə o deməkdir ki, məsafədən aparılan müharibədə savaşın gedişatını artıq Ukrayna müəyyən edir. Ukrayna da ilkin mərhələdə psixoloji müharibə aparacaq. Psixoloji müharibədə isə onlar ən azından 300 km-ə qədər dərinlikdə olan Rusiyaya məxsus maddi-texniki bazaların, eləcə də hərbi aeorodromların məhv edilməsi yönündə çalışacaqlar. Bununla da Ukrayna ordusu Rusiyaya o mesajı verəcək ki, “siz buranı nəzarətə götürsəniz belə, bu ərazilər təhlükə altında saxlanılacaq”. Lakin mən Ukraynanın hələki həmin əraziləri tam nəzarətə götürməsinə inanmıram. Əgər Rusiya tərəfi qərar versə ki, silahlı qüvvələr o ərazilərdən geri çəkilsin, onda bu məsələ həll oluna bilər”.
Sonda müsahibimiz bəyan edib ki, həmin ərazilər praktiki olaraq Rusiyanın nəzarəti altında olsa belə, Ukrayna tərəfindən təhlükələr hələ də mövcuddur:
“Ukrayna isə bu təhlükəni daha da artıra bilər. Bu gün Krımla başlayıblarsa, sabah Donetsk, Luqansk, Xerson və digər ərazilərdə də eynisini həyata keçirəcəklər. Bu da müharibə üçün böyük qırılma nöqtəsidir. Çünki əvvəllər Rusiya “haranı ələ keçirə bilərik” düşüncəsində idisə, hazırda “haranı qoruya bilərik” düşüncəsindədir. Ona görə də Ukrayna mühüm əhəmiyyət kəsb edən obyektlərə zərbələr vurmağa davam etdikcə, Rusiya siyasi hərbi rəhbərliyi bu yöndə mühüm qərar verə bilər ki, müharibəni hansı mərhələdə dayandırmaq faydalı ola bilər. Amma Ukrayna sona qədər öz ərazilərini işğaldan azad etmək yönündə mücadiləsini ortaya qoyacaq. Lakin burada yorucu bir müharibə gedir və tərəflər bir-birilərini yormaqla məşğuldurlar. Ona görə də kimin qələbə çalacağı zamana bağlı bir məsələdir”.
Rafi MÜSLÜMOV
Telegram kanalımız