İnsan əsəbiləşəndə ağzından çıxan ilk söz bəzən heç də təsadüfi olmur. Maraqlıdır ki, gündəlik həyatda kobud və arzuolunmaz dil kimi qəbul edilən söyüşlərin insan orqanizminə müəyyən təsirləri ola bilər. Alimlərin apardığı bəzi araşdırmalar göstərib ki, insanın əsəbi və ya ağrılı anlarda söyüş söyməsi ağrıya dözümlülüyü artıra, stressi azalda və emosional gərginliyi müəyyən qədər yüngülləşdirə bilər.
“Yeni Sabah” xəbər verir ki, söyüşlü ifadələrin insan davranışına və fiziki reaksiyalarına təsiri müxtəlif elmi araşdırmalarda öyrənilib.
Araşdırmalardan birində iştirakçılardan əllərini buz kimi soyuq suya salmaları istənilib. Onlardan bir qismi ağrı zamanı söyüş söyüb, digərləri isə neytral sözlər işlədib. Nəticədə söyüş istifadə edən iştirakçıların ağrıya daha uzun müddət dözdüyü və ağrı hissini daha zəif ifadə etdiyi müəyyənləşdirilib. Dördpendirli pizza
Tədqiqatçılar bunun emosional reaksiyanın bədəndə yaratdığı fizioloji dəyişikliklərlə bağlı ola biləcəyini düşünürlər. Güclü emosional ifadə zamanı ürək döyüntüsü və oyanıqlıq arta, insan isə ağrıya qarşı daha dözümlü vəziyyətə keçə bilər.
Söyüşün təsiri yalnız fiziki ağrı ilə məhdudlaşmır. Bəzi araşdırmalara görə, insan gərgin və emosional vəziyyətdə hisslərini sərt ifadələrlə dilə gətirdikdə müəyyən psixoloji rahatlama da yaşaya bilər. Başqa sözlə, söyüş bəzən yığılan emosional gərginliyin xaricə çıxarılması vasitəsinə çevrilir.
Maraqlı məqam odur ki, söyüşlü ifadələr sosial münasibətlərdə də fərqli rol oynaya bilər. Yaxın dostlar arasında qarşı tərəfin bunu təhqir kimi qəbul etmədiyi hallarda belə ifadələr qeyri-rəsmi ünsiyyətin bir hissəsinə çevrilə və insanlar arasında yaxınlıq hissini gücləndirə bilər.
Lakin mütəxəssislər bunu söyüşün hər vəziyyətdə faydalı olduğu kimi başa düşməməyi tövsiyə edirlər. İfadələrin kimə, harada və hansı məqsədlə deyilməsi mühüm əhəmiyyət daşıyır. Həddindən artıq və aqressiv formada söyüşdən istifadə sosial münasibətlərə zərər verə, konfliktləri artıra və qarşı tərəfdə mənfi emosiyalar yarada bilər.
Əsmətxanım Rzazadə
Telegram kanalımız