Siqaretdən daha təhlükəli asılılıq – Psixoloq xəbərdarlıq etdi

saytların hazırlanması

Evə çatdırılma

Siqaretdən daha təhlükəli asılılıq – Psixoloq xəbərdarlıq etdi

Sağlamlıq

06 Oktyabr 2026 11:19 307


“Snus nikotin tərkibli bir məhsuldur. Adətən üst dodağın altına qoyulur və nikotin ağızdan bədənə keçir. Siqaret kimi yandırılmır və tüstüsü olmur. Bəzi futbolçular bundan özlərini daha ayıq hiss etmək, diqqəti toplamaq və gərginliyi azaltmaq üçün istifadə edirlər. Xüsusilə oyun qabağı stress, həyəcan və təzyiq çox olanda buna müraciət edənlər olur”.

Bu sözləri “Yeni Sabah”a açıqlamasında Psixologiya üzrə fəlsəfə doktoru Ramin Allahverdiyev deyib. O bildirib ki, snusdan asılılıq olduqca təhlükəlidir:

“Burada psixoloji tərəf də vacibdir. İnsan bir müddət sonra düşünə bilər ki, snus istifadə edəndə daha rahat olur və ya daha yaxşı fokuslanır. Bu təkrarlandıqca vərdişə çevrilə bilər. Sonra da stress yarananda insan avtomatik olaraq yenə həmin məhsula əl atır. Problem də məhz buradan başlayır. Əsas məsələ nikotindir. Nikotin asılılıq yaradır. Ürək döyüntüsünü sürətləndirə, qan təzyiqini yüksəldə bilər. Bəzi insanlarda başgicəllənmə, ürəkbulanma, baş ağrısı və narahatlıq da yarana bilər. Uzun müddət istifadə ağız boşluğu və diş ətində də problemlərə səbəb ola bilər. Psixoloji tərəfdən isə insanın nikotinə ehtiyacı arta bilər. İstifadə etməyəndə əsəbi ola bilər, gərginlik hiss edə bilər, diqqətini toplamaq çətinləşə bilər. Belə bir dövr yaranır: insan özünü gərgin hiss edir, snus istifadə edir və bir qədər rahatlaşır. Beyin də bunu rahatlama yolu kimi yadda saxlayır. Növbəti dəfə stress yarananda yenə eyni davranış təkrarlanır. Asılılıq da bu şəkildə güclənə bilər”. Dominos pizza

Narkoloq əlavə edib ki, snusda tüstü yoxdur, amma bu onun zərərsiz olması demək deyil:

“Snusla siqaret eyni deyil. Siqaretdə tütün yanır və tüstü birbaşa ağciyərlərə daxil olur. Hər ikisi ümumi sağlamlıq baxımından təhlükəli hesab olunur. Snusda tüstü yoxdur, amma bu, onun zərərsiz olması demək deyil. Nikotin yenə də bədənə daxil olur və asılılıq yarada bilir. Psixoloji baxımdan isə belə bir risk var ki, insan siqareti buraxır, amma nikotindən uzaqlaşmır. Sadəcə istifadə etdiyi məhsul dəyişir. Asılılıq isə davam edir. Ona görə mən snusu siqaretin sağlam əvəzi kimi qiymətləndirməzdim. Siqaret çəkməyən bir insanın snusa başlamasının heç bir sağlamlıq üstünlüyü yoxdur. Siqareti buraxmaq istəyən insan üçün əsas məqsəd yalnız məhsulu dəyişmək yox, nikotin asılılığını da azaltmaq olmalıdır”.

R.Allahverdiyev sonda futbolçulara müəyyən tövsiyələr verib:

“Mən xüsusilə futbolçulara tövsiyə edərdim ki, snusu stressi azaltmaq və ya diqqəti artırmaq üçün bir vasitə kimi görməsinlər. Dünya futbolunda da artıq bu məsələyə yalnız zərərli vərdiş kimi yox, futbolçunun psixoloji sağlamlığı və asılılıq riski baxımından yanaşılır. Məsələn, İngiltərə futbolunda bu mövzu ilə bağlı araşdırmalar aparılıb və yanaşma ondan ibarətdir ki, futbolçunu sadəcə qınamaq yox, onu məlumatlandırmaq və ehtiyac varsa psixoloji dəstək göstərmək lazımdır.Futbolçu üçün daha sağlam yol stressi nəfəs və rahatlama texnikaları, diqqət məşqləri və idman psixoloqu ilə iş vasitəsilə idarə etməkdir. Çünki məqsəd yalnız bir vərdişi dayandırmaq deyil, insanın stresslə daha sağlam şəkildə baş etməsini öyrənməsidir”.

Qeyd edək ki, Azərbaycan millisinin yarımmüdafiəçi Rəhim Sadıxovun görüntüləri sosial mediada böyük rezonans doğurub. Bu kadrlar yerli futbolda son zamanlar kəskin tənqid olunan zərərli vərdişlər mövzusunu yenidən gündəmə gətirib. Xatırladaq ki, bir müddət öncə "Neftçi" klubunun həkimi Rəhim Məhərrəmov ölkə futbolundakı ən böyük təhlükənin məhz "snus" adlanan tüstüsüz tütün məmulatı olduğunu bəyan etmişdi.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!